"Cənub Qaz Dəhlizi" və enerji strategiyası: beynəlxalq əməkdaşlıqda yeni uğurlar


Digərləri 26 Fev 2018 17:20:00 255 0

"Cənub Qaz Dəhlizi" və enerji strategiyası: beynəlxalq əməkdaşlıqda yeni uğurlar

Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı keçirilib. Tədbirdə iştirak edən dövlət başçısı İlham Əliyev strateji xarakterli və dərin məzmunlu nitq söyləyib. Azərbaycanın "Cənub Qaz Dəhlizi" layihəsini reallaşdırmaqla əldə etdiyi geosiyasi dividendlərin dərin təhlilini verib. Ölkə rəhbərliyinin təşəbbüsü ilə irəli sürülən əməkdaşlıq formatlarının səmərəli aspektləri bir daha vurğulanıb. Bu barədə Məşvərət Şurasında iştirak edən yüksək səviyyəli qonaqlar də fikir bildiriblər. Göstərilən faktlar sübut edir ki, Azərbaycan qlobal miqyasda əsas enerji təchizatçılarından birinə çevrilməkdədir. Rəsmi Bakı öhdəsinə götürdüyü bütün şərtlərə dəqiq əməl edir. Onun təşkil etdiyi beynəlxalq əməkdaşlıq qrupu da genişlənməkdədir. Deməli, Azərbaycanın həmin istiqamətdə daha böyük uğurlara imza atması üçün bütün imkanlar səfərbər edilib. Bu prizmadan Məşvərət Şurasının toplantısında ifadə olunan bir sıra tezislərin təhlili maraqlı olardı.

"Cənub Qaz Dəhlizi": əməkdaşlıq qrupu genişlənir

Son.az newtimes.az-a istinadən xəbər verir ki, ulu öndər Heydər Əliyev xalqın təkidi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra xarici siyasətin təməl prinsiplərini müəyyənləşdirməklə dövlət qarşısında geniş imkanlar açdı. O cümlədən müstəqil Azərbaycanın enerji strategiyası dövrün tələblərinə tam cavab verməklə formalaşdırıldı. İndi Azərbaycan enerji siyasətini səmərəli surətdə inkişaf etdirməkdədir. Bunun son nümunələrindən biri fevralın 15-də Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının keçirilməsi oldu.

Tədbirin bu vaxtda təşkil edilməsinin vacib əhəmiyyəti vardır. Dünyada geosiyasi vəziyyətin nə dərəcədə gərgin olduğu, böyük dövlətlərin bir-birini təhdid etməkdən çəkinmədiyi, müsəlman ölkələrində savaşın mövcudluğu məlumdur. Bəşəriyyət sanki əməkdaşlığa deyil, müharibəyə köklənir. Bundan başqa, Azərbaycan üçün strateji əhəmiyyəti olan prezident seçkiləri gözlənilir. Həmin hadisədən çox narahat olan Ermənistan və ona yardım edənlər Azərbaycan barədə böhtan, iftira dolu informasiyalar yaymağa çalışırlar.

Bütün bunların Cənubi Qafqazda geosiyasi vəziyyəti həssaslaşdırdığı sirr deyil. O cümlədən ekspertlər üçün Azərbaycanın etibarlı tərəfdaş kimi fəaliyyəti olduqca böyük maraq kəsb edir. Bakıda keçirilən Məşvərət Şurası göstərdi ki, ölkə rəhbərliyinin yeritdiyi enerji siyasətinə, milli təhlükəsizliyi təmin etmək xəttinə və regional əməkdaşlıq istiqamətində atdığı addımlara böyük etibar və inam var.

"Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısına bir neçə ölkədən yüksək səviyyəli nümayəndələr təşrif buyurublar. Onlar Avropa İttifaqını, Gürcüstanı, Türkiyəni, Yunanıstanı, Bolqarıstanı, Albaniyanı və İtaliyanı təmsil ediblər. Aİ-ni Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç təmsil edib. Bundan başqa, tədbirə Rumıniya və Türkmənistan müşahidəçi qismində qatılıb. Onu da xatırladaq ki, Azərbaycan "Cənub Qaz Dəhlizi" ilə bağlı Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro ilə anlaşma memorandumu imzalayıb.

Bunlar onu göstərir ki, Azərbaycanın təşəbbüsü ilə formalaşmış beynəlxalq əməkdaşlıq qrupu genişlənir, inkişaf edir. İndiki mürəkkəb geosiyasi dönəmdə tərəfdaşlar nəinki Azərbaycandan uzaqlaşmır, hətta onunla birlikdə beynəlxalq layihələrdə iştirak etmək istəyənlərin sayı artır. Bu o deməkdir ki, aparılan uğurlu xarici siyasət və enerji strategiyası nəticəsində Azərbaycan Cənubi Qafqazda bir cazibə mərkəzinə, regional əməkdaşlığın stimullaşdırıldığı məkana çevrilib.

Onun irəli sürdüyü təşəbbüslər maraqla qarşılanır və əməkdaşlıq etmək niyyətində olanların sayı getdikcə artır. Artıq "Cənub Qaz Dəhlizi" layihəsi ətrafında güclü tərəfdaşlıq mühiti hökm sürür və iştirakçılar bu işi başa çatdırmaqda qərarlıdırlar. Bunu təsdiq edən konkret faktlardan biri də Avropa İnvestisiya Bankının həmin layihəyə külli miqdarda maliyyə ayırmasıdır. Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti bu barədə Məşvərət Şurasındakı çıxışı zamanı məlumat verib.

Tədbirdə geniş nitq söyləyən Prezident İlham Əliyev "Cənub Qaz Dəhlizi" ilə bağlı yaradılmış beynəlxalq əməkdaşlıq qrupunun perspektivlərindən bəhs edib. Keçən müddət ərzində Azərbaycanın iqtisadiyyat və enerji sahəsində əldə etdiyi böyük nailiyyətlərin dərin analizini verib (bax: Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı keçirilib / AZƏRTAC, 15 fevral 2018).

Azərbaycan qlobal enerji təchizatçısı kimi: 1994-cü ildən başlanan yol