Berlin şəhərində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar simpozium keçirilib (FOTO)


Digərləri 23 Fev 2018 22:24:00 217 0

Berlin şəhərində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar simpozium keçirilib (FOTO)

22 fevral 2018-ci il tarixində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Berlində Almaniya Bundestaqının nəzdində fəaliyyət göstərən mötəbər “Alman Parlament Cəmiyyəti”ndə “Cənubi Qafqazda təhlükəsizlik və stabillik: Azərbaycan-Almaniya əməkdaşlığının perspektivləri” mövzusunda altıncı simpozium keçirilib

Bakı. 22 fevral 2018-ci il tarixində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Berlində Almaniya Bundestaqının nəzdində fəaliyyət göstərən mötəbər “Alman Parlament Cəmiyyəti”ndə “Cənubi Qafqazda təhlükəsizlik və stabillik: Azərbaycan-Almaniya əməkdaşlığının perspektivləri” mövzusunda altıncı simpozium keçirilmişdir. Simpozium Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin, Alman-Azərbaycan Forumunun və Alman-Atlantik Cəmiyyətinin birgə təşkilatçılığı və ARDNŞ-in Almaniya nümayəndəliyinin dəstəyi ilə keçirilmişdir. Azərbaycanın Almaniyadaki Səfirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbir iştirakçılarını salamlayan Alman-Azərbaycan Forumunun sədri Hanns-Eberhard Şleyer tədbirin 26 il öncə baş vermiş Xocalı şəhəri və onun ətrafında azərbaycanlı əhaliyə qarşı törədilmiş qətliamın qurbanlarına həsr edildiyini bildirmişdir. Şleyer öz çıxışı çərçivəsində həm də Almaniya-Azərbaycan münasibətlərinin aktual durumuna nəzər salmış və carı ilin fevralında Alman iqtisadiyyatının Şərq komitəsinin xətti ilə alman iş adamlarının Azərbaycana baş tutmuş səfərini simpozium iştirakçılarının diqqətinə çatdırmışdır. Səfir Ramin Həsənov çıxışında Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təcavüz və Xocalı soyqırımının mahiyyəti, həmçinin bu münaqişənin mümkün həlli yolları haqda simpozium iştirakçılarını məlumatlandırmışdır. Səfir ölkəmizin həyata keçirdiyi regional və qlobal əhəmiyyəti layihələr nəticəsində regional gücə çevrildiyini, məhz bu layihələrin regional inkişafa və stabilliyə böyük töhfə verdiyini, lakin Ermənistanın həyata keçirdiyi işğalçı siyasətin regionuna inkişafına böyük maneə olduğunu vurğulamışdır. Səfir Ramin Həsənov Almaniya-Azərbaycan münasibətlərinə toxunaraq, 2017-ci ilin Almaniya-Azərbaycan münasibətlərində əlamətdar hadisələrlə yadda qaldığını, diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibəti ilə ölkələrimiz arasında ən yüksək siyasi səviyyədə məktub mübadiləsinin həyata keçirildiyini, habelə Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyi ilə əlaqədar çoxsaylı tədbirlərin təşkil olunduğunu demişdir. Səfir Ramin Həsənov həmçinin Almaniya-Azərbaycan münasibətlərinin bütün sahələrdə inkişaf etdiyini və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədi ilə Almaniyanın daha aktiv olacağına ümid etdiyini bildirmişdir. Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili, Səfir Andreas Peşke öz çıxışında Xocalı faciəsinin insanların yaddaşında dərin izlər buraxdığını, bu faciənin münaqişə dövründə baş vermiş ən ağrılı hadisə olduğunu, regional əməkdaşlığın Qafqaz regionunda sülh və əmin-amanlığın bərpa olunması üçün mühüm rol oynadığını, bunun üçün münaqişə tərəfləri arasında qarşılıqlı etimadın yaradılmasının vacib olduğunu vurğulamışdır. Peşke həmçinin Almaniya-Azərbaycan münasibətlərinin bütün sahələr üzrə ardıcıl şəkildə inkişaf etdiyini, siyasi, iqtisadi, mədəni, elm və təhsil sahələrində ölkələrarası əməkşdaşlığın dinamik inkişaf etdiyini, 2017-ci ilin dekabr ayında Bakıda Goethe-İnsitutunun təntənəli açılışının olduğunu bildirmişdir. Peşke Azərbaycanın həyata keçirdiyi uğurlu layihələr nəticəsində regionun nəqliyyat dəhlizinə çevrildiyini demiş, ölkəmizi regionda Almaniyanın ən mühüm tərəfdaşı adlandırmışdır. Daha sonra tədbir panellər çərçivəsində təşkil edilən müzakirələr formasında davam etmişdir. 1-ci paneldə Azərbaycanın Ştutqart şəhərində fəxri konsulu Otto Hauzer, Azərbaycan Milli Məclisinin deputatları Rövşən Rzayev və Fuad Muradov, habelə Alman Federal palamentinin CDU/CSU fraksiyasının deputatları Mark Hauptman və Yoaxim Pfayfer iştirak etmişlər. Otto Hauzer Dağlıq Qarabağ münaqişəsinin yanlış olaraq “dondurulmuş münaqişələr” kateqoriyasına şamil edildiyini, bununla da artıq çox illərdən bəri bu münaqişənin həll olunmamış vəziyyətdə qaldığını iştirakçıların diqqətinə çatdırmışdır. Rövşən Rzayev doğulduğu Şuşa şəhərinin Ermənistan tərəfindən işğalından sonra doğma vətəninə geri qayıda bilmədiyini, Dağlıq Qarabağın Azərbaycanlı icmasının erməni icması ilə dialoqa can atmasına və çoxsaylı çağırışlar etməsinə baxmayaraq, bu çağırışların cavabsız qaldığını bildirmişdir.