3 hüquqi şəxs barəsində cinayət işi başlandı


Digərləri 01 Mar 2018 17:39:00 249 0

3 hüquqi şəxs barəsində cinayət işi başlandı

Əmək müqavilələri olmadan işçiləri işə cəlb edən 3 hüquqi şəxs barəsində cinayət işi başlanıb.

Baş Prokurorluqdan Son.az-a verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən digər dövlət qurumları ilə əlaqəli şəkildə ölkə vətəndaşlarının hüquqlarının qorunması, tikinti sektorunda qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması, bu sahədə qanunvericiliyin tələblərinə dönmədən riayət edilməsinin təmin edilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikinti sektorunda aparılmış monitorinqlər nəticəsində əmək müqavilələri olmadan işçilərin işə cəlb edilmələri faktları ilə bağlı 19 hüquqi və 3 fiziki şəxs barəsində həmin Agentlikdən daxil olmuş 18 material Baş İdarədə araşdırılıb.

Aparılmış araşdırmalar nəticəsində 3 hüquqi şəxs barəsində Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri cinayət işləri başlanıb. "İ.N.V." MMC-nin vəzifəli şəxsləri barəsində istintaq edilən cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün aidiyyəti məhkəməyə göndərilib, digər iki hüquqi şəxs barəsində başlanmış cinayət işləri üzrə istintaq yekunlaşmaq üzrədir.