Bu qadınları heç nə sındırmır


Digərləri 01 Mar 2018 16:05:00 241 0

Bu qadınları heç nə sındırmır

Yadınıza gələr, 9-cu sinfin axırında Azərbaycan dilindən inşa yazaraq imtahan verməliydik. 52 mövzu verilmişdi və onlardan sadəcə birini seçib yazacaqdıq. Mənsə 52 adda inşanı dəftərə yazmışdım ki, imtahan vaxtı sinif yoldaşlarım köçürə bilsin. Hamı imtahanını verdi, o dəftər isə ordaca param-parça edildi. Hərdən o əhvalat düşür yadıma: "Yenə ürək qoyum, vaxt sərf edim, əziyyət çəkim, "dəftərimi cırsınlarmı" deyə düşünürəm". Və bunu tək mən düşünmürəm, yəqin ki...

Mən bu günə kimi gül əkməmişəm, çiçək yetişdirməmişəm, ümumiyyətlə, torpağa bir toxum belə basdırmamışam. İçimdən gəlməyib, həvəsində olmamışam, özümdə belə bir ehtiyac hiss etməmişəm. Çiçəkləri, gülləri sevmişəm, dərmişəm, qoxlamışam, o qədər. Əkdiyin gülün, yetişdirdiyin çiçəyin məhv edilməsi necə olur, bilmirdim. Həbsxana həyatı yaşayan türkiyəli yazar Aslı Erdoğanın müsahibəsini oxuyana qədər.

136 gün azadlıqdan məhrum edilən Aslı Erdoğan deyir ki, həbsxana yoldaşları illərlə əlləşib-vuruşub həyətdə çiçək yetişdiriblərmiş. Ancaq ölkədə fövqəladə hal elan olunandan sonra bu da qadağan edilib. Qəfildən otaqlara hücum edilib və nəzarətçilər illərlə əmək qoyulan, sevgiylə yetişdirilən o çiçəkləri torpağından çıxarıb, həbsxanadan çölə atıblar. Bu, o qadınlar üçün çiçəyin öldürülməsi olub, həbsxanaya bir matəm havası çöküb. Qızlardan biri çiçəyini tualetdə gizlədib, öz aləmində onu xilas edib. Amma növbəti axtarış zamanı onu da məhv ediblər. Sonra qadınlardan biri toxum tapıb, amma torpaq ki yox imiş. Və bu qadınlar o toxumu əkmək üçün torpaq belə düzəldiblər. Bunun üçün həftələrlə vaxt sərf ediblər. Hər gün içilən çayın xəkəsini qəzetin üstünə sərib qurudublar. Xəkənin içinə yumurta qabığı əzib qatıblar ki, azot torpağı bəsləsin, o da bitkini. Sonra toxumu əkiblər. Toxum cücərib, çiçək açıb. Deyir, bir az çirkin bitkiydi, amma ona gözümüz kimi baxırdıq. Hər dəfə həbsxana kameralarında axtarış olanda gülü gizlədir, beləcə qoruyub-saxlayırdıq. 20 qadının əməyi sayəsində boy atmışdı o çiçək, balaca şahzadənin gülü kimi...

Günəş görsün deyə çölə çıxarırlarmış, yağış suyu "içsin" deyirmişlər. Amma nəhayətində nəzarətçilər o çiçəyi də tapır və qadınların əlindən alırlar. Bu şəraitdə gizlincə, heç nədən onu necə yetişdirdiklərinə görə onları lağa belə qoyurmuşlar. Amma onları bu belə sındırmırmış... Çünki çiçək yetişdirən - yaradan, həyat verən qadınlar idi onlar.

Aslı Erdoğan danışır ki, həbsxanaya salındığım ilk gün əhvalım çox pisiydi. Hətta intihar etməyi belə düşünürdüm və bunu bir qanun kimi müdafiə edirdim, deyir. Ordakı qadınlar heyrətlənirmiş, necə yəni qanun? O da fəlsəfi baxımdan izah edirmiş, bu, mənim təbii haqqımdır deyə. Bu, aralarında müzakirələrə, mübahisələrə səbəb olurmuş. Amma yazar xanım həbsxanadan çıxmazdan bir neçə gün əvvəl onlardan üzr istəyir: "Mən sizdən çox vacib şeylər öyrəndim. Sizin bir çiçəyi yetişdirmək üçün 4 ay necə əziyyət çəkdiyinizi gördüm. Və mən intiharı düşünərkən necə ərköyünlük etdiyimi indi daha yaxşı başa düşürəm. Sayənizdə..."