İslam dünyasının qibləgahı ətrafında baş qaldıran "fırtına" nə vəd edir?


Dünya 27 Fev 2018 21:56:00 222 0

İslam dünyasının qibləgahı ətrafında baş qaldıran "fırtına" nə vəd edir?

Siyasi araşdırmaçılarin fikrincə, Səudiyyə Ərəbistanında başlayan islahatlar sırf Qərbin sifarişi ilə həyata keçirilir

Son.az Sputnik Azərbaycan-a istinadən Azər Rəşidoğlunun yazısını təqsdim edir Səudiyyə Ərəbistanı son bir neçə aydır ki, dünya gündəmindən düşmür. Öncə şahzadələrin həbsi, daha sonra milyardlarla dollar qarşılığında onların azadlığa buraxılması, indi də ordudakı gözlənilməz istefalar dünyanın diqqətini ərəb yarımadasına çevirib.

Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz Baş Qərargah rəisi Əbdülrəhman ibn Saleh əl-Bünyanı işdən azad edib. Həmçinin Quru Qoşunları komandanı, Hava Hücumundan Müdafiə və Strateji Əhəmiyyətli Raket Qoşunları komandanı da istefaya göndərilib. Ölkənin yeni Baş Qərargah rəisi vəzifəsinə Fayad ibn Həmid ər-Ruvayl təyin olunub. Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı general-leytenant Məhəmməd ibn Avvad Sühaymın yerinə general-leytenant Fəhd ibn Abdulla Məhəmməd əl-Müteyr təyin olunub. Hökumətdəki kadr dəyişiklikləri qubernatorları, müavinləri və şəhər merlərini də ağuşuna alıb. Əmək və sosial inkişaf naziri də işdən çıxarılıb. Onun yerinə Tamader ər-Rammah gətirilib.

Siyasi araşdırmaçılar belə hesab edirlər ki, islahatlar sırf Qərbin sifarişi ilə həyata keçirilir. Səudiyyə öz diplomatiyasında da Vaşinqtonun sifarişləri ilə hərəkət edir. Səudiyyə Ərəbistanı ilə İran arasında vəziyyətin gərginləşməsi də Birləşmiş Ştatların maraq dairəsindədir. Bu baxımdan, Səudiyyə Ərəbistanının İrana qarşı hərbi əməliyyatlara başlayacağı da istisna edilmir.

Bu ərəfədə kral öz hakimiyyətini də möhkəmləndirir. İranla vəziyyətin gərginləşməsinin əleyhinə olanlar həbs edilir. Səudiyyə Ərəbistanında və şəxsən kral ailəsində kimin korrupsiya ilə məşğul olub-olmadığını müəyyənləşdirmək qeyri-mümkündür. Çünki Səudiyyə Ərəbistanında kral ailəsinin davranışı, onların şəxsi biznesi və dövlət hakimiyyətini əllərində saxlaması o qədər bir-birinə qarışıb ki, orada təxminən kralın yaxınları nə işlə məşğuldursa, həbs edilən şahzadələr də o işlə məşğuldurlar.

Səudiyyə Ərəbistanında olan islahatlar daha çox qadın azadlıqlarını nəzərdə tutur. Bu ölkədə ancaq indi icazə verilir ki, qadın maşın sürsün. İranda isə demək olar ki, maşın sürənlərin yarısı qadınlardır. Yəni İran qadınları bu hüququ artıq 20 ildən çoxdur ki, əldə ediblər. Yaxud da qadınların televiziyada çıxış məsələsini qeyd etsək, buna da Səudiyyə Ərəbistanında ancaq indi icazə verilib. Amma bildiyimiz kimi Misir də ərəb dövlətidir və orada çoxdan televiziyada qadınlar işləyir.

Buna görə də Səudiyyə Ərəbistanında aparılan islahatlar onun öz daxili işidir. Bu islahatlar da sırf Qərbin xoşuna gəlməkdən ötrüdür. Yəni bu mənada Səudiyyə Ərəbistanı Trampa vəd verib və indi də o vədləri yerinə yetirir. Həmçinin, bildiyimiz kimi, Səudiyyə Ərəbistanındakı islahatların və xüsusən qadınlarla bağlı islahatların arxasında Trampın xanımı və qızının yaratdığı fond dayanır.

Bu yaxınlarda ABŞ prezidenti Donald Tramp İranı sülh üçün böyük təhlükə adlandırıb. O, öz seçki kampaniyasının gedişində Yəmən və Suriyanın İran tərəfindən zəbt olunacağı xəbərdarlığını etmişdi. ABŞ prezidenti səudiyyəlilərlə irimiqyaslı silah satışı müqaviləsi imzaladı və onların insan haqlarına qarşı törətdikləri cinayətləri qınamaqdan imtina etdi.