Azərbaycan Voleybol Federasiyasının hesabat toplantısı keçirilib


İdman 24 Fev 2018 16:50:00 299 0

Azərbaycan Voleybol Federasiyasının hesabat toplantısı keçirilib

Bu gün Azərbaycan Voleybol Federasiyasında (AVF) 2016 - 2017-ci ilin yekunlarına həsr olunan tədbir keçirilib.

Goal.az xəbər verir ki, əvvəlcə AVF-in prezidentinin müşaviri Əbülfəs Hüseynov iki ildə görülən işlər barədə məlumat verib.

O, Cavid Qurbanov AVF-in prezidenti seçiləndən sonra inkişaf planının hazırlandığını, bir sıra tədbirlər həyata keçirildiyini bildirib: "Ötən il Azərbaycan Avropa çempionatına ev sahibliyi etdi. Yüksək səviyyədə təşkil olunan yarış dünyanın 20-dən çox ölkəsində yayımlandı. Milli komandalarımız qitə birinciliyi ilə yanaşı, IV İslam Həmrəyliyi Oyunlarında inamlı çıxış etdi. Həmçinin qadınlardan ibarət yığma komandamız bu il Yaponiyada keçiriləcək dünya çempionatına vəsiqə qazanıb".

Ə.Hüseynov ötən müddət ərzində bölgələrdə voleybol festivallarının təşkil olunduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin milli komandanın uğurlu çıxışına görə sərəncam imzaladığını deyib.

AVF-in maliyyə məsələləri üzdə vitse-prezidenti Vəsilə Abulova illik hesabatı diqqətə çatdırıb.

Daha sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanda idmanın inkişafından, idmançıların beynəlxalq yarışlardakı uğurlarındam söz açıb.

AVF-in prezidenti Cavid Qurbanov isə voleyboldakı uğurlardan danışıb və Azərbaycan xalqını prezident seçkilərində İlham Əliyevə səs verməyə səsləyib: "Hazırda voleybol yalnız paytaxtda deyil, bölgələrimizdə inkişaf edir. Qadın komandaları ilə yanaşı, kişi kollektivlərinin sayı artıb. Qalan çatışmazlıqları da aradan qaldıracağıq. Az öncə geniş hesabat verildi. Bundan sonra da görüləcək işlərimiz var. Azərbaycanda fərdi idman növləri ilə müqayisədə komanda növlərində nəticələr bir o qədər uğurlu deyil. Lakin voleybolda böyük uğurlar əldə olunub. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin və I vitse-prezident Mehriban Əliyevanın ən çox canlı izlədiyi məhz voleyboı oyunlarıdır. Onların ürəyi bizimlədir. Bəs, bizim ürəyimiz kimlədir? Cavab aydındır. Hər kəs çalışır ki, istənilən məsələdə yaxşı seçim etsin. Azərbaycanı inkişafa aparan ulu öndər Heydər Əliyevin siyasətidir. Azərbaycanı inkişafa aparan oğul isə İlham Əliyevdir. Hamı aprelin 11-də düzgün seçimini etməlidir. Düzgün seçim isə gözümüzün önündədir. Yaşasın cənab prezidentimiz".

Azərbaycan Voleybol Federasiyasının hesabat toplantısı keçirilib. Report