Prezidentin köməkçisi: “Qoşunların təmas xəttində hər an qarşıdurma baş verə və bu da hər an müharibəyə çevrilə bilər”


Siyasət 27 Fev 2018 10:47:00 288 0

Prezidentin köməkçisi: “Qoşunların təmas xəttində hər an qarşıdurma baş verə və bu da hər an müharibəyə çevrilə bilər”

“Təəssüflər olsun ki, Azərbaycana qarşı bu savaşı təkcə Ermənistan həyata keçirmir”

“Ermənistan artıq 30 ilə yaxındır Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma yurd-yuvasından didərgin salınaraq qaçqın və məcburi köçkün həyatı yaşayır”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyənin TRT WORLD kanalına müsahibəsində deyib.

O xatırladıb ki, BMT Təhlükəsizlik Şurası işğala son qoyulması, Ermənistan ordusunun Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması, qaçqın və köçkünlərin doğma yurdlarına qayıtması barədə 4 qətnamə qəbul edib: “Digər beynəlxalq təşkilatların da bu cür qərar və qətnamələri var. Lakin Ermənistan beynəlxalq qurumların qərar və qətnamələrinə məhəl qoymur, Azərbaycanın torpaqlarını işğal altında saxlamaqda davam edir. Bunun da səbəbi beynəlxalq aləmdə mövcud olan ikili standartlardır. Ermənistan bu ikili standartlardan istifadə edərək beynəlxalq təşkilatların, o cümlədən bu münaqişənin həlli ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupunun qərarlarına əməl etmir. Münaqişənin sülh ilə həllinə dair Azərbaycanın dəyişməz mövqeyi ondan ibarətdir ki, ölkənin ərazi bütövlüyü bərpa olunmalı, qaçqınlar və məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar. Əsir və girovlarla bağlı məsələyə gəldikdə, deməliyəm ki, minlərlə azərbaycanlı hələ də Ermənistanda əsirlikdədir. Azərbaycan bütün əsirləri qaytarsa da, Ermənistan azərbaycanlı əsir və girovları qaytarmaq istəmir. Ermənistan bu məsələdə də beynəlxalq təşkilatların tələblərinə əməl etmir”.

Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşadığını, onların ehtiyaclarının necə ödənildiyi barədə sualı cavablandıran Əli Həsənov deyib ki, Azərbaycan dövləti 30 ilə yaxındır bu qəbildən olan insanların problemlərinin həlli ilə məşğuldur: “Dağlıq Qarabağ müharibəsi başlayanda Azərbaycanın 8 milyon əhalisi var idi. Münaqişə nəticəsində əhalimizin hər 8 nəfərindən biri öz doğma yurdundan didərgin düşmüşdü. Onlar çadır şəhərciklərində, yataqxanalarda, uşaq bağçalarında, dəmir yolu vaqonlarında yerləşmişdilər. Azərbaycan hökuməti bu qəbildən vətəndaşlarının sosial-məişət problemlərini həll etmək üçün mühüm qərarlar qəbul etdi və uğurla yerinə yetirdi. Çadır şəhərcikləri ləğv edildi, yeni qəsəbələr salındı, qaçqın və məcburi köçkünlər mənzillə təmin olundu. Bizim bu qəbildən vətəndaşlarımızın bir istəyi var – doğma yurdlarına qayıtmaq. Onlar inanırlar ki, tezliklə bu arzularına qovuşacaqlar. Əlbəttə, bu, belə də olacaq. Azərbaycan işğal olunmuş ərazilərdəki şəhərləri, kəndləri, infrastrukturu bərpa edəcək. Amma ən ağrılı məsələ insanların həyatlarını itirmələridir. Ermənistan azərbaycanlılara qarşı soyqırımı törədib. Xocalı şəhəri yerlə-yeksan edilib, tarixi, mədəni, dini abidələrimiz dağıdılıb, Xocalının 613 sakini bir gecə məhv edilib”.

Müxbirin cəbhə xəttində atəşkəsin tez-tez pozulduğunu, 2016-cı ilin aprel ayında hərbi qarşıdurmanın və həmin döyüşlərdə Azərbaycan ordusunun uğurlu əməliyyatlarının şahidi olduğumuzu, Ermənistan hakimiyyətinin danışıqlar prosesindən boyun qaçırdığını nəzərə alsaq, yeni hərbi qarşıdurmanın başlanması təhlükəsi ehtimalı barədə nə deyə bilərsiniz sualını cavablandıran Prezidentin köməkçisi bildirib ki, qoşunların təmas xəttində hər an qarşıdurma baş verə və bu da hər an müharibəyə çevrilə bilər: “Ermənistan hər gün atəşkəsi pozur, işğal etdiyi yüksəkliklərdən kəndlərimizi, dinc sakinlərimizi atəşə tutur. 2016-cı ilin aprelində də belə oldu. Ermənistan ordusu strateji yüksəkliklərdən yaxınlıqdakı kəndləri atəşə tutdular. Azərbaycan Ordusu məcbur olub əks-hücuma keçdi və böyük uğur qazandı. İnsanlar öz doğma torpaqlarına, ata-baba yurdlarına qayıtmaq istəyirlər. Əgər sülh danışıqları nəticə verməsə Azərbaycan dövləti öz ərazilərini azad etmək üçün bütün vasitələrdən istifadə edəcək. Azərbaycan Ordusu buna tam hazırdır. Aprel döyüşləri ordumuzun gücünü göstərdi. Təəssüflər olsun ki, Azərbaycana qarşı bu savaşı təkcə Ermənistan həyata keçirmir, bunun arxasında həm də çox güclü erməni lobbisi, həmçinin bəzi beynəlxalq güclər, erməni lobbisi tərəfindən maliyyələşdirilən dairələr, siyasətçilər dayanırlar.

Azərbaycan öz haqq işini müdafiə etmək, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün səylər göstərir. Artıq bir çox uğurlarımız da var. Dünyanın 10-dan çox ölkəsinin parlamenti, ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanı Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Biz bu işi o vaxta qədər davam etdirəcəyik ki, Ermənistan Xocalı soyqırımı zamanı törətdiyi vəhşiliklərə görə Azərbaycan xalqından üzr istəsin”.