Əli Həsənov: “Azərbaycanın qlobal mövqeyi Avropada daha aydın görünməyə başlayıb”


Siyasət 27 Fev 2018 11:01:00 302 0

Əli Həsənov: “Azərbaycanın qlobal mövqeyi Avropada daha aydın görünməyə başlayıb”

“Azərbaycanın dünyanın mərkəzi olmasını istəyirik”

“Artıq Azərbaycanın qlobal mövqeyi Avropada daha aydın görünməyə başlayıb. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyənin TRT WORLD kanalına müsahibəsində deyib.

Ə.Həsənov vurğulayıb ki, Azərbaycan bir sıra qlobal enerji və nəqliyyat layihələrinin müəllifidir: “Azərbaycan logistik mərkəzə çevrilib. Bakı-Tbilisi-Ceyhan, neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP, TAP layihələri məhz Azərbaycanın təşəbbüsü və dostlarının dəstəyi ilə reallaşıb. Biz Bakı-Tbilisi-Qars dəmir yolunu Türkiyə ilə birgə tikmişik. Biz Şərq ilə Qərbi dəmir yolu ilə birləşdirməyə nail olmuşuq. Əgər yüklər Çindən Avropaya 35-40 günə çatdırılırdısa, bu, indi yalnız 14 gün çəkəcək. İndi Azərbaycan İran və Rusiya ilə eyni qaydada qatar yolu çəkir. Azərbaycan bu yolların mərkəzində yerləşir. Biz Azərbaycanın dünyanın mərkəzi olmasını istəyirik. Bütün bu nailiyyətlərə Azərbaycan son 20 ildə nail olunub”.