Tutacağı möhkəm və sonu uca olan sığınacaq


Digərləri 27 Fev 2018 21:45:00 285 0

Tutacağı möhkəm və sonu uca olan sığınacaq

Bismilləhir-Rahmənir-Rahim!

İnsanın həyatında bilməli olduğu bir neçə mühüm nöqtə var ki, onlardan biri də budur ki, biz yaranmağımızda, mövcud olmağımızda əziz Peyğəmbərimizin (s) mübarək vücuduna borcluyuq. Allah Təala varlıq aləmini əziz Rəsuli-Əkrəmə (s) xatir xəlq edib. Hər nə var varlıq aləmində - o Həzrətə (s) xatir yaranıb, onun mübarək vücuduna xatir yaradılıb. O Həzrətin (s) mübarək vücudu ilə bərabər, məxluqat onun Əhli-Beytinə (ə) xatir yaradılıb.

Bu anlam bizə bir həyati oriyentir üçün, yolumuzdan sapmamak üçün lazımdır. İnsan bu müqəddəs insanların dərəcə və məqamını nəzərdə tutsa - onların yolunu gedənlərdən olar, həyatını mübarəkliyə qərq edənlərdən olar.

Şükür nədir?

Şükür etməliyik ki, Allah Təala bizə bu dərki nəsib edib, bu yolun mübarəkliyindən agah edib. Rəsuli-Əkrəmin (s) gətirdiklərindən bəhrələnə bilirik. Allah Təala bu mərifəti nəsib etdiyi bəndələrin üzərinə bir minnət qoyub. Və bu minnətə şükür etmək - o demək deyildir ki, insan yalnızca diliylə "əlhəmdulilləh" desin, bu tanımanı nəsib etdiyinə görə Uca Allaha təşəkkür etsin. Bu, əlbəttə, öz yerində, dillə iqrar etmək lazımdır, qəlbən şükürlü olmaq gərəkdir, amma bunlar şükrün ən ibtidai formalarıdır.

Nemətə görə şükrün düzgün və kafi forması - nemət verənin həmin nemət üçün nəzərdə tutulmuş yerdə işlədilməsi, xərclənməsidir. Bu nemətin istifadəsindən irəli gələn və məsrəfində haqqı olan məsələləri əda etməkdən ibarətdir şükür.

Allah Təala insana verdiyi gözün şükrü - Allah bəyənən şeyə baxmaq və Allah bəyənməyənə baxmamaqdır. Qulağın şükrü - Allahın halal buyurduğuna qulaq asmaq, haram buyurduğuna isə qulaq asmamaqdır. Desək ki, "Allahım, təşəkkür edirəm Sənə, mənə göz, qulaq, dil vermisən" - bu, şükrə çox ibtidai bir yanaşma olar. Nə vaxt göz üçün doğru şükür etmək istəsək, gərək gözün yaranış fəlsəfəsinə uyğun istifadə edəsən. Gərək gözdən həqiqi mənada göz kimi istifadə edilsin - insanı kamilliyə aparan vasitə kimi, zəlalətə sürükləyən kimi yox.

Sağlamlıq neməti də, elm, bilik, ağıl, iman nemətləri də, şücaət, comərdlik hissi, fədakarlıq qabiliyyəti də eləcədir. Bu nemətlərlə rəftar etməyin, bunlardan istifadə etməyin keyfiyyətliliyi sükrün səviyyəsini müəyyən edir. Bu nemətlərdən düzgün istifadə etsək, şükür etmiş olarıq.

Peyğəmbər (s) yolunun şükrü

Sadalanan və bütün digər nemətlərdən istifadə etməyin, həqiqi şükür etmənin əsas şərti - Həzrət Peyğəmbər yolunu tanımaq nemətidir. Bu nemətə malik olma, digər nemətlərə olan mərifəti müəyyən edir. Peyğəmbər (s) tanıma neməti - ümumilikdə nemətin nə olduğunu bilməyin şərtidir. Bunsuz insan əsla bilməz ki, nemət nə olan şeydir və onunla necə rəftar etmək lazımdır. Peyğəmbəri (s) anlamaq, onun buyurduqları ilə tanış olmaq sayəsində digər nemətlərin nemətliliyi dərk edilir və onlar əsas olan nemətə - qurbi-İlahi məqamına yetişərək nicat tapmaq nemətinin əldə edilməsinə bir açar rolunu oynayır.

Bəs elə isə hər birimiz Həzrət Peyğəmbərin (s) mübarək vücudunun hasil etdirdiyi hidayət nemətindən nə dərəcədə doğru-dürüst istifadə edirik? Bizim vaxtımız, zamanımız nə dərəcədə Rəsuli-Əkrəmə uyğun halda keçir? Bax, mövzu budur. Ən çox düşünülməli məsələlərdən biri budur: biz Peyğəmbərimizin (s) mübarək vücudunun nemətliliyindən doğru istifadə edirikmi?

İnsan bu mövzunun üzərində mütəmadi düşünsə, nemətin nə olduğu, şükrün nə olduğu, şükrü necə etmək, həqiqi şükür edənlərdən nə yolla olmaq mümkündür kimi sualların cavabını tapar. Həqiqi şükrü əda etmək yolunu müəyyən edə bilər.

Təqva nədir?

Əslində bu, İlahi təqva mövzusu ilə vücudi bağlantısı olan bir məsələdir. Bu, bir Allahın hədiyyəsidir ki, insan bu barədə düşünsün. Düşünmək - ən böyük nemətlərdəndir. Hər şey düşünməkdən, fikirləşməkdən, anlamaqdan başlayır. Düşünməyən insan haqqa yetişməz. Təqva durumunun nə olduğunu lazımınca dərk etməz.

Əmirəlmömininin (ə) mübarək bir buyuruşu var: "Allahdan çəkinərək təqvalı olmaqdan möhkəm yapışın. Çünki, təqvanın tutacağı möhkəm olan kəndiri və hündürlüyü göyə ucalmış sığınacağı vardır".

Diqqət edək: nə zaman təqvalı olmaqdan danışılır. Bunun zəruri şərti, təqvalı olmanın, təqvalı olmaqlılıqdan mökəm yapışmağın şərti kimi Allah Təaladan çəkinmək göstərilir. Allahdan çəkinmək nə deməkdir? İnsan əməllərində, rəftarlarında, davranış və hərəkətlərində müəyyənedici amil olaraq Rəbbinin razılığını güdür. Yəni, insan bir əmələ qol qoymamışdan öncə düşünür ki, görəsən Rəbbinin bu işdə razılığı varmı? Görəsən Allahımın bu işdə nəzəri, baxışı, razılığı nədədir? Nələri bəyənir və nələrdən çəkinməyi tövsiyə edir? O zaman ki, insan bunlara uyğun hərəkət edəcək - onun əməl konsepsiyası "Allahdan çəkinmə" kimi bir mübarək məfhumla ifadə olunacaq. Və əziz Əli (ə) məntiqinə əsasən, bu insanı təqvalılıqdan yapışanlardan hesab etmək olacaq.

Mübarək hədisdə təsvir olunan halda bir diqqətçəkən məqam da var ki, burada təqvalılığın davamlılığına işarə olunur. Belə ki, təqvalılıq bir ani halət, müvəqqəti əhval olaraq deyil, davamlı və mükəmməl bir mələkə kimi təqdim edilir. Və bu davamlılığın Allahdan çəkinmək amili ilə bilavasitə rabitəsi var. İnsan xəbərdar edilir ki, Allahın razılığını axtarmadığı və Allahın bəyənmədiyi işlərə konformistcəsinə yaxınlaşdığı zaman təqvalılıq xislətindən onda əsər qalmayacaq. Təqvalı insan hər zaman bir kompas təki, öz həyat marşrutunu Yaradanın razılıq qütbünə yönəldir.

İmtahanlarda özünü tapmaq

Əlbəttə ki, normal adi vəziyyətdə bir çox insan Yaradanın, ona qəyyumluq edən, ona sonsuz məhəbbət göstərən Rəbbinin razılığını düşünməyə çalışar və aşkar haram işlərdən çəkinməyə meyilli olar. Şərt odur ki, insan çətin seçim və sınaq qarşısında durduqda, imtahan verdikdə Rəbbinin razılığı amili barədə unutmasın. İmtahanlar müxtəlif olur. İnsan imtahanları seçmir, imtahanlar insanı seçir. Elə də olur ki, insanın başı problemlərə o qədər qarışır ki, imtahan dünyasında yaşadığını unudur. Problemlər məngənəsi onu o qədər sıxır ki, insan İlahi rizayəti gözləməyi fikrinə belə gətirmir. Halbuki, məhz Allahdan yapışmaq və Allaha təvəkkül etməklə hər bir müşküldən nicat tapmaq olar. Və müşkülün özü aradan getməsə də belə, ona sinə gərərkən əldə olunan ruhi halət insana bir qazanc olaraq qalır.

Burada diqqət yetirilməli əsas məqamlardan biri odur ki, müəyyən hallarda proses insanı elə aparır ki, insan haradan gəldiyini, harada olduğunu və hara gedəcəyini unudur. Nahaqqa imza atır, haqqın müxalifinə hərəkət edir. Bu davranış tərzi o amildən qaynaqlanır ki, insan vaxtarışı mənəvi durumunu təftiş etmir, qəlbinin dərinliyində olan zəif nöqtələrin islahı barədə düşünmür. Nəticə etibarilə bir gün əməllərinə görə cavab verəcəyi barədə fikir belə etmir. Bu azmış kimi, öz həyatının da 180 dərəcə dönməsinin fərqinə varmır.

Diqqət etmək lazımdır o məsələyə ki, lənətlik iblis birdən-birə insana haram təklifləri etmir. Detalların, xırda konformizmlərin arxasında gizlənərək, insana onun missiyasını unutdurur və tədricən mənəvi tənəzzülə doğru yönədlir. Agah olmasa, insan onun tələsinə düşərək, özünü unudacaq.