Ətraf aləm gurultusunun ürəyə təsiri


Digərləri 24 Fev 2018 23:05:00 248 0

Ətraf aləm gurultusunun ürəyə təsiri

Səs-küylə mübarizə ta qədimdən bəşəriyyətin probleminə çevrilib. Qədim Romada daş səkilərdə hərəkət edən fayton təkərlərinin çıxardığı səsin gecə romalıları narahat etməməyi üçün təlimatlar olub. Orta əsrlərdə Avropada atlıların, at arabalarının gecə şəhərin müəyyən hissələrinə daxil olmaları qadağan edilib. Amma qədim dünyada səs-küy problemi müasir dünya ilə müqayisə olunmayacaq dərəcədə az idi.

Son.az medicina.az-a istinadən bildirir ki, havalimanı, dəmir yolu, işlək yolların ətrafında yaşayan insanlar səs kirliliyindən narahat olsalar da, 05.02.2017 tarixində ABŞ-ın "JACC" jurnalında yayınlanmış yeni bir tədqiqat onların bu narahatçılığını daha da artıracaq kimi görünür. Almaniyadan olan tədqiqatçılara görə səs-küy bədənə hüceyrə səviyyəsində zərər verir. Səs-küy bədənin stresə qarşı verdiyi cavabı işə salır. Bədənin simpatik sinir sistemi aktivləşir, stress hormonları, sərbəst radikallar yüksəlir. Ardınca qan qlukozu, qan təzyiqi, qanın qatılığı, qandakı yağlar, qanın laxtalanma qabiliyyəti və s. artır. Damarın içini döşəyən endotel adlandırılan hüceyrələrin işi pozulur. Beləliklə, ürək-damar sisteminə aid problemlər (aritmiyalar, təzyiq xəstəliyi, ürəyin tac damararının daralması, insult) yaranır. Belə xəstəliklərdən əziyyət çəkən insanların səs-küyə dözümlülüyü azalır. Səs-küy ürək-damar sisteminə təsir etməklə qalmır. Davamlı səs-küyə məruz qalanlarda şəkər xəstəliyinin əmələ gəlmə prosesi sürətlənir. Xroniki gurultunun ruhi, psixi sağlamlığa təsir etdiyi, depressiya, əsəbilik halı yaratdığı qeyd olunur. Eşitmə qabiliyyətini zəiflədir. Normal şəraitdə gecə yatan insanın qan təzyiqi gündüz vaxtına nisbətən aşağı düşür. Amma tədqiqatlar göstərmişdir ki, gecə yatarkən təyyarə gurultusu, trafik səs küyünə məruz qalanlarda qan təzyiqi düşmür. Heyvanlar üzərində aparılan tədqiqatlarda səs kirliliyinin immun sistem, balavermə, yaranın sağalmağı, çəki kontroluna da təsir etdiyi sübuta yetirilmişdir.

Bir tədqiqatda göstərilmişdir ki, 50 dB-dən sonra səsin şiddətindəki hər 10dB artım, ürəyin tac damar xəstəliyi riskini 6% artırır. dB səs səviyyəsinin ölçü vahididir. 0 dB-dən sonra səsi eşitməyə başlayırıq. Yarpaqların xışıltısı 10 dB, qol saatının tıqqıltısı 20 db, pıçıltı 30 dB, qonaq otağı 40 dB, yağış 50 dB, söhbət etmək 60 dB, avtomobilin içində olmaq 70 dB, telefon zəngi 80 dB, işlək yol 90 dB, yük maşını 90 dB, pnevmatik deşər 100 dB, metro 100 dB, rok konserti 110 dB, təyyarə qalxarkən 120 dB-dir. ≥130 dB səviyyəsində dəri ağrı hiss edər. 60 dB-dən yuxarı səs sağlamlığa zərərli qəbul edilir. Ümumdünya Səhiyyə Təşkilatına (WHO) görə gecə rahat yatmaq üçün səs ˂30dB, sinifdə şagirdlərin dərsi yaxşı qavramağı üçün ˂35 dB olmalıdır.