BSU-da Xocalı faciəsi anılıb (FOTO)


Digərləri 27 Fev 2018 10:24:00 462 0

BSU-da Xocalı faciəsi anılıb (FOTO)

Bakı Slavyan Universitetində (BSU) Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Bakı. Bakı Slavyan Universitetində (BSU) Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. BSU-dan Trend-ə verilən məlumata görə, mərasim Xocalı soyqırımında həyatını itirən soydaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva faciə qurbanlarının xatirəsini dərin hüznlə xatırlayaraq Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımından 26 il ötdüyünü qeyd edib. N.Əliyeva beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən, bəşər tarixinə böyük qanlı faciə kimi daxil olan bu terror aktının Azərbaycan xalqının qan yaddaşında silinməz izlər qoyduğunu diqqətə çatdırıb. Rektor bildirib ki, Azərbaycanın 20 faiz torpağının işğal edilməsini, insanların öldürülməsini, tarixi abidələrin məhv edilməsini dünya ictimaiyyətinə çatdırmaq hər bir Azərbaycan vətəndaşının borcudur. Vətənpərvər ruhda böyüyən müasir Azərbaycan gənclərinin hər an döyüşə hazır olduqlarını vurğulayan N.Əliyeva 2016-cı ilin aprel döyüşlərində ordumuzun göstərdiyi şücaətin bunun bariz nümunəsi olduğunu qeyd edib. O, ölkə daxilində, o cümlədən ölkədən kənarda Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaq istiqamətində görülən işlərdən, təşkil olunan aksiya və tədbirlərdən söz açaraq həmvətənlərimizin ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq idealogiyasını rəhbər tutaraq dövlət siyasətinə dəstək olduqlarını bildirib. Yaxın zamanda torpaqlarımızın düşmən tapdağından azad olunacağını əminliklə vurğulayan N.Əliyeva gəncləri düşməndən qisas almaq üçün hər an hazır olmağa səsləyib.