"Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması dövlət başçısının özəl sektorun inkişafına diqqət və qayğısının daha bir təzahürüdür"


Digərləri 01 Mar 2018 16:40:00 289 0

"Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması dövlət başçısının özəl sektorun inkişafına diqqət və qayğısının daha bir təzahürüdür"

Məlum olduğu kimi, Azərbaycan Prezidentinin 28 dekabr 2017-ci il tarixli fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb. Son.az bildirir ki, İqtisadiyyat naziri Şahin Mustafayev Trend-in yeni Agentliyin fəaliyyət istiqamətləri, sahibkarlığın inkişafında rolu barədə suallarını cavablandırıb.

- Bu qurumun yaradılması hansı zərurətdən irəli gəlir?

- Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkəmizdə sahibkarlığın genişləndirilməsi və iqtisadiyyatda rolunun artırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması tədbirləri sistemli və ardıcıl olaraq davam etdirilir. Özəl sektorun dəstəklənməsi, sahibkarların hüquq və mənafelərinin qorunması sahəsində yeni iqtisadi şəraitə uyğun islahatlar həyata keçirilir, bu sahənin inkişafı üçün beynəlxalq təcrübə nəzərə alınmaqla müasir çağırışlara cavab verən mexanizmlər tətbiq edilir. Ötən dövr ərzində sahibkarlığa dövlət dəstəyi tədbirləri nəticəsində sahibkarlıq subyektlərinin sayı son 15 il ərzində 4,3 dəfə artıb, Ümumi Daxili Məhsulda özəl sektorun xüsusi çəkisi 80%-i, məşğulluqda payı isə 75%-i ötüb.

Əldə edilmiş uğurların davamlılığının təmin olunması sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsini, sahibkarlara, xüsusilə də kiçik və orta sahibkarlara (KOS-lara) göstərilən texniki, maliyyə, hüquqi, metodiki və s. xidmətlərin əhatə dairəsinin genişləndirilməsini, keyfiyyət səviyyəsinin daha da artırılmasını zəruri edir, bu sahədə institusional yanaşmanı şərtləndirir.

Bütün bunları, eləcə də Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə müəyyən edilmiş hədəfləri nəzərə alaraq, Azərbaycan Prezidenti "Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında" 28 dekabr 2017-ci il tarixli fərman imzalayıb. Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb.

Bu sahədə təkliflər hazırlanarkən sahibkarlığın inkişafı və tənzimlənməsi sahəsində beynəlxalq təcrübədə tətbiq olunan mütərəqqi idarəçilik təcrübəsi araşdırılıb. Belə ki, bir sıra inkişaf etmiş ölkələrdə sahibkarlığın, xüsusilə KOS-ların inkişafı məqsədilə investisiyaların, müasir texnologiyaların, qabaqcıl idarəetmə təcrübəsinin və dövlət tənzimləmə mexanizmlərinin tətbiqinə, yüksək keyfiyyətli, rəqabət qabiliyyətli və ixracyönümlü məhsulların istehsalının stimullaşdırılmasına, sahibkarlıq subyektlərinə informasiya, hüquqi və iqtisadi məsləhət xidmətlərinin göstərilməsi və onların dövlət təşkilatları, yerli və xarici tərəfdaşlarla səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasına yardım göstərən müvafiq təsisatlar fəaliyyət göstərir.

Azərbaycanda özəl bölmənin inkişafında xüsusi rolu olacaq Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması dövlət başçısının özəl sektorun, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına verdiyi böyük önəmin, göstərdiyi davamlı diqqət və qayğının daha bir təzahürüdür.

- Agentliyin əsas fəaliyyət istiqamətləri barədə məlumat verməyinizi xahiş edirik.

- Azərbaycan Prezidentinin fərmanı ilə Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi qarşısında qoyulan əsas vəzifə ölkədə KOS-ların iqtisadiyyatda rolunun və əhəmiyyətinin, rəqabətqabiliyyətliliyinin artırılması, inkişafının dəstəklənməsi, KOS-lara xidmətlərin göstərilməsi, dövlət orqanları və təşkilatlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsi, KOS sferasında dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, dövlət dəstəyi sahəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiq edilməsidir.

Dövlət başçının müəyyənləşdirdiyi vəzifələrə uyğun olaraq, Agentlik KOS-lara dəstək infrastrukturunun inkişafına köməklik göstərməli, KOS-ların dəstəklənməsi məqsədilə yerli, xarici və beynəlxalq təşkilatların maliyyə vəsaitlərinin cəlb edilməsi, məqsədli proqramların hazırlanmasını və icrasının təşkilini təmin etməlidir.

Agentliyin daha bir fəaliyyət istiqaməti KOS-lara təlim-tədris, məsləhət, innovasiya, hüquq, maliyyə xidmətlərinə, həmçinin kadr və informasiya-kommunikasiya resurslarına çıxış, marketinq və satışa dəstək, layihələrin idarə olunması, korporativ idarəetmə və s. digər bu kimi beynəlxalq təcrübədə tətbiq edilən kommunikativ mexanizmlərin, eləcə də dövlət orqanları və təşkilatları tərəfindən göstərilən xidmətlərin vahid məkanda - KOS evlərində təşkili, sahibkarlara göstərilən dövlət xidmətlərinin elektronlaşdırılmasıdır. Bütün bu kommunikasiya və xidmətlər sahibkar məmnunluğunu təmin etməklə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun həyata keçiriləcək.