Savalanı niyə teztez su basır? FOTO


Digərləri 24 Fev 2018 22:44:00 265 0

Savalanı niyə teztez su basır?  FOTO

“Rütubətli, nəmişlik yerlərdə müxtəlif xəstəliklər yaranır”

Maştağa qəsəbəsində yerləşən Savalan yaşayış massivi nisbətən yeni salınan yaşayış məntəqəsidir. Əvvəllər bu ərazilər çöllük olub. Zamanla torpaqlar satılıb və yeni evlər, obyektlər tikilib. Deyilən görə, ərazinin yaxınlığında göl olduğu üçün ərazidə həmişə insan boyu qamışlar olurmuş. 90-cı illərdən sonra isə həmin qamışlıq ərazilərdə evlər tikilməyə başlayıb.

İndi Savalanda çox sayda evlər var. Ancaq bir balaca yağıntı olan kimi yaşayış massivini su basır. Evlər arası yollar palçıq, lillə dolur, keçilməz həddə çatır. Yağıntının çox olduğu dövrlərdə isə su evlərə qədər gedib çıxır. Evlər nəm çəkir, bəzi həyətlər isə sudan keçilməz vəziyyətə düşür.

Təbii ki, bu durum ərazidə yaşayan insanları olduqca narahat edir. Savalan yaşayış massivinin çıxılmaz vəziyyətdə qalan sakini Sabir Məmmədov  mövcud problemi araşdırmağımızı xahiş edir. O deyir ki, 4-5 ildir ki, Savalanda torpaq alıb, ev tikib. Amma evində can rahatlığı ilə yaşamaq ona qismət olmayıb.

Sakin bildirir ki, xüsusən payız-qış aylarında ərazidə yerdən su çıxır və bu su evlərə, həyətlərə dolur: " Bir qədər yağış yağan kimi həyətlərə dolur. Küçələr keçilməz vəziyyətə düşür. Biz burada torpağın sotunu 4-5 min manata almışıq. İndi isə vəziyyət elə bir hal alıb ki, dərdimizi deyəcək kimsə yoxdur? Sadəcə bilmək istəyirik, Savalanı niyə hər il su basır?"

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, S.Məmmədovun sualını Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralova ünvanladıq.

Ə.Qaralov mövcud problemə belə aydınlıq gətirdi: "Ərazidə Abşeron su kanalı yerləşir. Bu kanal damar rolunu oynayırdı. Ceyranbatandan gəlib, Türkanda əraziləri dolaşa-dolaşa dənizə gedirdi. Suvarma və başqa məqsədlər üçün də istifadə edilirdi. Hal-hazırda kanal quruyub. Son zamanlar müəyyən yerlərdə subasmaların qarşısını almaq üçün kanallara kanalizasiya suları vurulur. Bu səbəbdən də torpaqda doyma baş verir".

Qaralovun onu da əlavə etdi ki, bu ərazilərdə son zamanlar subasmaların artmasının əsas səbəblərindən biri də oradakı yaşayış sahələrinın, evlərin sayının çoxalmasıdır: "Həmin ərazilərdə kanalizasiya sistemi də yoxdur. Hamı şambo qazıb. Hətta orada yamac hissələrdə  zirzəmilərin divarları nəm çəkib".

"İkinci səbəb odur ki, atmosfer suları və texnogen amillərlə bağlı qurunt sularının səviyyəsi qalxır. Bu, atmosfer suları, texnogen amillərlə bağlı olaraq artır", - o dedi.

Qaralov vurğuladı ki, subasmalarının digər səbəbi də çəkilən avtomobil yollardır: "Bakı-dairəvi yolunun çəkilməsi, Maştağa yolunun bərpası infrastruktur üçün çox önəmlidir. Ancaq yollar salınan zaman suların təbii süzülməsinin qarşısı alınır. Sular təbii olaraq şimal istiqamətdən dəniz istiqamətinə süzülüb dənizə tökülürdü. İndi isə su axmağa, süzülməyə yer tapmır və su çıxmağa yer tapmayanda evlərə dolur".

Qaralov qeyd etdi ki, bu vəziyyət bir çox yeni salınmış yaşayış məntəqəsində mövcuddur və problemin qarşısının alınması üçün evlər planlı şəkildə tikilməlidir: "Ancaq təəssüf olsun ki, evlər plansız şəkildə tikilir və bunun da zərərini insanlar çəkir. Elə evlər var ki, suyun içindən keçmək üçün daşların üzəriylə gedirlər".


Xəbərə aid fotolar