Azərbaycanlı diplomat BMT-nin İnsan Hüquqları Şurasında Edvard Nalbandiyana cavab verib


Siyasət 01 Mar 2018 16:12:00 246 0

Azərbaycanlı diplomat BMT-nin İnsan Hüquqları Şurasında Edvard Nalbandiyana cavab verib

Yalçın Rəfiyev: "Bütün dövlətləri Azərbaycanın qaçqın və məcburi köçkünlərinin hüquqlarının bərpasına dəstək verməyə çağırırıq"

"Təəssüf ki, beynəlxalq ictimaiyyət Azərbaycanın 1 milyondan artıq qaçqın və məcburi köçkünlərinin hüquqlarının kobud şəkildə pozulmasını illərdir sükutla izləyir. Bununla əlaqədar, mən hazırkı qeydlərimi məşhur bir yazıçıdan sitat gətirmək vasitəsilə beynəlxalq ictimaiyyətə müraciətlə bitirmək istərdim: “Əgər bir haqsızlıq görürsənsə onu görməyə bilmərsən və əgər bu haqsızlığı görüb ona münasibət bildirmirsənsə bu sükut həmin haqsızlıq barədə danışmaq qədər siyasi bir əməldir”. Biz bütün dövlətləri Azərbaycanın qaçqın və məcburi köçkünlərinin üzləşdiyi haqsızlıqlara sükutla yanaşmamağa və onların hüquqlarının bərpasına dəstək verməyə çağırırıq".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Cenevrədə yerləşən beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin birinci katibi Yalçın Rəfiyev deyib. 

Ermənistanın xarici işlər naziri Edvard Nalbandiyanın BMT-nin İnsan Hüquqları Şurasının yüksək səviyyəli seqmentində etdiyi çıxışa cavab hüququndan istifadə edən Y.Rəfiyev bildirib: "Azərbaycan tərəfi bununla Ermənistan Respublikasının xarici işlər naziri tərəfindən dünən İnsan Hüquqları Şurasının yüksək səviyyəli seqmenti çərçivəsində edilən çıxışa münasibətdə cavab hüququndan istifadə etmək istəyir. 

Yüksək səviyyəli seqmentin başlanğıcından etibarən biz müxtəlif dövlətlərin yüksək vəzifəli nümayəndələri tərəfindən öz ölkələrində insan hüquqlarının qorunması sahəsində əldə edilən nailiyyətlər barədə həvəslə danışmaqlarını izləyirik. Ermənistanın xarici işlər naziri isə dünənki çıxışının əksər hissəsini öz ölkəsi əvəzinə Azərbaycana həsr etmişdir. Buradan belə bir qənaətə gəlmək mümkündür ki, Ermənistan naziri öz ölkəsində insan hüquqlarının təşviqi və qorunması sahəsində Şura ilə bölüşməyə dəyər bir yenilik tapa bilməmişdir. Bunun əvəzinə o, çıxışını Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı təkzibolunmaz dəlilləri inkar etməyə, Xocalıda törədilmiş insanlıq əleyhinə cinayətləri təkzib etməyə və Azərbaycanın müstəqillik qazanmasından əvvəlki dövrdə baş verən faciəvi hadisələrlə bağlı yersiz ittihamlarla mənim ölkəmə hücum etməyə həsr etmişdir.

Ölçüyəgəlməz sayda mövcud olan təkzibolunmaz dəlillər sübut edir ki, Ermənistan Azərbaycana qarşı müharibəni başlatmış, Azərbaycana hücum etməklə Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlar daxil olmaqla onun ərazilərini işğal etmiş, kütləvi surətdə etnik təmizləmə həyata keçirmiş və işğal olunmuş ərazilərdə etnik separatçı qurum yaratmışdır. Müharibənin gedişində Ermənistanın hərbi rəhbərliyi tərəfindən mülki Azərbaycan əhalisinə qarşı ən qəddar beynəlxalq cinayətlər törədilmişdir".

Diplomat vurğulayıb ki, E.Nalbandiyan dünənki çıxışı zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən və artıq 26 ildir Ermənistanın işğalı altında olan Xocalı rayonunun adını çəkib: "İcazə verin 1992-ci ildə Xocalıda nə baş verdiyi barədə iştirakçıları məlumatlandırım. Həmin il 25 fevral tarixindən 26 fevrala keçən gecə Xocalının günahsız mülki sakinləri Ermənistan hərbi qüvvələri tərəfindən bəşəriyyət tarixinin indiyə qədər görmüş olduğu ən qəddar vəhşiliklərdən birinə və müharibə cinayətlərinə məruz qalmışdır. Nəticədə qadınlar, uşaqlar və yaşlılar daxil olmaqla 613 azərbaycanlı qətlə yetirilmişdir. Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan Xocalıda törədilən soyqırımda şəxsən iştirak edərək vəhşilikləri törədən qüvvələrə komandanlıq etmişdir. Bu məqamda prezident Sarkisyanın 2003-cü ildə Böyük Britaniyadan olan jurnalist Tomas de Vaala müsahibəsini xatırlarmaq istərdim. Müsahibədə Sarkisyan Xocalı soyqırımını belə xatırlamışdır: “Xocalıdan əvvəl azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki insanlara əl qaldıra bilməzlər. Amma biz bu stereotipi sındıra bildik”. Bu cümlələrlə Ermənistan prezidenti əslində Azərbaycan tərəfinin müharibə şəraitində olsa belə beynəlxalq humanitar hüquq çərçivəsində qarşı tərəfdən sadəlövh gözləntilərini və sonradan bu gözləntilərdə necə yanıla bildiyini çox gözəl təsvir etmişdir.

Ermənistan naziri çıxışında həmçinin BMT qurumlarının Dağlıq Qarabağ bölgəsində insan hüquqlarının vəziyyətini qiymətləndirmək üçün əraziyə səfər etməsinin zəruri olduğunu ifadə etmişdir. Bu xüsusda, Ermənistan xarici işlər nazirinə xatırlatmaq istərdim ki, məhz onun ölkəsi tərəfindən həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüquqları kobud şəkildə pozulmuş əhalisinin 1 nəfər belə nümayəndəsi hazırda həmin ərazidə yaşamır. Onlar məcburi köçkün qismində Azərbaycanın işğal altında olmayan digər şəhərlərində yaşayır. Əgər BMT qurumları Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar insan hüquqları pozuntularını qiymətləndirmək niyyətində olsalar onlar Azərbaycanın məcburi köçkünlərinin vəziyyətini öyrənmək üçün Azərbaycana gələ bilərlər.

Ermənistan nazirinin Sumqayıtda baş verən faciəvi hadisələrlə əlaqədar ifadə etdiklərinə gəldikdə isə, iştirakçıların nəzərinə çatdırmaq istərdim ki, SSRİ Mərkəzi hakimiyyət orqanları tərəfindən həyata keçirilmiş istintaq tədbirləri nəticəsində Sumqayıtda baş verən hadisələri törədənlər olaraq etnik erməni mənşəli Eduard Qriqoryan və Jirayr Azizbekian müəyyən edilmiş və onlar digərləri ilə birlikdə hüquqi məsuliyyətə cəlb edilmişlər. İstintaq zamanı toplanmış materialların təhlili təsdiq edir ki, Sumqayıtda törədilən iğtişaş Azərbaycana qarşı Ermənistan və SSRİ kəşfiyyat qurumları tərəfindən təşkil olunmuş təxribat olmuşdur. Bu fakt Ermənistan prezidenti Serj Sarkisyanın 2005-ci ilin 30 mart tarixində Ermənistan Parlamentində keçirilmiş dinləmələr zamanı səsləndirdiyi bəyanatda da öz təsdiqini tapmışdır: “Sumqayıtda baş verən iğtişaşın və şəhərin erməni sakinlərinin kütləvi qətlinin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin nəzarəti altında törədildiyinə dair kifayət qədər əsaslar var”.