V Beynəlxalq Muğam Festivalı keçiriləcək


Kriminal 28 Fev 2018 08:47:00 250 0

V Beynəlxalq Muğam Festivalı keçiriləcək

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən Bakıda 2018-ci il 7-14 mart tarixində "Muğam aləmi" V Beynəlxalq Muğam Festivalı keçiriləcək. Festivalın bədii rəhbəri Xalq artisti, YUNESKO-nun "Sülh artisti", Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadədir.

Trend-də Azərbaycan Bəstəkarlar İttifaqı mətbuat xidmətindən verilən məlumata görə, Festival çərçivəsində Bakı və Gəncə şəhərlərində Azərbaycan və xarici musiqiçilərin iştirakı ilə konsertlərin təşkili, beynəlxalq elmi simpoziumun, beynəlxalq muğam müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.

Tədbirlərdə iştirak etmək üçün Türkiyə, Moldova, Polşa, İran, İraq, Özbəkistan, İordaniya, Misir, Suriya, Tacikistan, Qazaxıstan, Mərakeş və başqa ölkələrdən musiqiçi və münsiflər heyəti dəvət olunub.

Festivalın açılış mərasimi 7 mart 2018-ci il tarixində Heydər Əliyev Sarayında keçiriləcəkdir. Tədbirdə tanınmış kollektivlər - Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Fəxrəddin Kərimov), Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər: Gülbacı İmanova), Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupu, (baletmeyster Cəmilə Bayramova), Bakı Xoreoqrafiya Akademiyasının tələbələri və solistlər - Gülyaz Məmmədova, İlkin Əhmədov, Afaq Abbasova, Anton Fernştat, Sahib Paşazadə, Toğrul Əsədullayev və başqaları iştirak edəcəklər.

Azərbaycan Milli Elmlər Akademiyasında 7-10 mart tarixində "Muğam ənənəsi elm və incəsənət qovşağında" mövzusunda beynəlxalq simpozium keçiriləcəkdir. Simpoziumda Fransa, Kanada, Hollandiya, Türkiyə, İran, Macarıstan, Özbəkistan və Serbiyadan dəvət olunmuş xarici qonaqlar iştirak edəcək.

Azərbaycan Milli Konservatoriyasında 10-13 mart tarixində beynəlxalq muğam müsabiqəsi keçiriləcəkdir. Müsabiqənin münsiflər heyətinin tərkibində Azərbaycan, Polşa, Türkiyə, İran və Tacikistan musiqi mədəniyyətinin tanınmış nümayəndələri iştirak edəcəklər. Müsabiqə instrumental və vokal bölmələri üzrə aparılacaq.

Beynəlxalq Muğam Mərkəzində keçiriləcək konsertlərdə "Rast", "Şur", "Segah", "Çahargah", "Bayatı-şiraz", "Şüştər" və "Hümayun" muğamları istedadlı ifaçılar - Elnur Zeynalov, Qoçaq Əsgərov, Arzu Əliyeva, Babək Niftəliyev, Nisbət Sədrayeva, Məmməd Nəcəfov, Abgül Mirzəliyev və başqaları tərəfindən tamaşaçılara təqdim olunacaq.