"Kürd Yaşar" və dəstəsi yaxalandı


Dünya 24 Fev 2018 15:50:00 210 0

"Kürd Yaşar" və dəstəsi yaxalandı

Türkiyənin Aksaray vilayətində polis soyğunçuluq, silahla yaralama, narkotik ticarəti, adam qaçırma və digər onlarla cinayətdə şübhəli bilinən "Kürd Yaşar" ləqəbli Yaşar Koçak və onun 23 nəfərlik dəstəsini zərərsizləşdirib.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat səhər saatlarında Aksarayın mərkəzi Ortaköy qəsəbəsində və kəndlərdə həyata keçirilib.

Mənbənin yazdığına görə, cinayətkar dəstə üzvlərinin müxtəlif şəxslərdən hədə-qorxu yolu ilə pul almaları, narkotik ticarəti, silahla adam yaralama və digər əməlləri ilə bağlı vilayətin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məlumat daxil olub. Şəbəkə lideri Yaşar Koçak 6 ay ərzində izlənilib. Polis təqiblər əsasında 30 şübhəlini müəyyən edib və xeyli dəlillər topladıqdan sonra əməliyyat həyata keçirib. Aksarayın mərkəzində və yaxınlıqda yerləşən kəndlərdə 28 ünvana 197 polis eyni vaxtda əməliyyat keçirib.

Basqın zamanı 23 şübhəli saxlanılıb, 7 şəxsin axtarışı isə davam etdirilir. Şübhəlilərin evlərində aparılan axtarışlardan sonra Aksaray Təhsil və Araşdırma Xəstəxanasına gətirilərək sağlamlıq yoxlamasından keçirilib, sonra isə vilayətin Təhlükəsizlik Xidmətinə təhvil veriliblər.