"O mahnılar qəlbimin sevgisindən, hərarətindən yoğrulub" FOTO


Şou-biznes 25 Fev 2018 08:02:00 286 0

"O mahnılar qəlbimin sevgisindən, hərarətindən yoğrulub"  FOTO

Ürəkləri fəth edən nəğmələrin müəllifi İlhamə Quliyevanın vəfatından iki il ötür

Ürəkləri fəth edən nəğmələrin müəllifi İlhamə Quliyevanın vəfatından iki il ötür 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

İlhamə Quliyeva oxuyurdu... Səsi dalğa-dalğa yayıldıqca, könüllərin pünhan duyğularını dilə gətirirdi. İlhamə Quliyeva oxuyurdu... Dodaqdan qəlblərə süzülən mahnıları dinləyənləri ötən günlərə qaytarır, acılı-şirinli xatirələrini dilləndirirdi. İlhamə Quliyeva "Ayrılıq nəğməsi", "Qaragilə" oxuyurdu, "Yaşın nə fərqi var", "Unut məni" deyirdi... Oxuduqca, səsi könülləri kaman kimi titrədirdi. Mahnılarında sevgi də vardı, nisgil də, həsrət də, sevinc də. Qəlbi həmişə gənc olan müğənninin mahnıları insanları sevməyə çağırırdı.  İlhamə sevgini tərənnüm edirdi, bütün qəlblərə bu gözəl duyğunu hakim olmağa səsləyirdi. "Sevirəm, hamı sevilsin", "Sevginin qədrini bilək", "Sevgi qəlbi titrədir" pıçıldayırdı.

İlhamə Quliyevanın ayrılmaq istəmədiyi, çox sevdiyi həyata vida deməsindən iki il keçir. Böyük müğənninin xoşbəxtliyi mahnılarının təkcə fondlarda, arxivlərdə deyil, daha çox yaddaşlarda, qəlblərdə, nəhayət dillərdə yaşamasıdır. Mahnılarından bircə bəndi bilməyən insan çətin tapıla...  

Son dovrlərin şou aləminin qarışıq mühiti, həvəskar müğənnilərin meydan sulaması onu bir az incidirdi. Müğənni əsil sənətə, peşəkar musiqiyə xələl gətirənlərə özünün böyük sənəti ilə cavab verirdi. Onun üçün sənətin aliliyi, müqəddəsliyi vardı.

İlhamə Quliyevanın sənətinin böyüklüyü ailə qaynaqlarından irəli gəlirdi. Onun musiqisinin ailə kökləri, sənətinin ailə bağlılığı vardı. Gözünü açandan musiqi səsi eşitmişdi. Musiqi ilk şirin laylası olmuşdu onun. Anası Tükəzban İsmayılovadan, atalığı, görkəmli tarzən Həbib Bayramovdan musiqi dərsi almışdı. Musiqi sənətimizin bu iki korifeyi ona xalq mahnılarımızın şirinliyini, muğamlarımızın incəliyini, bəstəkar mahnılarının həzinliyini aşılamışdı. O da uşaq vaxtından oxumaq, səhnəyə çıxmaq istəmişdi. Buna görə də həmişə müsahibələrində "evdə əsl musiqi akademiyası bitirmişəm" deyirdi.                       Fikrət Əmirovun tapıntısı

Oxuduğu məktəbdə keçirilən bütün bayram tədbirlərində ifası ilə şagirdlərin və müəllimlərin  sevimlisinə çevrilmişdi. Ancaq valideynləri İlhamənin musiqi sənətinin daşlı-kəsəkli yolları ilə yürüməsini istəmirdi.

İlhamə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur. 1962-ci ildə Moskvada Ümumittifaq Tələbə Festivalında birinci yer tutması, qayıdanda isə Dövlət Teleradio Komitəsi Estrada Simfonik Orkestrinin bədii rəhbəri, xalq artisti Tofiq Əhmədovdan  həmin kollektivə dəvət alması gənc qızın sənət yoluna ömürlük üz tutmasına səbəb olur. O vaxtdan uzun illər ərzində orkestrin solisti olan İlhamənin sənət yolu başlayır. O orkestrlə birgə çoxlu səfərlərə çıxır, bütün SSRİ-ni dolaşır, hər yerdə də böyük sevgi ilə qarşılanır.

İlhamənin ifa tərzini bəyənən görkəmli bəstəkar Fikrət Əmirov 1972-ci ildə onu Moskvaya, SSRİ Bəstəkarlar İttifaqının plenumuna dəvət edir. İlhamə Quliyeva konsertdə SSRİ televiziya və radio komitəsinin nəzdindəki estrada simfonik orkestri ilə yüksək səviyyədə çıxış edir. Bundan sonra böyük bəstəkar gənc müğənninin istedadına güvənərək onun üçün "Gülür ellər", "Göygöl", "Toy mahnısı", "Neyləmişəm" kimi lirik mahnılar yazır. Fikrət Əmirovun gənc estrada müğənnisi ilə əməkdaşlığı musiqi sənətimizə təkcə unudulmaz mahnılar və ifalar bəxş etmir, həm də mükəmməl bəstəkar-müğənni işbirliyini ortaya çıxarır. Xalq havalarına yaxın olan lirik mahnıları dinləyicilərin ürəyinə yol taparaq böyük rəğbətlə qarşılanır və uzun müddət televiziyada, radioda səslənən musiqilər arasında birinci yer tutur.  


Xəbərə aid fotolar