MTRŞ sədri: “Sosial problemli insanlar üzərində şou yaradılması qəbuledilməzdir”


Digərləri 26 Fev 2018 13:53:00 275 0

MTRŞ sədri: “Sosial problemli insanlar üzərində şou yaradılması qəbuledilməzdir”

Telekanallarda şou-proqramlarda bağlı narahatlıq tək bizdə deyil, bütün dünyada mövcuddur. Çox təəssüf ki, dünyada hər şey şoulaşır.

Son.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.

N. Məhərrəmli bildirib ki, bu, tək televiziyalara aid məsələ deyil: "Hüquqşünaslar, iqtisadçılar, din xadimləri öz işlərini şoulaşdırırlar. Ümumiyyətlə, cəmiyyətdə elə sahə yoxdur ki, şou ilə bağlı olmasın. Bu, çox təəssüfedici haldır və televiziyada özünü daha çox göstərir. Azərbaycanda özəl telekanallarının əsas gəlir yeri reklamla, sponsorla bağlıdır. Ona görə də telekanallar gəlir əldə etmək, cəmiyyəti verilişlərinə cəlb etmək üçün müxtəlif yollar, orijinallıq axtarırlar. Çox təəssüf ki, bu yollar bəzən çox da uğurlu alınmır".

MTRŞ sədri hesab edir ki, büdcədən maliyyələşən Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət Televiziyası, İdman Televiziyası, İctimai Televiziya bu işdə əsas yükü öz üzərlərinə götürməlidir: "Bu televiziya kanalları gərək cəmiyyətin tələbatını ödəsin. Əgər insanlar həmin televiziya kanallarında olan verilişlərə baxacaqlarsa, özəl telekanallardakı şou verilişlərinə ehtiyac qalmayacaq. Çox təəssüf ki, cəmiyyətdə dəyərsizləşdirmə çox sürətlə gedir və bu özünü bütün sahələrdə göstərir. Bu, qorxulu tendensiyadır və biz bundan çox əziyyət çəkirik".