Dünyada 4 milyondan biri: “Oğlumla eyni yaşdayam”
Digərləri 28 Fev 2018 18:25:00 253 0
Sabah 29 fevraldır. Yox, sabah martın biridir. Yarımçıq ayın 29-cu günü isə 4 ildən bir təqvimdə görünür. Bunun da səbəbi var. Və artıq bu barədə, yəni məsələnin astroloji tərəfləri barədə çox yazılıb, sizi yormaq istəməzdik. Amma burda bir məqamı xüsusi qeyd etməliyik. Biləsiniz ki, 29 fevral ad günü ilə doğulmaq şansı 1461-dən 1-dir. Və bu gün dünyada 4 milyondan bir qədər çox insan var ki, doğum gününü məhz 29 fevral kimi rəsmiləşdirib.
Son.az lent.az-a istinadən xəbər verir ki, o 4 milyondan biri də Natiq Səfərovdur.
Səfərov Natiq Məhəmmədli oğlu 1984-cü il fevralın 29-da Ucar rayonunun Bərgüşad kəndində anadan olub. 34 yaşı var. Amma özünün də dediyi kimi vur-tut 8 dəfə qeyd edib ad gününü. Zarafatca da deyir ki, "hələ 8 yaş 6 aylığam".
- Ad gününü nə vaxt qeyd edirsən, fevralın 28-də, ya martın 1-də?
- Məhz fevralın 29-da. 4 il gözləyirəm səbirsizliklə. Niyə başqa gündə qeyd edim ki?
Bir söz də deyim, ad günüm çatanda hamıdan fərqli olaraq çox sevinirəm. Çünki hamı kimi 1 il yox, 4 il gözləyirəm.
- Bəs yaş kağızında doğum tarixin rəsmi necə yazılıb? 28-i, ya martın 1-i?
- Fevralın 29-u.
- Səncə dünyada yaş kağızında fevralın 29-u yazılan neçə nəfər var?
- 50 milyon olar?
- Yox, 4 milyondan bir az çox.
- Deməli mən dünyada 4 milyondan biriyəm də?