Bakıda vahid endirim kartı Qiymətlər, qaydalar, istifadə yerləri


Digərləri 27 Fev 2018 17:27:00 222 0

Bakıda vahid endirim kartı  Qiymətlər, qaydalar, istifadə yerləri

Fevralın 28-də Milli Turizm Təbliğat Bürosu, Bakı Nəqliyyat Agentliyi və "PASHA Travel" şirkəti arasında üçtərəfli qaydada Bakı şəhərinin rəsmi şəhər kartının yaradılması məqsədilə memorandum imzalanacaq.

Bu barədə Son.az-a açıqlamasında Milli Turizm Təbliğatı Bürosunun mətbuat katibi Kənan Quluzadə bildirib.

Onun fikrincə, "Baku Card"ın olması ölkəmizə, xüsusən Bakıya səfər edən turistlərdə daha da çox maraq yaradacaq: "Bu, biznes və dövlət strukturlarının birgə və ilk genişmiqyaslı layihəsidir. "Baku Card" Azərbaycanda ilk və yeganə rəsmi şəhər kartı olacaq. Amma ümumiyyətlə götürdükdə bu heç də yenilik deyil və dünyanın bir sıra ölkələrində, xüsusən turistlərin çox ziyarət etdiyi şəhərlərdə bu cür kartlardan istifadə olunur və çox populyardır. Bakıda da bunu çoxdan etmək lazım idi, hətta biz bu məsələdə bir qədər gecikmişik. Nəzərdə tutulur ki, "Baku Card" əldə etmiş həm yerli əhali, həm də xaricdən gələn turistlərin muzey və mədəniyyət mərkəzlərinə girişi, eləcə də ictimai nəqliyyatdan istifadəsi ödənişsiz və ya endirimli olsun. Məsələn, metro və avtobuslar pulsuz, taksilərin bəziləri pulsuz və ya endirimli olacaq. Bundan əlavə, "Baku Card" sahibləri ticarət və istirahət obyektləri - mağazalar, kafelər, restoranlar və s. yerlərdə müxtəlif endirimlər və xüsusi təkliflər əldə edəcəklər. Paketdə yer alan obyektlərin sayı çoxdur və getdikcə də genişlənəcək".