Argentinadan Rusiyaya narkotik gətirməyə çalışan şəxslərdən biri ölkə xaricində gizlənib


Dünya 26 Fev 2018 19:00:52 349 0

Argentinadan Rusiyaya narkotik gətirməyə çalışan şəxslərdən biri ölkə xaricində gizlənib

Andrey Kovalçuk Rusiyanın Argentinadakı səfirliyinin texniki işçisi olub

Moskvanın Tverskoy Məhkəməsi Argentinadan Rusiyaya, təxminən, 400 kiloqram kokainin qaçaqmalçılığına cəhddə şübhəli bilinən dördüncü şəxsin - Andrey Kovalçukun qiyabi həbsinə dair hökm çıxarıb.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks"a məhkəmə nümayəndəsi Svetlana Maksimova məlumat verib.

Onun sözlərinə görə, A.Kovalçuka qarşı tətbiq olunan qətimkan tədbiri onun faktiki saxlanmasından sonrakı 2 ayı əhatə edəcək.

KİV-in məlumatına görə, A.Kovalçuk Rusiyanın Argentinadakı səfirliyinin texniki işçisi olub.

Qeyd edək ki, işlə bağlı 3 şübhəli şəxs Moskvada, daha bir neçə nəfər isə Argentinada saxlanılıb.

Xatırladaq ki, 1,5 il əvvəl Rusiyanın Buenos-Ayres şəhərindəki səfirliyinin yardımçı binalarından birinə göndərilməyə hazır vəziyyətdə içərisi kokainlə dolu 12 çemodan aşkar edilib. Partiyanın çəkisi, təxminən, 400 kq olub. Kokain həmin zaman ezamiyyətini başa vuran qurumun texniki heyətinin əməkdaşına məxsus olub. Rusiya XİN-dən əməliyyat zamanı Rusiya və Argentina vətəndaşlarının saxlanıldığı xəbəri təsdiqlənib.

Müəyyən edilib ki, ümumilikdə, narkotrafik təşkil etmək cəhdində 5 - Argentinada iki, Rusiyada üç nəfərin əli olub.