Azərbaycanda atçılıq turizmi FOTO


Digərləri 26 Fev 2018 22:35:00 340 0

Azərbaycanda atçılıq turizmi  FOTO

Türk dünyasının ayrılmaz bir hissəsi olan Azərbaycanda qədimdən zamanlardan atçılıqla məşğul olublar. Son.az AZƏRTAC-a istinadən bildirir ki, hazırda dünyada atın 425-dən çox cinsi var, bunlardan ikisi - Qarabağ və Dilbaz atları bizim ölkədə yetişdirilir. Bu iki at cinsi Azərbaycan xalqının fəxridir. Azərbaycanın ən məşhur milli at cinsi olan Qarabağ qaçağanı barədə biz artıq danışmışıq. Bu dəfə Azərbaycanın digər cıdır atı olan Dilbaz haqqında ətraflı söhbət açacaq, həmçinin atçılığın turizmin inkişafına istiqamətlənən geniş imkanlarına nəzər salacağıq.

Dilbaz gözəlləri

Dağ-minik yük heyvanı olan Dilbaz atları Azərbaycanın Qazax, Ağstafa və Tovuz rayonları ərazisində yetişdirilir. ХVIII əsrədək yalnız Azərbaycanda yetişdirilən bu atlar digər cinslərlə cütləşdirilməyib. XVIII əsrin ortalarından başlayaraq, Dilbaz cinsinin formalaşmasında ərəb, fars və türkmən atlarının bəzi təsiri olub. Lakin Dilbaz cinsinin inkişafında Qarabağ qaçağanlarının da rolu olub.

Dilbazlar onlara xas qərarsız temperamenti və geniş yayılmış yorğa yerişi ilə seçilir. Bu, sağlam, uzunömürlü və törəyib artan cinsdir. Xasiyyəti əsəbi və çox enerjili olan atın müsbət əlaməti onun yüksək cəldliyidir. İlxıda saxlanan atların inkişafı 4-5 yaşında başa çatır. Atlar qış aylarını dəniz səviyyəsindən 500 metr yüksəklikdə yerləşən, sərt relyefə və yarımsəhra bitki aləminə malik otlaqlarda keçirir.

Dilbazların bədən quruluşu minik üçün xarakterikdir. Rəngləri boz, kəhər (qəhvəyi-qara) olan bu atların kiçik gövdəsi var. Hündürlükləri 135-140 santimetrə, bəzilərində 147-148 santimetrə çatır. Cəldliyi sayəsində 1600 metr məsafəyə 2 dəqiqə 20,3 saniyəyə, 1800 metrə isə 2 dəqiqə 39,1 saniyəyə çatır.

Bu cinsin hündürlüyünə, inkişafına və cəldliyinin artırılmasına Bakı Dövlət Cıdır Meydanında 1923-cü ildən başlayaraq keçirilən təcrübələrin çox böyük təsiri olub.

Dilbaz cinsindən olan atlar dağlarda və milli idman növlərində istifadə olunur. Bu atlar çox dözümlüdür və dağlıq ərazidə gün ərzində 45-55 kilometri 115-130 kiloqram yüklə, minik kimi isə 70 kilometri çox asanlıqla qət edir. Hazırda Dilbaz atlarının damazlıq əsası Tselostat və Piqmalion tersk atları nəslinin nümayəndələri kimi təqdim edilir. At zavodlarında 140-dan çox nümunəvi Dilbaz atı, o cümlədən yüksək tersk nəslindən damazlıq madyanlar saxlanılır.

Milli atçılıq idmanı oyunları

Ta qədimdən müxtəlif ölkələrdə atların iştirakı ilə oyunlar olub. Məqsəd iştirakçılar arasından ən güclü, cəld olanı və ən əsası atla ideal anlaşanı tapıb irəli çəkmək idi. Azərbaycanda da Qafqaz xalqlarının mədəniyyətlərində olduğu kimi, atçılıq oyunları haqlı olaraq şərəfli yerlərdən birini tutur. Ölkəmizdə yaranan və hazırda da inkişaf edən bir neçə unikal atçılıq oyunları var. Bu oyunlarla bağlı hər il müxtəlif müsabiqə və yarışlar keçirilir.

Məsələn, temperamentli milli sür-papaq oyunu ("papaq qovdu"). Bu oyunu əksər hallarda at basketbolu da adlandırırlar. Oyun 300-400 metr uzununda və 60-120 metr enində olan meydanda keçirilir. Meydanın hər iki qurtaracağında 3 metrlik dirəyə 50 santimetr diametri olan halqa bərkidilir. Dirəyin dövrəsində 5 metrlik cərimə xətti təyin edilir.

Atlılar qoyun dərisindən olan papağı komanda yoldaşına ötürür (oyunçu papağı bir əlindən digərinə ötürməməlidir), cərimə xəttini keçmədən papağı rəqibin dirəyindəki halqaya salmağa çalışırlar. Sür-papaqda hərəsində 6 oyunçu olmaqla, iki komanda mübarizə aparır. Bu oyunçulardan dördü hücumçu, ikisi isə müdafiəçidir (müdafiəçilər yalnız meydanın onlara aid hissəsində oynayırlar). Oyun hərəsi 10 dəqiqə olmaqla iki hissədə, arada 10 dəqiqə fasilə ilə davam edir.

Halqadan keçən papaq komandaya bir xal gətirir, lakin arxa tərəfdən halqaya atılan papaq hesaba alınmır. Oyun iştirakçılarına, həmçinin ön xəttə çıxıb papağı oradan halqaya tuşlamaq, papağı əldə 4 saniyədən artıq tutmaq, rəqibin cərimə meydançasına daxil olmaq, rəqibin atını yolundan döndərmək və başqasının atına və ya atlıya zərbə endirmək qadağan edilir.

Oyunun qaydalarını pozan və digər iştirakçılara münasibətdə kobudluğa görə, müdafiə olunmayan halqaya cərimə zərbələri təyin edilir və oyunçular müəyyən müddətə, bəzən də oyunun sonunadək kənarlaşdırılır.

Çövkən atüstü oyunu - Azərbaycanda ən geniş yayılan qədim milli komanda idman yarışıdır. Bu oyun müasir polonun əcdadı sayılır. 2013-cü ildə Azərbaycan çövkəni UNESCO-nun təcili qorunmaya ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Qədim zamanlarda kübar təbəqənin oyunu sayılan çövkən ayrıca meydanda, xüsusi təlim keçmiş atlarda oynanılırdı. Yarışlarda adətən şah ailəsinin nümayəndələri iştirak edirdi.

Çövkən oyunu hamar otla örtüklü, təxminən 200x120 metrlik meydanda keçirilir. Meydanın hər iki qurtaracağında 3 metrə yaxın ölçüdə qapı qoyulur, 6 metr uzunluğunda yarımdairəvi cərimə xətti çəkilir. Atlılara cərimə xəttini keçmək qadağan edilir. Qapıçı ilə də oyun mümkündür. O zaman qapının eni 7, cərimə xəttinin uzunluğu isə 4 metrə çatır. Hərəyə 6 atlı olmaqla iki komanda qarşılaşır. İştirakçılar 1,5 metrlik çövkən ağacı ilə çox da böyük olmayan taxta topu rəqibin qapısından keçirməyə cəhd göstərirlər.

Oyun meydanın mərkəzindən başlayır və hər vurulan topdan sonra elə həmin nöqtədən də davam edir. Oyunun müddəti 15 dəqiqə olmaqla iki hissə və hissələr arasında 10 dəqiqəlik fasilə ilə davam edir. Fasilədən sonra komandalar meydanda yerlərini dəyişir. Meydanın yan xəttinə vurulan topun (aut) əvəzinə, rəqib komandasına bir oyunçu qaytarılır.

Oyun iştirakçılarına ön xəttə çıxıb oradan qapıya topu tuşlamaq, cərimə meydançasına daxil olmaq, atlara və atlılara çövkən ağacı ilə zərbə endirmək qadağan edilir.

Nəhayət, Azərbaycanın məzəli oyunu sayılan "papaq oyunu"ndan danışmaya bilmərik. Bu oyunda atlılar öz papaqlarını qorumaqla yanaşı, rəqibin başındakı papağı götürməyə cəhd edirlər. Oyunda 5 kişi və 1 qadın iştirak edir. Oyunun qaydalarına görə, qadın iştirakçı kişi oyunçuların papağını götürə bilər, lakin onun papağına dəyməyə kişi oyunçuların hüququ yoxdur.


Xəbərə aid fotolar