Bakıda Tacikistan Silahlı Qüvvələrinin yaranmasının 25ci ildönümü qeyd edilib FOTO


Digərləri 24 Fev 2018 14:05:00 286 0

Bakıda Tacikistan Silahlı Qüvvələrinin yaranmasının 25ci ildönümü qeyd edilib  FOTO

Bu gün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Tacikistan Silahlı Qüvvələrinin yaranmasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, tədbirdə çıxış edən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəis müavini, polkovnik Ruslan Məmmədov Tacikistan xalqını yubiley münasibətilə təbrik edib.

Azərbaycanla Tacikistan arasında ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirən rəis müavini qeyd edib ki, Azərbaycan və Tacikistan xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin böyük tarixi var: "Xalqlarımız arasında dostluq münasibətləri bu gün də yüksək səviyyədə davam edir. Azərbaycanla Tacikistan arasında münasibətlərin təməli 1992-ci ildə qoyulub. Ulu öndər Heydər Əliyevin yürütdüyü siyasət nəticəsində iki ölkə arasında əməkdaşlıq münasibətləri yaradılıb və bu əməkdaşlıq Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdirilir. İki ölkənin Silahlı Qüvvələri arasında da əməkdaşlıq yüksək səviyyədədir. Tacikistan ordusunun güclənməsində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin də rolu var. Bu məktəbdə hərbi təhsil alan tacikistanlı tələbələr gələcəkdə Tacikistan ordusunun inkişafına öz töhfələrini verəcəklər".

Tacikistanın Azərbaycandakı səfiri Rüstəm Soli bildirib ki, indiyədək Azərbaycan Ali Hərbi Məktəbini Tacikistanın 40 vətəndaşı bitirib. Hazırda isə 15 kursant təhsil alır: "Kursantların sayı ilə bağlı kvota artırılacaq. Bu barədə qərar artıq qəbul olunub. Tacikistanlı kursantlar Azərbaycan xalqının, Prezidentinin bu qayğısını qiymətləndirməlidirlər".

Diplomat qeyd edib ki, Azərbaycanla Tacikistan qardaş ölkələrdir: "Məhz qardaş ölkə Azərbaycan tacikistanlı kursantların pulsuz təhsili üçün unikal imkan yaratdı. Biz çox gözəl anlayırıq ki, bu, Azərbaycanın dövlət büdcəsi üçün müəyyən yükdür. Bununla belə, Azərbaycan qardaşlıq hisslərindən çıxış edərək belə bir imkan yaratdı".