Prezident İlham Əliyev: “Azərbaycanda pambıq istehsalı 35 min tondan 207 min tona qalxıb”


İqtisadiyyat 27 Fev 2018 16:20:43 266 0

Prezident İlham Əliyev: “Azərbaycanda pambıq istehsalı 35 min tondan 207 min tona qalxıb”

Dövlət başçısı: “Bu gün bizim əsas məqsədimiz qeyri-neft ixracının artırılmasıdır və bu istiqamətdə də çox gözəl işlər görülür”

 “Bu gün bizim əsas məqsədimiz qeyri-neft ixracının artırılmasıdır və bu istiqamətdə də çox gözəl işlər görülür. Eyni zamanda, bu fabrikin timsalında biz ölkəmizin hərtərəfli inkişafını görürük. Çünki bu, böyük sənaye mərkəzidir, sənaye müəssisələridir. Eyni zamanda, burada əsas xammal yerli pambıqdır, mahlıcdır”. 

“Report”un xəbərinə görə, bunu Prezident İlham Əliyev “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə müəssisələrinin açılış mərasimində deyib.

Dövlət başçısı bildirib ki, son illər ərzində pambıqçılığın sürətli inkişafı bu fabriklərin yaranmasına zəmin oldu: "Əgər biz iki il bundan əvvəl pambıqçılığın dirçəldilməsi ilə ciddi məşğul olmasaydıq, bu fabriklər də yaranmayacaqdı. Çünki xaricdən mahlıc gətirmək, burada onu ipliyə çevirmək çox bahalı bir təşəbbüs ola bilərdi. Ona görə son iki il ərzində Azərbaycanda pambıq istehsalı 35 min tondan 207 min tona qalxıb. Ümid edirəm ki, bu il daha çox pambıq yığımı nəzərdə tutulur. Pambığın, mahlıcın əsas hissəsi Azərbaycanda emal olunacaq, beləliklə əlavə dəyər, iş yerləri yaranacaq və biz mahlıcı yox, hazırda ipliyi, gələcəkdə isə hazır məhsulu, tekstili, parçanı ixrac edə və daxili bazarı təmin edə bilərik.

Kənd təsərrüfatının sürətli inkişafına böyük dövlət dəstəyi göstərilir, texnika alınır, suvarma işləri aparılır, güzəştli şərtlərlə gübrələr, yanacaq, subsidiyalar verilir, o cümlədən pambıqçılığın inkişafı, sənaye müəssisələrinin yaradılması üçün dövlət öz dəstəyini göstərir. Özəl sektor da bu işlərdə çox fəaldır. Ona görə ölkəmizin hərtərəfli inkişafı üçün bu əsas istiqamət mütləq inkişaf edəcək. Sənaye istehsalı, kənd təsərrüfatı məhsullarının istehsalı - Mingəçevirdə biz bu iki önəmli sahənin birləşməsini görürük və beləliklə, Mingəçevir dediyim kimi, Azərbaycanın ən güclü sənaye mərkəzlərindən birinə çevrilir.

Bu, hələ başlanğıcdır. Bu iki fabrikin işə düşməsi əminəm ki, yeni fabriklərin yaranmasına təkan verəcək və planlar da var. 2016-cı ildə göstərilən təqdimatda bildirilmişdi ki, yeni fabriklərin yaranması nəzərdə tutulur. Əminəm ki, yaxın gələcəkdə Mingəçevirdə minlərlə yeni iş yeri yaradılacaqdır".