Azərbaycanın energetika naziri BP-nin Xəzər Mərkəzi ofisində olub


Sosial 28 Fev 2018 19:19:00 265 0

Azərbaycanın energetika naziri BP-nin Xəzər Mərkəzi ofisində olub

Pərviz Şahbazov dənizdəki platformalarla canlı bağlantıya qoşularaq əməkdaşlarla söhbət edib

 Pərviz Şahbazovun rəhbərliyi ilə Energetika Nazirliyinin bir qrup əməkdaşı BP-nin Xəzər Mərkəzi ofisində olub.

Nazirlikdən "Report"a verilən məlumata görə, məqsəd BP şirkətinin Azərbaycandakı fəaliyyəti, operatorluq etdiyi layihələr və əməliyyatlara dair son vəziyyət, eləcə də tətbiq etdiyi yeniliklərlə yaxından tanışlıq olub  

Nazir Pərviz Şahbazov müstəqilliyin ilk illərindən Azərbaycanın transmilli layihələrində BP-nin iştirakını yüksək qiymətləndirib, enerji ölkəsi kimi nailiyyətlərin davamlılığında şirkətlə əməkdaşlığın vacibliyini qeyd edib. 

Qari Counz isə bildirib ki, Azərbaycanın neft və qaz yataqlarının işlənməsində etibarlı və uzunmüddətli bir tərəfdaş kimi fəaliyyət göstərmək şirkətin izlədiyi əsas hədəflərdən biridir. O, BP-nin fəaliyyət göstərdiyi 70-dən çox ölkə sırasında Azərbaycanın xüsusilə mühüm əhəmiyyət kəsb etdiyini deyib, şirkətin ölkədə həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. 

“Şahdəniz-2”, Səngəçal terminalının genişləndirilməsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə layihələrin icrası, eləcə də yatırılan investisiya və istifadə olunan ən mürəkkəb, qabaqcıl texnologiyalardan bəhs edən təqdimatlar nümayiş etdirilib. Səngəçal terminalında genişləndirmə işlərinin başa çatdığı, terminalın ilin ikinci rübünün sonunadək əlavə qaz qəbuluna və qazı Cənubi Qafqaz Boru Kəməri sisteminə vurmağa hazır olacağı, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə ilk qazın ötürülməsinə dair işlərin yekunlaşmaqda olduğu bildirilib. 

Yeni layihələr - "Azəri-Çıraq-Günəşli" yatağının sonrakı mərhələdə işlənməsi, "Şəfəq-Asiman" və digər potensial layihələr üzrə nəzərdə tutulan planlardan da bəhs edilib. Şirkətin kadr hazırlığı, işçilərin milliləşdirilməsi istiqamətində gördüyü işlər diqqətə çatdırılıb.

Hazırda neft-qaz sənayesində texnologiyaların sürətlə yeniləndiyini vurğulayan nazir BP şirkətinin neft-qaz yataqlarının işlənməsində tətbiq etdiyi ən yeni texnologiyalarla maraqlanıb.

Sonra energetika naziri şirkətin fəaliyyət istiqamətləri üzrə ixtisaslaşan ayrı-ayrı bölmələrə baş çəkərək quyu strategiyası, yataqlarda layların, əməliyyatların idarə olunması ilə tanış olub. Bildirilib ki, yataqlarda layların idarə olunması üçün yaradılmış “Yüksək İmmersiv Vizuallaşdırma Mühiti” otağı məlumatları iri ekranda təhlil edən və əks etdirən qabaqcıl avadanlıqlarla təchiz olunub və bu konsepsiya problemlərin kollektiv şəkildə həllinə imkan yaradır. Birgə İş Mühiti (ACE) otağı BP-nin uzaq məsafədə yerləşən dəniz və qurudakı obyektləri ilə birbaşa əlaqəsini təmin edir. “Dəniz Obyektlərinin Mühafizəsi və Müşahidəsi üzrə Logistika Əməliyyatlarına Nəzarət” otağı isə bütün platformaların təchizat, heyətdaşıma, fövqəladə hallara qarşı cavab tədbiri gəmiləri ilə dənizdəki qurğular arasında koordinasiyanı həyata keçirir.

Daha sonra energetika naziri dənizdəki platformalarla canlı bağlantıya qoşularaq əməkdaşlarla söhbət edib.