MSK sədrinin müavini: "Azərbaycan dövləti xalqın seçkilərdə iradəsini azad şəkildə ifadə etməsi üçün şərait yaradıb"


Digərləri 27 Fev 2018 10:45:41 138 0

MSK sədrinin müavini: "Azərbaycan dövləti xalqın seçkilərdə iradəsini azad şəkildə ifadə etməsi üçün şərait yaradıb"

MSK prezident seçkiləri bağlı müraciətlərin araşdırılmasına həsr olunan seminarlara başlayıb

Mərkəzi Seçki Komissiyası (MSK) Prezident seçkiləri ilə bağlı müraciətlərin araşdırılmasına həsr olunan üçgünlük seminarlara başlayıb. 

"Report" xəbər verir ki, vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin maarifləndirilməsinə yönəlmiş tədbirdə MSK üzvləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi və komissiya Katibliyinin təmsilçiləri iştirak ediblər.

Mərkəzi Seçki Komissiyası sədrinin müavini Natiq Məmmədov deyib ki, seminarların keçirilməsində məqsəd dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinin müraciət və şikayətlərə baxılması ilə bağlı məlumatlarının artırılması, praktiki vərdişlərin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün onların fəaliyyətinin təkmilləşdirilməsindən ibarətdir.

O qeyd edib ki, aprelin 11-nə təyin edilən Prezident seçkiləri ilə əlaqədar MSK seçkilərin yüksək səviyyədə hazırlanıb azad, ədalətli və şəffaf keçirilməsinə, eləcə də müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsinə hədəflənmiş irimiqyaslı layihələri davam etdirir.

N.Məmmədov əlavə edib ki, Azərbaycan dövləti xalqın seçkilərdə iradəsini azad şəkildə ifadə etməsi üçün şərait yaradıb: "Hər bir seçicinin səsi azad ifadə olunmalıdır. Bu prosesin həyata keçrilməsi üçün kifayət qədər imkanlar, o cümlədən qanunvericilik bazası var və bütün bunlar dünya standartlarına cavab verir. Eyni zamanda, ölkədə seçki komissiyalarının maddi texniki bazası təkmildir və dünya ölkələri ilə müqayisə etsək görərik ki, Azərbaycan öncül sıralarda durur”.

Qeyd edək ki, martın 1-dək davam edəcək seminarların ümumilikdə ölkə üzrə 125 dairə seçki komissiyasının bütün ekspert qrupu üzvlərini əhatə etməsi nəzərdə tutulur.