Rəsmi Bakı Suriya erməniləri ilə bağlı narahatlıq ifadə etdi


Siyasət 27 Fev 2018 22:58:00 242 0

Rəsmi Bakı Suriya erməniləri ilə bağlı narahatlıq ifadə etdi

BMT-nin Cenevrə bölməsinə rəsmi səfəri çərçivəsində nazir Elmar Məmmədyarov BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi ilə görüşüb.

Son.az bildirir ki, nazir Elmar Məmmədyarov Azərbaycanda qaçqın və məcburi köçkünlərə BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığı tərəfindən göstərilən humanitar yardımın, eləcədə təşkilatla ölkəmizin əməkdaşlığının cari durumunu yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Görüş zamanı nazir Elmar Məmmədyarov Ermənistanın işğalından azad edilmiş və 2016-cı ilin aprelin etibarən təhlükəsizliyi təmin edilmiş Cocuq Mərcanlı kəndində aparılan tikinti işləri və məcburi köçkünlərin ora geri qayıtması tədbirləri haqqında ətraflı məlumat verib. O, ölkəmizdə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən sosial təyinatlı işlərin bundan sonra da davam etdiriləcəyini xüsusilə qeyd edib.

Nazir Elmar Məmmədyarov həmsöhbətə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların gedişi barədə ətraflı məlumat verib. O əlavə edib ki, hər iki ölkədə seçkilərdən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri ilə münaqişənin həlli üzrə substantiv və nəticə yönümlü danışıqlar davam etdiriləcək. Nazir işğala əsaslanan status-kvonun dəyişdirilməsi üçün Ermənistan qoşunlarının BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu bildirib.

Suriyadan olan erməni əsilli qaçqınların qeyri-qanuni şəkildə işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilməsi faktına toxunaraq, bu məsələyə beynəlxalq qurumların və dünya ictimaiyyətinin ciddi diqqət yetirməsinin vacibliyini bildirib.

F.Qrandi BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığının Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə etdi və ölkəmizin sözügedən təşkilata könüllü ianələrini yüksək qiymətləndirib.

Görüşdə Azərbaycan və BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığı arasında əməkdaşlığın perspektivlərinə və gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi aparılıb.