"Onu qız olanlar gizlətsinlər ki, hələ ərə getməyiblər"


Şou-biznes 28 Fev 2018 12:56:00 274 0

"Onu qız olanlar gizlətsinlər ki, hələ ərə getməyiblər"

ARB Ulduz-un "Şou-məkan" proqramının növbəti qonağı müğənni Nura Suri olub. İlk olaraq, yeni imici ilə müzakirə mövzusuna çevrilən müğənni hazırkı saç şəklini və rəngini daha çox bəyəndiyini etiraf edib: "Bunlar hamısı, sadəcə olaraq, məndən çoxdandır dəyişiklik gözləyənlərə bir ismarış idi. Fikirlər də müxtəlif oldu. Qara saçlarımı da bəyənənlər oldu, həmçinin qısa saçlarla da bağlı fikirlər oldu. Özümə yaraşan və bəyəndiyim isə məhz sarı saçlardır. Bu gün gördüyünüz kimi buruq formaya salmışam. İnsanlar elə bildi ki, saçlarımı kəsmişəm, rəngini dəyişmişəm. Bu cür eksperimentlər etmərəm. Sadəcə, dəyişiklik olsun deyə, bir dəfə nə isə etmək olar". Şəxsi həyatının ancaq övladlarından ibarət olduğunu və heç nəyi gizlətmədiyini söyləyən müğənni özəl yaşantılarını hər zaman pərdələməyə çalışan həmkarlarına da eyham vurub: "Mənim şəxsi həyatımda övladlarımdan başqa heç kim yoxdur. Mənim həyatımda şəxsi nə isə olsa, bir yerdə bir adam məni bir nəfərlə görər də. Əgər həyatımda kimsə olsa, mən onu niyə gizlədim ki? Onu adları qız olan insanlar gizlətsinlər ki, hələ ərə getməyiblər, ailə qurmayıblar. Mən fərqli həyat tərzi sürməyə çalışıram. Mən bilmirəm ki, hamı niyə görə fikirləşir ki, bir qadının həyatında kimsə olmalıdır. Qadının həyatında kimsə olması üçün qadın onu sevməlidir. Sevgi isə elə bir şeydir ki, o, mənim əlimdə deyil". Uşaqlıqdan bu yana övladlarının onun yaşam tərzini və işini yaxından izlədiyini diqqətə çatdıran Nura onları özü ilə bərabər məclislərə də apardığını söyləyib: "Çox vaxt uşaqlarımı özümlə bərabər proqramlara, toy mərasimlərinə aparmışam. İstəmişəm onlar bilsin ki, anaları bu pulu necə qazanır, hara gedir, harda olur, ümumiyyətlə, nə işlə məşğuldur. Uşaqlıqdan mənim övladlarım bunu görürlər. Mənim bir dənə qonşum deyə bilməz ki, Nuranın evinə stilistdən başqa kimsə gəlsin. İçki içmirəm, siqaret çəkmirəm, fərqli həyat tərzi sürürəm, idmanla məşğul oluram". Şəxsi həyatı ilə bağlı hələ heç yerdə danışmadığı, gün üzünə çıxarmağı lazım bilmədiyi bu açıqlamaları isə sənətçi, eksklüziv olaraq "Şou məkan"la bölüşüb: "Mən oğlum Davidin atası ilə niyə gedib yaşaya bilmədim. Ona görə ki, mənim böyük övladlarım onu qəbul etmədilər. Üstəlik, o, Azərbaycanda yaşamırdı və böyük övladlarımı qəbul etmək istəmirdi. Həmin adam mənim tədbirlərimdə də iştirak edirdi. Sadəcə olaraq, onu kameralar çəkmirdi. Hamını çəkirdilər, ancaq xahiş edirdim ki, onu çəkməyin. Mən heç vaxt istəməmişəm ki, belə şeylərlə reklam olunum". Övladlarının ögey ata yanında böyümələrini qətiyyən istəmədiyini etiraf edən müğənni belə bir addımı qəbul etmədiyini söyləyib: "Bu insan məni ancaq öz övladı ilə qəbul edib. Amma mənim o biri övladlarımı qəbul etmirdi. İstəməmişəm ki, övladların hansısa məqamda özlərini pis hiss etsinlər, evdə ögey ata olsun. Demirəm ki, mən buna pis baxıram. Sadəcə, mən beləyəm, bunu qəbul edə bilmirəm. İstəmirəm ki, mənim övladlarım elə böyüsün. Bir çox qadınların səhvi ondadır ki, ayrılan kimi tez kiminsə axtarışına çıxırlar. Elə bilirlər ki, onu əvəz edə biləcək. Əslində, özlərini aldadırlar. Əvəz olunmur və ikinci evlilik də sonlanır. Böyük övladlarım xaricdə yaşayır. Mən Davidlə yaşayıram. Fikirləşirəm ki, ailə qurmalıyam. Bilirsiz ki, oğlan övladları da özlərinədir də". Son olaraq isə geyimlərinin açıq-saçıqlığına görə bəzən tənqid olunan Nura tutarlı cavabı ilə söz-söhbətləri yenidən alovlandırıb: "Açıq-saçıq geyinsəm də, vulqar geyinməmişəm. Mən necə istəyirəm, elə də geyinirəm. Ailəli də olanda necə istəyirdim, elə də geyinirdim. Mənim haqqımda çox vaxt bilmədiklərini danışırlar". Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid foto