"Biz 2018ci ili bank sektoru üçün çox məhsuldar bir il kimi görürük" MÜSAHİBƏ


Digərləri 01 Mar 2018 11:52:00 249 0

"Biz 2018ci ili bank sektoru üçün çox məhsuldar bir il kimi görürük"  MÜSAHİBƏ

Yaxın illərdə Azərbaycan bank bazarının inkişaf istiqamətlərini necə dəyərləndirirsiniz? Unibank üçün 2018-ci ildə əsas hədəflər nə olacaq? Bank sektorunda gözləntilərlə bağlı suallarımızı "Unibank" Kommersiya Bankı İdarə heyəti sədrinin 1-ci müavini, Baş risk inzibatçısı Asəf Hüseynov cavablandırıb.

- Asəf müəllim, ötən il Unibank üçün də yadda qalan illərdən biri oldu. Son illərin o qədər də asan olmayan maliyyə vəziyyətindən sonra bank ili mənfəətlə başa vurdu.

- Təbii ki, son illərdə iqtisadiyyatda baş verənlər, xüsusən də neftin qiymətinin düşməsi Azərbaycanın öz makroiqtisadi göstəricilərində dəyişiklik etmək zərurəti yaratdı. Nəticə olaraq, 2015-ci və 2016-cı illərdə ÜDM-in azalması, iqtisadiyyatın sıxılması iqtisadiyyatın qan damarları olan bankların kreditləşmədə iştirakının və ümumilikdə aktivliyinin azalmasına da gətirib çıxardı. 2017-ci ildə iqtisadi azalma dərinliyin ən pik nöqtəsinə çatıb dayandığından, ötən ilin ortasından başlayaraq bank sektorunda kreditləşmənin aktiv fazaya keçməsi müşahidə olundu. Ümumilikdə isə makroiqtisadi vəziyyətin müsbətə doğru dəyişməsi və eyni zamanda Unibankda baş verən bir sıra inistisional və digər effektivliyi artıran islahataların nəticəsi olaraq, bank 2017-ci ili mənfəətlə başa vurmağa nail oldu.

- Böhrandan danışmışkən, hər bir çətinliyin belə, bir təcrübə olduğunu xatırlasaq, maliyyə bazarında son illər yaşananlar banklara nə qazandırdı?

- Böhran həmişə böyük təcrübə deməkdir. Biz də Unibank olaraq, bu təcrübədən faydalanmışıq. Böhran bizi daha möhkəmlətdi. Böhranın nəticəsi olaraq, bank sektoru borc yükünün artması, diversifikasiya kimi məsələlərə daha çox əhəmiyyət verməyə başladı. Xüsusilə də böhran xarici valyutada olan kreditlərə daha konservativ yanaşmada bankların bir qədər də tələbkar olmasını zəruri etdi.

- Maliyyə bazarında nisbətən sabitləşmə və inkişaf dövrünün başlandığını nəzərə alsaq, Unibank üçün 2018-ci ildə əsas hədəflər nə olacaq?

- Bizim 2018-ci illə bağlı hədəflərimiz çoxdur. Bir çox reytinq agentlikləri, eyni zamanda Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Dünya Bankı, BVF və digər qiymətləndircilərin proqnozlarına görə, 2018-ci ildə ölkəmizdə ÜDM-in artımı baş verəcək. Bu, xüsusilə "Şahdəniz" qaz yatağı ilə bağlıdır. "Şahdəniz-2" layihəsinin reallaşması iqtisadiyyatımızı canlandıracaq. Təbii ki, nəticə olaraq dövlət büdcəsinin artması və iqtisadiyyata investisiyanın çoxalması baş verəcək ki, bütün bunlar bank sektorunun da canlanmasına səbəb olacaq. Unibank öz strategiyasında bu amilləri nəzərə alır. Bank olaraq, biz 2018-ci ili bank sektoru üçün çox məhsuldar il kimi görürük və kredit portfelinin, bankın gəlirliliyinin artımının başlanğıc ili kimi qiymətləndiririk. Hazırda ölkədə islahatların çoxu prezidentin qəbul etdiyi "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nə uyğun olaraq aparılır. Bu Strateji Yol Xəritəsinin qəbulu bank sektorunu da sevindirir. Çünki bankların maraqları çərçivəsində bir çox islahatlar həyata keçirilir. Xüsusən də bizim bankın strategiyasında vacib yer tutan rəqəmsal bankçılıq prosesi ilə bağlı olaraq , dövlət qurumlarının qanunvericiliyin çevik dəyişməsi və digər məsələlərin operativ həllində fəallığını görürük. Nəzarət orqanının bank sektoruna yaxın işləməsi və qanunvericilik bazasının dəyişməsi ilə bağlı səylərinin artması, bankların rəqəmsal xidmətlərə transformasiyasını daha sürətli edə bilər. Rəqəmsal bankçılıqla əlaqədar olaraq bankda baş verən əməliyyatların onlayn kanallarla aparılması, satışın tam rəqəmsal kanallarla təşkili əsas prioritetlərimizdən biridir. Bununla bağlı daha mükəmməl bank məhsulunun yaradılmasını hədəfləyirik. Yəni bu strategiyada məqsəd mövcud məhsulun satışı yox, hər bir müştəriyə uyğun bank məhsulunun yaradılmasıdır.

- Ötən il Unibank ölkə qiymətli kağızlar bazarının fəal iştirakçılarından biri oldu. Bu il qiymətli kağızlar bazarı ilə bağlı hansı planlar var?