İranda ayağa qalxan Sufi Qonabadi Dərvişləri kimdir?


Digərləri 24 Fev 2018 19:22:00 278 0

İranda ayağa qalxan Sufi Qonabadi Dərvişləri kimdir?

İranın paytaxtı Tehranda bu həftə ərzində sufi təriqətinə bağlı Qonabadi Dərvişləri və təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmada 5 təhlükəsizlik əməkdaşı həlak olub.

Dərvişlərin təşkil etdiyi aksiyada baş verən münaqişədən sonra 300 nəfər sufi də saxlanıb. Hadisələr Qonabadi Dərvişlərinin bəzi nümayəndələrinin tutulmasına etiraz etməsiylə başlayıb.

Bir müddət sonra etirazçılar ilə təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib.

Liderin evi mühasirəyə alınıb

Bazar ertəsi gecəsi təşkil edilən etiraz aksiyası zamanı 3 polis əməkdaşı bir nəfərin idarə etdiyi avtobusla çevik polis əməkdaşlarının arasına girməsi nəticəsində həlak olub.

Besiç polis qüvvəsinin üzvü də başqa bir avtomobilin vurması, digəri də bıçaqlanma nəticəsində həyatını itirib.

Bəzi etirazçılar qrupun 90 yaşlı lideri Nurali Tabandenin həbs edilməsindən qorxaraq onun Tehranın şimalında yerləşən evinə polisin daxil olmasına icazə verməmək üçün evi mühasirəyə alıblar.

Qonabadi Dərvişləri ilə İran hökuməti arasındakı anlaşılmazlığın kökü isə bir xeyli əvvələ gedib çıxır.

Qonabadi Dərvişlərinin kökü XIV əsrə gedir

Nimetullah Qonabadi, XIV əsrdə yaşamış Sufi şeyxi Şah Nimetullah Velinin təlimlərinə əsasən Sufi təriqətinin bir qoludur.

Qonabadi adı isə Xorasan vilayətindəki bir yerin adıdır. Bura isə qrupun yaradıcısı olan Sultan Alişahın XIX əsrdə yaşadığı yerdir.

Şiə təriqətinin davamçısı olan qrupun bu günkü lideri isə Nurali Tabandedir. Tabande qrupun o zamankı lideri olan qardaşı oğlu qəfildən vəfat etdikdən sonra, 1997-ci ildən bu yana qrupa liderlik edir. 90 yaşlı Sufi lideri Paris Universitetində təhsil alıb.

1979-cu ildə həyata keçirilən İran İnqilabından sonra qısa bir müddətə mədəniyyət və ədalət nazirliklərinin köməkçiliyini edən Tabandenin sonradan mühafizəkar rəhbərliyə qarşı çıxan iki fərqli qrupla yaxın əlaqəsi vardır.

Liderləri həbsxanada yatıb

Tabande dövrün hakimiyyətini tənqid edən bir məktubu 90 nəfərlə bərabər imzaladığı üçün 1990-cı ildə 8 ay həbs cəzası çəkib.

1979-cu il inqilabından sonra İrandakı mühafizəkar hökumət Şiə təriqətinin hər hansı bir başqa şərhinə daha artıq anlayış göstərmir. Xüsusulə, Qonabadi sufilərinin "din alimlərinin rəhbərliyi" anlayışını rədd etməsi onlara qarşı reaksiyanın ən böyük səbəblərindən biridir.

Buna görə də Qonabadi Sufiləri sufizmi Şiə təriqətinin "şeytanı bir şərhi" kimi görən dövlətin dəstəklədiyi qruplar tərəfindən uzun müddətdir təcavüzə məruz qalır.

Mahmud Əhmədinejadın 2005-ci ildə İran prezidenti seçilməsindən sonra qrup daha artıq təzyiqlə qarşılaşmağa başladı.