Hülusi Kılıç Moldovada diplomatik missiyasını başa vurur


Dünya 24 Fev 2018 02:47:15 321 0

Hülusi Kılıç Moldovada diplomatik missiyasını başa vurur

Moldova prezidenti sabiq səfiri "Şərəf" ordeni ilə təltif edib

Türkiyənin Azərbaycandakı sabiq, Moldovada isə hazırki səfiri Hülusi Kılıç bu ölkədə diplomatik missiyasının başa vurur.

"Report"un Şərqi Avropa bürosu xəbər verir ki, bu barədə səfir özünün "Facebook" səhifəsində yazıb. 

"Dövlətimə 40 illik xidmətimdən sonra həyatımda yeni mərhələyə qədəm qoyuram. Artıq təqaüdçiyəm və həyatımda ikinci bahar başlayır. Bu vəzifəni layiqincə yerinə yetirmiş olduğum üçün çox xoşbəxtəm və qürur duyuram", - deyə diplomat qeyd edib.

H. Kılıç əlavə edib ki, Moldovanın dövlət orqanlarında bir sıra görüşlər keçirəndən sonra bu ayın sonunda ölkəni tərk edəcək.

Qeyd edək ki, Moldova prezidenti İqor Dodon iki dost ölkə və xalqlar arasında əlaqələrin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə sabiq səfirin "Şərəf" ordeni ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. Ötən gün ali mükafat prezident tərəfindən H. Kılıça təqdim edilib.

Xatırladaq ki, bu ilin yanvarın 1-də 62 yaşına qədəm qoyan səfir H. Kılıç 2016-cı ilin yayından Türkiyənin Moldovadakı diplomatik missiyasına rəhbərlik edirdi.