Sain Fərhad: "Hollywoodda Azərbaycan haqqında məlumatı olan heç kimə rast gəlmədim" - müsahibə


İdman 27 Fev 2018 16:50:00 285 0

Sain Fərhad: "Hollywoodda Azərbaycan haqqında məlumatı olan heç kimə rast gəlmədim" - müsahibə

Sain Fərhad Fərmanlı çoxlarına tanış simadır. Kaskadyor, döyüş səhnələrinin xoreoqrafı bir sıra keyfiyyətli işləri ilə Azərbaycandan kənarda da gündəmə gəlib. Həmyerlimizin Hollywood`da təşkil olunan xüsusi kurslara dəvət alması çox şeydən xəbər verir. Goal.az saytının bu dəfəki həmsöhbəti məhz öz işinin ustası, Kombat Kapoeira üzrə 3-cü, Şotakan və Qodcu - Ryu Karate üzə 1-ci dan qara kəmər sahibi Sain Fərhaddır.

- Özünü necə təqdim etməyi xoşlayırsan?

- Adımın qarşısında statuslarımın deyilməsini çox vaxt lazımsız görürəm. Sadəcə "Sain" kimi təqdim olunmağa üstünlük verirəm. Kimə maraqlı gəlsə, maraqlanıb haqqımda əlavə məlumat əldə edə bilər. Sainin sahib olduğu şəxsiyyət onun hansı sənət sahibi olmasından fərqli anlayışdır. Kimlik fərdin mənliyinə aid olan cəhətdir. Bir şəxsi çalışdığı peşəyə görə xarakterizə etmək olmaz. İnsanı ən yaxşı tanıyan Allahdır. Bir şəxs həyatı boyunca özünü dərindən dərk etsə də, kimliyi barədə konkret söz deyə bilməz.

- Səni döyüşçü, yoxsa aktyor kateqoriyasına aid etmək lazımdır?

- Fiziki olaraq döyüşçü deyiləm, döyüşdən uzun zamandır uzaqlaşmışam. İllərdir yarışlarda, turnirlərdə iştirak etmirəm. Amma həyat fəlsəfəm, haqq-ədalət mübarizəm davam edir. Bu baxımdan özümü döyüşçü hesab edirəm. Özümü aktyor, kaskadyordan başqa, artist də hesab edirəm. Aktyor "act" sözündən götürülüb, icraçı mənasını verir. Artist sözünün kökü - "art" incəsənət kimi tərcümə olunur. Bu baxımdan ingilis dilində işlənən "martial artist" məhfumu xoşuma gəlir. Hazırda döyüşə yaradıcı tərəfdən yanaşıram. Həyatda hər şey olur. Mövzu qırmızı cizgi, müəyyən dəyərlər olsa, fiziki döyüşə də hazıram.

- Hansı döyüş növlərini filmlərdə, yaradıcı aspektdən istifadə etmək daha asandır?

- Filmdə konkret döyüş stili tətbiq edilirsə, onu dərindən öyrənmək lazımdır. Çünki buraxılan səhvlər daha qabarıq görünəcək. Məsələn, Donni Yen İp Man roluna çəkilmək üçün Vin Çunu mükəmməl öyrənməli idi. Digər filmlərdə isə, səhnədən asılı olaraq qarışıq döyüş növlərindən istifadə edir. Hər bir döyüş sənətinə zərurət varsa, ona filmdə yer vermək mümkündür. Eyni zamanda peşəkar döyüşçünü belə filmə çəkmək üçün onu sıfırdan hazırlamaq lazımdır. Tatamidə və kinoda qarşıdurma mahiyyətcə fərqlidir. Real həyatda rəqibə zərbə endirməyə çalışdığın halda filmdə zərbəni inandırıcı göstərib qarşı tərəfi vurmamalısan. Təbii ki, kameralarla işləmək bacarığı da olmalıdır.

- "Action Academy" layihəsindən məqsədin nədir?

- "Ekşn" (action) film janrlarından biridir. Action Academy`nin məqsədi bu janrı Azərbaycanda peşəkar formada və yüksək səviyyədə inkişaf etdirməkdir. Keyfiyyətli neft bizim vizit kartımızdır. Çalışırıq ki, Azərbaycan nəzərəçarpan "ekşn" janrına görə də seçilsin. Gənc nəslə bu işi öyrətmək istəyirik ki, 5-10 ildən sonra bacarıqlı döyüş-xoreoqrafı, aktyor və kaskadyorlarmız olsun. Fikrimcə, ölkənin mədəniyyətinə böyük fayda verə bilərik. Proses artıq başlayıb. Ümid edirik ki, bizə maddi dəstək verənlər ortaya çıxar və planlarımızı reallaşdıra bilərik.

- Qrupun qarşıda hansı planları var?

- Hazırda kriminal-komediya janrında olan bir film üzərində işləyirik. Adı "III Lot" olacaq. Baş rolda mənimlə bərabər Tural Şirməmmədov ve Emin Abışovdur. Digər rollarda isə Samir Ələsgərov, Mehriban Xanlarova, İslam Mehrəliyev, Qorqud Cəfər, Əli Nəcəfi, İsmayıl Kərimov və başqları yer alacaq. Ekran işi Action Academy, Partners Production və "Focus" yaradıcılıq birliyinin birgə layihəsidir. Yazdan bu işin PR kampaniyasına başlamağı düşünürük. Kastinqlər, mətbuat konfransları təşkil olunması planlaşdırılıb. Qismət olsa, yaydan çəkilişlər başlanacaq. Üzv olduğum "Nomad Stunts" kaskadyor qrupunun bəzi üzvlərini dəvət etmək fikrim var. Ola bilsin, filmi MBD və Avropa bazarına çıxardıq. Düzdür, şəxsi planlarım da var. Amma həmin işi ərsəyə gətirib göstərmək istəyirik ki, Azərbaycan tamaşaçısına komediya adı ilə qələmə verilən "gülməli filmlər"dən fərqli janr təqdim etmək olar. Bəzi dırnaqarası rejissorlar kimi demək istəmirik ki, tamaşaçı başa düşmür deyə alternativ janrda çəkmirik. Milləti belə aşağılamaq olmaz. Deyirlər, insanlar dramı anlamır. Deməli, sən yaxşı çəkə bilmirsən. Yəqin, güclü komediya çəkdiklərini düşünürlər. Bu dəqiqə hamını pul qazandırmaq düşündürür. Ona görə hər ay eyni aktyor və aktrisaların iştirakı etdiyi 2-3 oxşar filmin təqdimatı keçirilir. Çəkiliş 15-20 günə başa çatır. Sonra günah 9 milyonluq Azərbaycan xalqında olur ki, dram, ekşn janrlarını anlamırlar. Ayrı vaxt vətənpərvərlik pafosla danışırlar. Amma, demə, bunların komediya çəkməsinə səbəbkar xalq imiş....

- Yeri gəlmişkən, komediya filmlərinin bu qədər çox çəkilməsinə səbəb nədir?

- Hər bir insan gülməyi sevir. Niyə bizim millət komediya olmayan Türkiyə seriallarına həvəslə baxır? Deməli, onlar dram çəkməyi bacarırlar. Amerikanın ekşn filmləri, italyan və fransız komediyaları niyə bizdə çox izlənir? Belə nəticə çıxır ki, xalq bu janrları başa düşür. Elin gözü tərəzidir, yaxşı və pisi ayırmağı bacarır. Düşünürəm ki, ortalıqda olan gülməli filmlərə görə kinoteatra gedənlər sadəcə yerli ekran işləri ilə tanış olmaq istəyir. Özümüzküləri görmək xoşdur, istər-istəməz doğmalıq baş qaldırır. Amma 2 gündən sonra bu cür ara filmlər unudulur.

- Ötən il sənin iştirakınla "Don Marleone" filmi ekranlara çıxdı. Bu film barədə şəxsi fikirlərini bilmək istərdik.

- Don Marleone Azərbaycanda uzun illərdən sonra tam metrajli, dinamik və döyüş səhnələri ilə zəngin film idi. Komedik səhnələr xüsusilə uğurlu alinmışdi. Lakin ümumilikdə, film həvəskar səviyyədə idi. Ona göre də çox xırdalığa getməyə ehtiyac yoxdur. Hər halda bu işdə əziyyəti olan bütün kollektivə növbəti işlərində daha böyük uğurlar arzulayıram.

- Nomad Stunts`a üzvlük sənə karyeranda hansı perspektivleri açır?

- Hollywood, Bollywood ve digər böyük studiyalar tərəfindən istehsal olunacaq filmlərdə yer almağım üçün real şans əldə etmiş oldum. Nəzərinizə çatdırım ki, Nomad Stunts "47 Ronin", "Marco Polo", "Viking", "Conan the Barbarian", "The Expendables", "Bahubali", "Joker", "Dirili" ve sair böyük layihələrin ərsəyə gətirilməsində böyük pay sahibidir. Bu peşəkar kaskadyorlar qrupunu 2000-ci ildə Jaydarbek Kunqujinov təsis edib. Onunla Amerikada olduğum vaxt bir neçə dəfə görüşmüşdüm. Artıq növbəti layihələrdə mənim də iştirakım gözlənilir.

- 2017-ci ilin mayında Hollywood`da təşkil olunan kurslara qatıldın. Orda Azərbaycanı tanıyırlarmı?

- Hollywood nağıllar aləmi, başqa bir dunya təsiri bağışlayır. Düzü, orda Azərbaycan haqqında məlumatı olan heç kimə rast gəlmədim. Bu isə təəssüf doğuran haldır. Çünki Kaliforniyada "Little Armenia" (red. Kiçik Ermənistan) məntəqəsi də var və orda ermənilər çox fəaldır. Əlbəttə, bacardığım qədər ölkəni tanıtmağa çalışdım. Kursları fərqlənmə ilə bitirməklə Azərbaycan vətəndaşlarının da başqalarından geri qalmadığını və hər bir sahədə birincilər sırasında ola biləcəklərini sübut etdim. Orda yaxşı qarşılandım. Təlimatçılarımız Hollywood filmlərinin ərsəyə gəlməsində böyük zəhmətləri olmuş, dəfələrlə mükafat almış çox tanınmış şəxsiyyətlər idi. Bu cür peşəkarların diqqətini, mənimlə çalışmaq istəyi çox sevindirici idi.

- Sonda nə demək istərdin?

- Həmişə öz həmkarlarımın nöqsanlarından danışıram, bu dəfə mediaya iradlarımı bildirmək istəyirəm. Azərbaycan mediasında çalışan bir çox şəxsin, sanki heç bir əzizi, yaxını və ailəsi yoxdur. Elə bil informasiya onlar üçün lağ-lağadır. Kiminsə sinəsinə tatu vurdurması o qədər maraqlı hadisədir ki, bu haqda yazırlar? Verdikləri xəbərlərin çoxu İnstagramda "like" yığan mənasız səhifələrin səviyyəsindədir. Sanki bir çox jurnalistler həyatda sevgi görmədikləri üçün yazılarının topladığı oxucu sayı ilə təsəlli tapmağa çalışırlar. Bir tərəfdən bunu başa düşmək olar. Amma sevimli olmaq üçün ilk öncə səviyyəli olmaq lazımdır. Mənə maraqlıdır, hansı səbəbdən media mənsubları, həqiqətən, ölkəyə fayda verən insanları işıqlandırmır? Nəyə görə bəzi media orqanları onlara müraciət edən insanlardan efirə çıxmaq üçün pul istəyirlər? Hamını "manıs" kateqoriyası kimi görmək düzgün deyil. Həqiqi mənada vətənə xeyri deyə biləcək jurnalistləri saymaq üçün bir əlin barmaqları kifayət edir. Yalançı vətənpərvərlik, patriotizm onların çoxunun gözündən görünür.