The Jerusalem Post: Xocalıda soyqırımı aktı - ədalət anı nə vaxt yetişəcək?


Digərləri 24 Fev 2018 01:07:09 220 0

The Jerusalem Post: Xocalıda soyqırımı aktı - ədalət anı nə vaxt yetişəcək?

Elə coğrafi adlar var ki, onlar xəritədə adi nöqtədən qat-qat artıq məna kəsb edir. Bu, qəddarlığın və qeyri-insaniliyin rəmzlərinə çevrilmiş kənd və şəhərlərin adlarıdır - Babiy Yar, Liditsa, Oradur, Xatın, Sonqmidir

Elə coğrafi adlar var ki, onlar xəritədə adi nöqtədən qat-qat artıq məna kəsb edir. Bu, qəddarlığın və qeyri-insaniliyin rəmzlərinə çevrilmiş kənd və şəhərlərin adlarıdır - Babiy Yar, Liditsa, Oradur, Xatın, Sonqmidir. Ötən əsrin 90-cı illərinin əvvəlində bu siyahıya daha bir ad – Azərbaycanın Xocalı şəhərinin adı əlavə olundu. Bu barədə beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsraildə çıxan ingilis dilli “The Jerusalem Post” qəzetində dərc edilmiş “Xocalıda soyqırımı aktı - ədalət anı nə vaxt yetişəcək” sərlövhəli məqaləsində yazıb. http://www.jpost.com/Blogs/News-from-Arye-Gut/ Məqalə müəllifi yazır ki, misli görünməmiş vəhşiliklə törədilmiş Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biri oldu. “Bu faciənin qəddar və amansız səhnələri Azərbaycanın qəlbində sağalmaz yara olaraq qalacaq. Ermənilər Xocalı şəhərini seçməklə hansı məqsədi güdürdülər? Strateji xarakterli məqsəddən başqa, onlar Xocalını qədim zamanlardan müasir dövrədək şəhərin tarixi və mədəni irsini əks etdirən məkan kimi məhv etmək istəyirdilər. Bu xüsusi mədəniyyət tarixə eramızdan əvvəl XVI əsrin Xocalı-Gədəbəy mədəniyyəti kimi daxil olub. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid qəbir abidələri - daş qutular, kurqanlar və nekropollar, habelə memarlıq abidələri - dairəvi sərdaba (1356-1357-ci illər) və məqbərə (XIV əsr) aşkar edilib. Arxeoloji qazıntılar zamanı daş, bürünc, sümükdən düzəldilmiş müxtəlif bəzək əşyaları, saxsı əşyalar və s. tapılıb. Xocalıda tapılmış muncuqlardan birində Assuriya çarı Adadnerarinin (e.ə. 807-788) adı yazılıb. Xocalının işğalı ən qədim məzarlıqlardan biri hesab edilən Xocalı qəbiristanlığının bütün mədəniyyət abidələrini məhv edib. Bu, dünya mədəniyyətinə qarşı yönələn erməni vandalizminə əyani nümunədir”, - deyə israilli ekspert qeyd edir. Arye Qut yazır ki, şəhərə hücum tanklardan, BTR-dən, “Alazan” tipli zenit toplardan, “Qrad” və “Uraqan” qurğularından, keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən iki saatlıq artilleriya atışı ilə başlanmışdı. “Xocalı üç tərəfdən blokadaya alınmış, yanğın başlanmış, bütün şəhər, demək olar, yanmışdı. Hücumun birinci saatında bir çox dinc sakin mərmi atəşindən həlak olmuşdu. Xocalıya hücumda 366-cı motoatıcı alayın hərbi qulluqçuları fəal iştirak edirdilər. Hərçənd ki, bu fakt qəti şəkildə inkar olunurdu. Komandanlığın qəti əmrinə baxmayaraq, “Krasnaya zvezda” qəzeti 1992-ci il martın 11-də 366-cı alayın hərbi əməliyyatlarda iştirakı faktını təsdiqlədi. Alayın təxliyəsi zamanı isə desantçılar seçmə üsulla bir neçə hərbi qulluqçunu yoxladılar və onlardan böyük məbləğdə pul, o cümlədən xarici valyuta aşkar etdilər”, - deyə Arye Qut qeyd edir. Məqalə müəllifi 1992-ci ilin əvvəlində 97-ci əlahiddə mühəndis bölməsində xidmət etmiş, hücumda 366-cı motoatıcı alayın əsasən milliyyətcə erməni olan hərbi qulluqçularının iştirakını təsdiqləyən Yuri Girenkonun fikirlərindən sitat gətirir. “Sual yaranır: ermənilərlə azərbaycanlılar arasında qarşıdurmanın qaynar nöqtəsində yerləşdirilmiş sovet batalyonunda nə üçün məhz əsasən ermənilər olub? Cavab gün kimi aydındır, bu əvvəlcədən planlaşdırılmış və düşünülmüşdü. Özü də nəzərə almaq lazımdır ki, batalyon yaxşı silahlanmışdı, azərbaycanlı kəndlilərdən isə hücumdan xeyli əvvəl ov tüfənginədək bütün silahları yığışdırmışdılar. Hadisələrə qayıdaq. Alaydakı ermənilər əsgərlər, habelə digər millətlərdən könüllülər toplayıb Xocalıya qanlı hücuma keçdilər. Cəmi bir gecədə Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri – Xocalı şəhəri dağıdıldı və yandırıldı. Bu faciə bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Artıq tarixi faktdır ki, erməni silahlı qüvvələri və muzdlu dəstələri şəhəri və onun ətraflarını tərk etməyə macal tapmayan xocalılardan heç birinə aman vermədilər. Xocalı sakinləri gecə saat 2-də 100-300 metr eni olan dəhlizlə şəhəri tərk etməyə cəhd edərkən avtomat və pulemyot atəşləri ilə dərhal öldürüldülər”, - deyə Arye Qut İsrailin nüfuzlu “The Jerusalem Post” ingilis dilli qəzetində yazır. “Erməni silahlı birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər qətlə yetirildi, 487 insan əlil oldu, 1275 dinc sakin, o cümlədən qocalar, uşaqlar, qadınlar əsir götürülərək görünməmiş işgəncələrə, təhqirlərə və həqarətlərə məruz qaldılar. Xocalı şəhərinin mülki əhalisinin qəsdən kütləvi şəkildə məhv edilməsinin yeganə səbəbi bu insanların azərbaycanlı olması idi. Xocalının 150 sakini şəhərin şərq hissəsində öldürüldü. Kütlə vahiməyə düşmüşdü. Yol qar və qana bulaşmış cəsədlərlə dolu idi. Qaçqınların bir hissəsi Qarqar çayını keçə bildilər. Dinc sakinlər yaxınlıqdakı dağlarda gizlənməyə çalışdılar, lakin əksəriyyəti səhərədək donub öldü. Həmin gecə donub ölmüş insanların ümumi sayını hesablamaq mümkün deyildi. Statistik hesabatlara görə, onların əksəriyyəti indi də “itkin düşmüş” hesab olunur”, - deyə israilli ekspert qeyd edir. Məqalə müəllifi yazır ki, Xocalının bütün sakinləri öldürüldükdən, girov götürüldükdən və şəhəri tərk etdikdən sonra erməni əsgərləri Xocalını cəld nəzarətə götürdülər, onların bir məqsədi də qətliamın miqyasını gizlətmək idi. “Azərbaycan helikopterləri cəsədləri götürməyə çalışırdılar, lakin onlar daim atəşə tutulurdu. Ölənlərin əksəriyyətini nəqliyyat vasitələrində, əsasən də yük maşınlarında daşıyırdılar. Lakin 150 nəfərin taleyi hələ də məlum deyil. Ermənistan tərəfindən törədilmiş Xocalı qətliamı beynəlxalq hüquqa zidd olub, Cenevrə konvensiyalarını və İnsan Haqları Haqqında Bəyannamənin (BMT-nin Baş Məclisi tərəfindən 1948-ci il dekabrın 10-da qəbul edilib) 2, 3, 5, 9 və 17-ci maddələrini pozub”, - deyə Arye Qut vurğulayır. “Ağzınadək xalça, çaynik və qazanla yüklənən əzilmiş, şinsiz maşınlar yolda uğuldayırdı, - deyə amerikalı jurnalist Tomas Qolts yazır. Maşınların tüstüsündə boğulan, döşəklərin və dəmir çarpayıların ağırlığı altında əzilən insanlar pambıq daşımaq üçün kuza qoşulmuş traktora çatmağa çalışırdılar, orda cındır geyimdə, çirk içində olan uşaqlar və vaqqıldayan ördəklər var idi. Dəstənin arxasında eşşəyə minmiş və ya qatırın yedəyindən tutmuş kişilər gəlirdi, ayaqyalın çobanlar isə hürkmüş qoyun, inək və buzovları yaxından keçən yük maşınlarının altına düşməkdən qorumağa çalışaraq onları qovurdular”. Qutun sözlərinə görə, azərbaycanlı qaçqınların öz torpaqlarından çıxması İkinci Dünya müharibəsindən bəri Avropada ən kütləvi tərketmə idi. “Odlar yurdu və onun xalqı cəhənnəm astanasında – satılmış, aldadılmış, atılmış vəziyyətdə qalmışdı... Xocalı şəhəri Azərbaycan ərazilərinin işğalının və etnik təmizlənməsinin növbəti mərhələsi idi, sarsıdıcı qəddarlıq qarşısında vahimə və qorxu yaradılması idi. Bu, təkcə bir nəslin faciəsi deyil, həm də bəşər tarixində ən dəhşətli cinayətlərdən biridir! İsrail KİV-lərinin nümayəndələri ilə birlikdə mən Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Xocalının sağ qalmış sakinləri ilə dəfələrlə görüşmüşəm. İnanın, onlar erməni vəhşiliyi və yırtıcılığı haqqında elə dəhşətli şeylər danışırdılar ki, onları yazmaq belə eyibdir. Onlar bizə işgəncələrin izlərini göstərirdilər”, - deyə Arye Qut İsrailin nüfuzlu “The Jerusalem Post” ingilis dilli qəzetində vurğulayır. Sonra müəllif oxuculara Xocalı soyqırımı şahidlərinin söylədiklərini təqdim edir. ONLAR İTTİHAM EDİR İNSAN TALELƏRİNİN ƏKS-SƏDASI XOCALI SOYQIRIMININ ŞAHİDLƏRİ Mayor Leonid Kravets, Rusiya Hərbi Hava Qüvvələrinin helikopterinin pilotu: “Mən Stepanakertdən yaralıları daşıyır və Əsgəran darvazasından keçməklə geri qayıdırdım. Qəflətən yerdə naməlum parlaq ləkələr gördüm. Helikopteri bir qədər aşağı endirdim, bu arada bortmexanik qışqırdı: “Baxın, orada qadınlar və uşaqlar var”. Mən özüm də gördüm ki, təxminən iki yüz nəfərin cəsədləri yamaca səpələnib, əllərində silah olan insanlar bu cəsədlərin arasında gəzişirdi. Sonra biz cəsədləri götürmək üçün həmin ərazinin üstündən uçurduq. Yerli milis kapitanı da bizimlə idi. O, özünün dörd yaşlı oğlunun parçalanmış başını görəndə huşunu itirdi. Ermənilər bizi atəşə tutana qədər başqa bir uşağın da meyitini götürməyə macal tapdıq. Bu uşağın başı kəsilmişdi. Ətrafda qadınların, uşaqların və qocaların eybəcər hala salınmış cəsədləri vardı. Aşkar görünürdü ki, bu adamların çoxu qaçmağa cəhd göstərərkən onlara yaxın məsafədən atəş açılıb, bəzilərinin sifətləri eybəcər hala salınmışdı”.