Uçuş beynimizə necə təsir göstərir?


Digərləri 24 Fev 2018 20:13:00 267 0

Uçuş beynimizə necə təsir göstərir?

Təyyarə ilə səyahət artıq gündəlik bir anlayışa çevrilsə də, beyin və bədənlərimiz hələ də uçuşdan təsirlənir.

Xırda ekranda zəif səs keyfiyyəti və tez-tez edilən müdaxilələrlə film izləmək heç də xoşagələn hal deyil.

Təyyarə ilə tez-tez səyahət edənlər ya özləri, ya da başqalarının təyyarədəki filmlərə baxıb gözlərinin dolması ilə rastlaşıblar. Bee Movie (Arı Kinosu), Bridesmaids (Gəlinin Sağdışları) və The Simpsons (Simpsonlar) kimi ən gülməli filmlər belə, yerdə gözü yaşarmayan şəxsləri göydə sentimental edə bilir.

Fizik və televiziya aparıcısı Brian Cox və musiqiçi Ed Sheeran təyyarədə kinolara baxarkən daha emosionallaşdıqlarını etiraf ediblər.

Londonun Gatwick aeroportunda bu yaxınlarda aparılan bir sorğuda müəyyən olunub ki, kişilərin 15 və qadınların 6 faizi uçuş əsnasında film izləyərkən ağlayırlar.

Bir böyük hava yolu şirkəti isə sərnişinlərinə "emosional sağlamlıq xəbərdarlığı" da edir.

Uçuşun sərnişinləri daha da emosional etməsi ilə bağlı bir çox nəzəriyyələr mövcuddur: əzizlərin ilə vidalaşmaq, qarşıdakı səyahətin həyəcanı, vətən həsrəti. Amma buna səbəbin məhz uçuş olduğunu göstərən dəlillər də az deyil.

Tədqiqatın inkişaf edən yeni bir növü göstərir ki, yerdən 10 km hündürlükdə bağlı boru içində səyahət etmək əhvalımıza təsir göstərərək, hisslərimizi dəyişir və hətta, bizə tez-tez qaşınma verərək beynimizi qəribə hallara sala bilər.

Uçuş zamanı yaranan mühit bizi daha emosional edə bilər

"Bu barədə əvvəllər bir elə də araşdırma aparılmayıb, çünki uçuşun sağlam insanlar üçün problem yaradan bir mühit olduğu zənn edilmirdi," Aerokosmik Tibb üzrə Alman Cəmiyyətinin prezidenti və Koloniya Universitetinin təcili tibbi yardım üzrə tibbi direktor köməkçisi Jochen Hinkelbein deyir.

"Lakin hava səyahəti daha ucuzlaşdığına və daha populyarlaşdığına görə yaşlı və nisbətən az sağlam insanlar da təyyarəyə çox minməyə başlayıblar. Beləliklə bu növ araşdırmalara ehtiyac da artıb."

Hinkelbein, uçuşun insan bədəni və beyninə təsirini araşdıran azsaylı tədqiqatçılardan biridir.

Heç şübhəsiz təyyarə kabinəsi insan təbiətinə yad məkandır. Təyyarədə təzyiq 2.4 km-lik dağın başındakı təzyiqə bərabərdir və rütubət dünyanın bəzi ən quru səhralarındakından daha azdır.

Kabinəyə nasosla daxil edilən hava isə 10 dərəcəyə endirilir ki, bədənlərdən və cihazlardan ayrılan əlavə istilik ilə qarışsın.

Uçuşlardakı düşən hava təzyiqi sərnişinlərin qanındakı oksigeni 6 və 25% arası azalda bilir. Yerdə bu baş verdikdə həkimlər bədənə əlavə oksigen verirlər.

Bu, sağlam sərnişinlərə bir o qədər təsir etməsə də, yaşlı və tənəffüs çətinlikləri olan insanlar üçün güclü dəyişiklik yarada bilər.

Spirtli içkilərin uçuş zamanı insanlara daha tez təsir göstərdiyi demək olar ki, hər kəsə bəllidir

Bəzi araşdırmalar, nisbətən daha az hipoksiya (qanda oksigen çatışmazlığı) səviyyəsinin belə, bizim aydın düşünməmizə təsir etdiyini göstərib.

3.6 km hündürlükdəki oksigen səviyyəsi ilə nəfəs almaq sağlam yetkin şəxslərin yaddaşı, hesablama və qərar vermə qabiliyyətində dəyişiklik yarada bilər.

Buna görə də aviasiya qaydalarına əsasən, kabinədəki hava təzyiqi 3.8 km-dən artıq hündürlükdə təzyiqə bərabərdirsə, pilotlar əlavə oksigen maskaları geyinməlidirlər.

Amma qəribədir ki, 2.1 km-dən artıq hündürlükdə hava təzyiqi reaksiya vaxtını artırır. Təyyarədə kompüter oyunları oynamağı sevənləri bu xəbər sevindirməz.

Bəzi araşdırmalar, 2.4 km yüksəklikdəki oksigen səviyyəsinin dərrakəmiz və düşüncəmizi azca azaltdığını müəyyənləşdirib. Amma bir çoxumuzu bu narahat etməməlidir.

"İstər pilot, istərsə də sərnişin kimi sağlam şəxslərin bu hündürlükdə idraki problemləri olmamalıdır," Hinkelbein deyir.

"Sağlam olmayan yaxud qrip olan və ya əvvəldən hər hansısa problem yaşayan insanlar üçün hipoksiya idraki defisiti daha gözəçarpan hala gətirə bilər."

Hinkelbein, uçuşlar əsnasında yaranan hipoksiyanın beyinlərimizə daha yaxın olan bir halı işə saldığını söyləyir: yorğunluq.

"Hər dəfə təyyarə havaya qalxdıqdan sonra, özümü yorğun hiss edirəm və asanlıqla yuxuya gedirəm," Hinkelbein izah edir.

"Buna səbəb oksigen çatışmazlığı deyil, hipoksiyadır."