Ombudsman Aparatı: "Xocalı soyqırımı üzrə beynəlxalq tribunal yaradılmalıdır"


Digərləri 26 Fev 2018 15:45:00 291 0

Ombudsman Aparatı: "Xocalı soyqırımı üzrə beynəlxalq tribunal yaradılmalıdır"

"Xocalı soyqırımı cinayətini törədən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün bir sıra mexanizmlər mövcuddur. Bunlardan biri Xocalı soyqırımı cinayətinin araşdırılması və bu cinayəti törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün Xocalı soyqırımı üzrə beynəlxalq tribunalın yaradılmasıdır".

Son.az xəbər verir ki, bunu Trend-ə Ombudsman Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlı deyib.

Onun sözlərinə görə, beynəlxalq tribunallar beynəlxalq cinayətlərin törədilməsində ittiham olunan fiziki şəxslər və dövlətlər üzərində ədalət mühakiməsinin həyata keçirilməsi üçün yaradılan bir mexanizmdir.

A.Səfixanlı qeyd edib ki, tarixdə müxtəlif vaxtlarda müxtəlif hadisələrlə bağlı beynəlxalq tribunallar yaradılıb. İlk dəfə ikinci dünya müharibəsindən sonra, sülh və bəşəriyyət əleyhinə cinayətlərdə təqsirləndirilən şəxslərin cəzalandırılması üçün Nürnberq və Tokio tribunalları təsis olunmuş, daha sonra keçmiş Yuqoslaviya və Ruanda ərazisində baş vermiş genosid, sülh və bəşəriyyət əleyhinə olan cinayətləri törətmiş şəxslər üzərində ədalət mühakiməsinin həyata keçirilməsi üçün beynəlxalq cinayət tribunalları yaradılıb:

"Hesab edirəm ki, Xocalı faciəsi zamanı törədilən əməllər genosid və insanlıq əleyhinə cinayətlərin tərkib hissəsini yaratdığından Xocalı soyqırımı üzrə beynəlxalq tribunal yaradılmalıdır. Xüsusi olaraq vurğulamaq istərdim ki, "Müddətin hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə tətbiq edilməməsi haqqında" 26 noyabr 1968-ci il tarixli Konvensiyanın tələblərinə əsasən, törədilmə vaxtından asılı olmayaraq, genosid cinayətini törətmiş şəxslərin istənilən vaxt cinayət məsuliyyətinə cəlb oluna bilməsi tələbi də məsələnin aktuallığını daim saxlamış olur. Xocalı soyqırımı cinayətinin törədilməsində məsuliyyət daşıyan şəxslərin cəzalandırılması istiqamətində atılacaq digər addım isə bu cinayətin törədilməsində iştirakı sübuta yetirilmiş şəxslərin beynəlxalq axtarışa verilərək Azərbaycana gətirilməsinə nail olmaq və barələrində cinayət təqibini həyata keçirməkdir".

Aparat rəhbəri əlavə edib ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən Xocalı soyqırımı ilə bağlı başlanmış cinayət işi çərçivəsində 7500-dən artıq istintaq hərəkəti aparılıb və 39 nəfərin Xocalın soyqırımında iştirakı tam sübuta yetirilib.

BMT Baş Məclisinin 3 dekabr 1973-cü il tarixli qətnaməsi ilə qəbul edilmiş "Hərbi cinayətlərdə, bəşəriyyətə qarşı cinayətlərdə müqəssir olan şəxslərin aşkara çıxarılması, həbs edilməsi, təhvil verilməsi və cəzalandırılmasına dair belnəlxalq əməkdaşlıq prinsipləri"nə müvafiq olaraq, hərbi cinayətlərdə və bəşəriyyətə qarşı cinayətlərdə təqsirkar olan şəxslərin məhkəmə təqibinin və cəzalandırılmasının təmin edilməsinə yönəldilmiş beynəlxalq tədbirlərin görülməsinə xüsusi zərurət var.

A.Səfixanlı qeyd edib ki, hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlər nə vaxt və harada törədilməsindən asılı olmayaraq araşdırılmalı, belə cinayətlərin törədilməsində təqsirləndirilən şəxslər barəsində axtarış elan olunmalı, tutularaq ədalət mühakiməsinə təhvil verilməlidir.

O hesab edir ki, Azərbaycan Respublikasının dövlət sərhədlərini qanunsuz olaraq keçmiş, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik nümayiş etdirən şəxslərin Azərbaycana gətirilməsi ilə bağlı təcrübəni Xocalı soyqırımı cinayətinin törədilməsində məsuliyyət daşıyan şəxslərə münasibətdə də davam etdirmək olar.