Qəfil sönən qəndil – Səbahəddin Əlinin hekayəsi


Digərləri 25 Fev 2018 18:44:00 226 0

Qəfil sönən qəndil – Səbahəddin Əlinin hekayəsi

Bu gün böyük türk yazıçı Səbahəddin Əlinin (1907-1948) doğum günüdür. 

Son.az kulis.az-a istinadla onun "Qəfil sönən qəndil" hekayəsini təqdim edir: 

Əsəb xəstəliyim üçün tövsiyə olunan bu kimsəsiz və sakit yerlərdə uzun axşam gəzintisindən qayıdırdım. İsti bir payız axşamıydı. Gecənin yaxınlaşdığını duyan təbiət sərin bir nəfəs almaq üçün qımıldanırdı. Biçilmiş tarlaların arasıyla, yaş kəndir kimi uzanan cığırla gedərkən hündür bir daş bina dəydi gözümə. Pərdəsiz pəncərələrinə düşən günəş onu qırmızı gözlü canavara oxşadırdı. Divarı yıxılmış bağçanın ortasında xaraba bir qalanı, yaxud boş qalmış sarayı xatırladan hüznlü ehtişamı vardı.

Hələ erkən olduğundan bu binaya baxmaq istədim. Qurumuş tarlalardan keçəndən, balaca bir yoxuşu qalxandan sonra dəmiri paslanmış yarıaçıq qapıdan keçdim, çınqılları arasından ot çıxan döşəli yolla addımladım. Ətrafdakı ağaclar vəhşiləşmiş, vaxtı ilə çiçək əkilən yerlər təpəciyə çevrilmişdi. Qurumuş hovuzun kənarındakı mərmər dibçəklər aşıb tökülmüş, onların arasında necəsə qalmış ağ bir payızgülü buraları örtən qara pərdədə keçmişi görmək üçün açılan dəlik kimiydi. İnsana səbəbsiz cəsarət verən binanın heç bir memarlığa uyğun gəlməyən qəribə tərzi vardı. Silindir şəklində on iki metrəcən uzanandan sonra qəfil daralır, qüllə kimi uzanır, şüşəbəndli qübbəylə bitirdi. Alt tərəfini qalın daş çənbər qurşaq kimi sarmışdı və bina bu görünüşüylə köhnə yağ qəndilinə bənzəyirdi. Qapının üstündəki otağın balkonabənzər çıxıntısı isə bu qəndilin qulpuydu. Binanın niyə bu şəkildə tikildiyini və sonralar burdan hansı cəhənnəm yelinin əsdiyini kəsdirmək mümkün deyildi. İti bıçaqla açılmış kimi görünən incə, uzun pəncərələrdən qorxuducu qaranlıqdan başqa heç nə görünmürdü. Daş çənbərin üstündə oyulmuş ayaq pillələrini çıxaraq paslı mismarlı böyük qapının yanına gəldim. İllərdən bəri insan əli dəyməyən və yavaş-yavaş çürüməyə başlayan taxtalara söykəndim. Yarısı batan günəşin saralmış düzənliklərə və kiçik bulud topalarına ilan dili kimi uzatdığı şüaları uzun-uzun seyr etdim. Ətraf sükunət içindəydi. Kərtənkələlər mamır bağlamış daşların üstündən axşamın alaqaranlığına baxaraq yavaş-yavaş irəliləyirdilər. Yalnız arabir nəm taxtaların günəş istisində çıxardığı səsə bənzər çırtıltı eşidilirdi. Getdikcə artan səssizliyin içində dərin bir quyuya daş atılırmış kimi boğuq səslər də vardı. Əvvəl-əvvəl istiqamətini bilmədiyim bu səslərin evin içindən gəldiyini anladım. Səslər eyni tərzdə və müntəzəm fasilələrlə yaxınlaşmaqda idi. Bu səslər son anda daş nərdivanlarda aydın eşidilən addım səslərinə çevrildi və gəlib qapının arxasında dayandı. Qorxu, maraq və heyrətdən qarışıq duyğular yaşayırdım. Başımı arxaya çevirmirdim, ancaq kiçicik bir səs belə çıxarmadan qapının yavaşca açıldığını və soyuq, buz kimi nəfəsin ənsəmi yalayaraq keçdiyini hiss etdim. Cəld döndüm və axşamın sürətlə artan qaranlığı içində qüllənin sirli adamıyla qarşılaşdım: bu, skelet halında olan bir bədənin üstünə qoyulmuş böyük və qırmızı qafa-tasından ibarət idi. Cəhənnəm bitkisnin liflərinə bənzəyən qıpqırmızı saç və saqqalının arasında ağ, lakin saçları rəngdə xallarla örtülmüş dəri görünürdü. Və bütün bunların hamısını çürümüş meyvə rəngi toz təbəqəsi kimi örtmüşdü. Və sonra gözləri... Qırmızı çilli göz qapaqları arasında, qranit yosunununa bənzər solğun, yaşıl gözləri vardı. Dərin və qaranlıq çuxurların dibində zirzəmi qapısını xatırladan bu gözlər heç nə ifadə etmirdi. Əyninə qara, dağılıb-tökülmüş paltar, ayağına köhnə dəri ayaqqabı geyinmişdi. Adam onun, hansısa bir dəfndən qayıdandan sonra əynini dəyişməyərək, illərlə elə bu cür qaldığını düşünə bilərdi. Qurumuş bədəninə böyük gələn qara paltarı onu bostan qorxuluğuna oxşadırdı. Əlini mənə tərəf uzatdı (Ah, bu, dünyada gördüyüm şeylərin bəlkə ən qorxuncudur). Əllərinin də qırmızı çilli, çürük-ağ dərisi vardı. O qədər arıq, o qədər həyatdan uzaq idi ki... Və gecənin qaranlığında o qədər də fərq edilməyən qara bir pencəkdə üstümə gəldiyi üçün boşluqdan asılıymış kimi görünürdü. Əli çiynimə yarasa kimi qonanda qorxub qışqırdım və silkələndim:

- Ah... Nə istəyirsən?

Fəqət bu sümük əl çiynimə xərçəng caynağı kimi yapışmışdı. Sükunətlə əyildi, köksündən deyil, yalnız ağzından gələn xəfif səslə soruşdu:

- Siz birdən birə sönən qəndilin hekayəsini bilirsinizmi?                            

- Xeyr! - dedim, - Xeyr...

- Elədirsə, gəlin!

Dediyinə əməl etməmək mümkün deyildi, barmaqlarını çiynimə batıraraq çəkir və ağrıdır, ağrıdırdı...

Ayaqlarımızın altından sürüşən bir mərtəbəni keçdik, minarələrin sirli nərdivanlarını xatırladan ensiz daş pillələrlə yuxarı qalxdıq. İndiyə qədər qorxunu içimdə bu qədər maddi olaraq hiss eləməmişdim. Yarasa qanadı kimi üzümə sürtünən bir qaranlıq vardı. Biz yeridikcə, ətraf divarlardan tökülən suvaqların gurultusu addımlarımızın səsinə qarışırdı. Mən bütün qorxuma rəğmən harda və necə bitəcəyini bilmədiyim pillələri əyilə-əyilə çıxırdım. Sanki onun barmaqlarından çiynimə keçən bir güc məni çəkir, ensiz pillələrlə tez-tez addaımlmağa vadar edirdi. Hər mərtəbəyə yaxınlaşanda məni sürükləyən adamın əvvəlcə dağınıq saçlı başı görünür, sonra yüngül bir aydınlıq bütün bədəninə yayılırdı

Bütün mərtəbələrdəki qapılar yarıaçıq, otaqlar boş idi. Dar pəncərələrdən nur kimi girən gecə açıq qapılardan yanımıza qədər uzanırdı. Pəncərələrin çölündə ağac siluetləri, qarışıq şəkilli dağlar, həyat və işıq dünyası vardı. Mən bu yarı aydınlığın verdiyi cəsarətlə soruşdun:

- Hara gedirik? Niyə gedirik?

Əyilir, buz kimi nəfəsi üzümdə dolaşaraq yavaşca təkrar edirdi:

- Siz birdən-birə sönən qəndilin hekayəsini oxumusunuzmu?

- Xeyr!

- O zaman gəlin də!

Barmaqları büsbütün ətimə batır, məni təkrar ardınca sürüyürdü. Bu dəfə də pilləkəndə əvvəl başı yoxa çıxırdı. Qarşımda, qara rəngli gen şalvarın içində quru budağa oxşayan və pillələri tez-tez adlayan iki ayaq vardı. Yenə maye halındakı qaranlıq, yenə uçub tökülən suvağın hayqırtısı... Ayaq səslərimiz və bu səslərin torpaq altından gəlirmiş kimi əks-səda verən qorxunc uğultusu... Sonra ikinci və üçüncü mərtəbə gəlir, qapıları yarıaçıq boş otaqları, bıçaq yarası kimi incə, uzun pəncərələri və lap tpələrindəki bir neçə yarpağı fərq edilən qara ağacları təkrar görürdüm. Mərtəbələri qalxdıqca dodaqlarım daha taqətsiz qımıldanırdı:

- Hara gedirik, niyə gedirik?

Cavab eyni idi:

- Siz qəfil sönən qəndilin nə olduğunu bilirsinizmi? O zaman ardımca gəlin!

Və pilləkənlərlə qorxunc addımlamağımız təkrar olunurdu.

Nəhayət harada olduğumu, bu yüksəlişin nə qədər sürdüyünü, hətta özümü belə büsbütün unutduğum bir vaxt qəfil durduq. Önümdəki adam əliylə bir qapını qalıdrdı, içəri girdik. Qapını örtmək üçün çiynimi buraxdığı zaman dərin bir yuxudan oyanan kimi oldum və ətrafa baxdım. Bura yuvarlaq bir otaq idi. Qüllənin lap yuxarısı olduğunu tavandakı şüşəbəndli qübbədən anlayırdım. Otaq o birilərin əksinə olaraq gözəl döşənmişdi. Qaranlıq divarların dibiylə böyük kresloların kölgəsi görünürdü. 

Şüşəbəndli qübbənin altındakı, yəni otağın ortasındakı yumru masanın üstündə hərəkət etməyən alovla xəfif-xəfif yanan bir yağ qəndili vardı: eynən içində olduğumuz binaya bənzəyən bir qəndil...       

Uzaq küncdə, içində kimsə yatıbmış kimi görünən qabarıq yataq gözə dəyirdi. Qarşısıalınmaz maraqla yaxınlaşdım və orada yatanı gördüm. Gördüm... Və boğazına şiş soxulan heyvan kimi qışqırdım: orada bir skelet yatırdı. Qurmuş və qaralmış əti yanaq sümüklərinə yapışmış və sarı saçları çürümüş yastığa topa-topa yığılmış bir qadın skeleti...         

Bu an qulaqlarımın dibində qırılan pəncərə şüşəsinin cingiltisinə bənzəyən qəhqəhə eşitdim. Qara paltarlı adam:

- Çox qorxdun? - deyirdi - Niyə qorxursan? Səndən, yəni həyatdan fərqli bir varlıq gördüyün üçünmü? Ancq bu abdallıqdır. Onun bizdən fərqi nədir ki? Heç nə... Bax, əyil bax... Bu dişlər yoxdurmu, bu mərcan kimi düzülən dişlər, onların arasından indi bizim danışdığımıza bənzəməyən nə şirin sözlər çıxardı, bilsən... Düşünürsənmi, baxmağa diksindiyin bu dişləri görmək üçün onun təbəssüm etməsini necə səbirsizliklə gözləyiblər bir vaxt?! Təxmin edə bilirsənmi, boğazına dolanaraq, səni boğacaqmış kimi qorxduğun bu saçların günəş altında necə həyat dolu parılısı vardı?

Bu qadın mənim idi. Bu əllərim, sənə söz söyləyən bu ağzım necə mənim idisə, o da eləcə. Fəqət, bilirsənmi, qollarımın arasından sıyrılıb getməsi necə asan oldu. Onunla aramızda heç bir məsafə yoxdur. Bizim onun vəziyyətinə düşməyimiz üçün bir səbəb belə lazım deyil. Və bu skelet bizə o qədər yaxındır ki, ondan qorxmaq üçün bir insan nə qədər kor və düşüncəsiz olmalıdır.

İndi səsi düyü əzən həvəngdəstə kimi ötürdü. Sanki adamın boğazında bir pərdə vardı və bəzən içindən gələn şiddətli səslər o pərdəni qaldıraraq qulaqları şəng edir, şiddət azalınca pərdə təkrar düşür, səslər divar arxasından gəlirmiş kimi qısılırdı.              

Cavab tapa bilmədiyim üçün ürkək-ürkək soruşdum:

- Sizi bu qədər sarsıdan, eyni zamanda həqiqətə yaxınlaşdıram bu ölümün səbəbi nə idi? Nə dərdi vardı qadıncığazın?

- Heç - deyə cavab verdi - Heç bir şeyi yox idi. Sənin qədər həyata bağlı, bu daş bina qədər sağlam - əliylə şüşəbənd qübbəni göstərdi - və bu ulduzlar qədər nurlu, zərif idi. Səadəti aramızda bir alov kimi hiss edir, bu alovdan həm isinir, həm işıqlanırdıq. Fəqət...

Səs yenə uzaqdan gəlirmiş kimi yavaşladı: