"SOCAR Polymer” zavodunda sınaq məqsədi ilə ilk polipropilen məhsulu istehsal olunub


İqtisadiyyat 28 Fev 2018 12:20:19 438 0

"SOCAR Polymer” zavodunda sınaq məqsədi ilə ilk polipropilen məhsulu istehsal olunub

Zavodun ekstruziya zonasında quraşdırılmış avadanlığın baxışı zamanı polipropilen qranullarının kəsilməsi prosesinə start verilib

Ötən gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkətin vitse-prezidentlərinin iştirakı ilə “SOCAR Polymer” zavodunda nümayiş və sınaq məqsədi ilə ilk dəfə polipropilen məhsulunun istehsalı həyata keçirilib.

Bu barədə SOCAR məlumat yayıb.

“SOCAR Polymer” müəssisəsi polipropilen və yüksəksıxlıqlı polietilen istehsal edən iki zavoddan ibarətdir. Bu zavodların istismara verilməsi bu ilin II və IV rüblərində planlaşdırılır. Zavodların işçi heyəti artıq tam formalaşıb, müvafiq təlimlərdən keçərək yüksək peşəkarlıq səviyyəsinə çatdırılıb. Sənaye səmərəliliyinin artırılması məqsədi ilə “SOCAR Polymer” zavodlarının rəqəmsallaşması “SAP” (Sistem Analizi və Proqramlaşdırma) modullarının vasitəsilə təmin olunacaq. 

Zavodun ekstruziya zonasında quraşdırılmış avadanlığın baxışı zamanı polipropilen qranullarının kəsilməsi prosesinə start verilib və ilk dəfə sınaq məqsədi ilə yekun polipropilen məhsulu istehsal olunub.

SOCAR-ın prezidenti R.Abdullayev bildirib ki, Sumqayıtda kimya sənayesinin dirçəlişi Azərbaycan üçün yeni və dayanıqlı gəlir mənbəyi deməkdir: “Bu il emal və kimya sənayesində SOCAR-ın 3 böyük layihəsi tamamlanmaq üzrədir. “SOCAR Karbamid”, “SOCAR Polymer”, Türkiyədə STAR Neft Emalı Zavodunun bu il ərzində istismara verilməsi ilə milli sərvətimizə əlavə dəyər qatan böyük missiyanın növbəti mərhələsinə qədəm qoyulacaq”.