Göygöl rayonunun Çaylı-Pənahlılar-Dozular avtomobil yolu yenidən qurulur


Digərləri 28 Fev 2018 09:17:59 251 0

Göygöl rayonunun Çaylı-Pənahlılar-Dozular avtomobil yolu yenidən qurulur

Ölkə boyu avtomobil yollarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən aparılan genişmiqyaslı yenidənqurma işləri Göygöl rayonundan da yan keçməyib.

Bakı. Ölkə boyu avtomobil yollarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən aparılan genişmiqyaslı yenidənqurma işləri Göygöl rayonundan da yan keçməyib. AAYDA-dan Trend-ə verilən məlumata görə, bu il həyata keçiriləcək 63 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biri də M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 353-cü km-də ayrılan yerli əhəmiyyətli Çaylı-Pənahlılar-Dozular yoludur. Çaylı-Pənahlılar-Dozular avtomobil yolu çınqıl örtüklü olduğu üçün gediş-gəlişdə yaşanan çətinliklər yolun yenidən qurulması ilə geridə qalacaq, ən əsası magistral yola çıxış əldə olunmaqla 3 yaşayış məntəqəsinin hər birinə müasir infrastruktur, rahatlıq və abadlıq gələcək. Bununla da yol boyu yaşayan 3 min nəfər əhalinin gediş-gəlişi həm təhlükəsiz olacaq, həm də xeyli rahatlaşmaqla yük və sərnişin daşıması asanlaşacaq. Bu amillər isə kənd təsərrüfatının inkişafına müsbət təsir etməklə vətəndaşların sosial rifahının yüksəlməsinə səbəb olacaq.