Azərbaycan Qafqazın İPRAda təmsil olunan ilk ölkəsi ola bilər Bart de Vries FOTO


Digərləri 27 Fev 2018 19:15:00 214 0

Azərbaycan Qafqazın İPRAda təmsil olunan ilk ölkəsi ola bilər  Bart de Vries  FOTO

APRA və İPRA birgə əməkdaşlığa dair müzakirələr aparıb.

Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının (APRA) nümayəndələri Bakıda səfərdə olmuş Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyasının (İPRA) prezidenti cənab Bart de Vries ilə işgüzar görüş keçiriblər.

APRA-dan Son.az-a verilən məlumata görə, iki təşkilat arasında mümkün əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədi ilə baş tutan görüşdə tərəflər Azərbaycanda ictimaiyyətlə əlaqələr sahəsinin inkişafına təsir göstərə biləcək bir sıra mühüm mövzularla bağlı razılıq əldə ediblər.

Görüşdə müzakirə edilmiş mövzulardan biri beynəlxalq təcrübəyə çıxış imkanı əldə etmək istəyən yerli PR mütəxəssisləri üçün İPRA-nın üzvlük imkanlarının təqdimatı olub. Belə ki, İPRA prezidenti bildirib ki, rəhbərlik etdiyi beynəlxalq təşkilat özünün üzvlük hüdudlarının daha da genişləndirilməsində maraqlıdır. Onun sözlərinə görə, Azərbaycan İPRA-da təmsil olunan Qafqaz regionunun ilk ölkəsi ola bilər və bu məqsədlə APRA-ya İPRA-nın regional bölməsi statusunun verilməsi mümkündür. "İPRA-nın Azərbaycanda APRA üzərindən regional bölməsinin yaradılması hər iki təşkilatın qarşısında peşəkar kommunikasiya mütəxəssisləri icmasında daha geniş təmsilçilik imkanları açacaq," - deyə cənab Bart de Vries vurğulayıb.  

Görüşdə həmçinin, İPRA-nın hər il təşkil etdiyi "Golden World Awards" (GWA) müsabiqəsi barədə də fikir mübadiləsi aparılıb. Məlumat verilib ki, sözügedən müsabiqə dünyada ictimaiyyətlə əlaqələr sahəsində keçirilən ən nüfuzlu sahəvi müsabiqələrdən biridir və bir neçə kateqoriya üzrə dünyanın müxtəlif bölgələrindən təqdim edilmiş çoxsaylı PR layihələrinin münsiflər tərəfindən qiymətləndirilməsini nəzərdə tutur. APRA nümayəndələri GWA müsabiqəsinin işində yaxından iştirak etməkdə maraqlı olduqlarını və bu müsabiqədə Azərbaycandan uğurlu PR layihələrinin iştirakını təmin edə biləcəklərini ifadə ediblər. Bunun qarşılığında yerli mütəxəssislərin layihələrinin sözügedən müsabiqədə təmsil olunmasının əvəzolunmaz təcrübə və yeni əlaqələr qazanılmasına yol açacağı qeyd edilib.


Xəbərə aid foto