"Azərbaycanın ümumislam mənafelərinə xidmət edən səylərinə hər zaman dəstək verəcəyik"


Dünya 23 Fev 2018 20:00:00 245 0

"Azərbaycanın ümumislam mənafelərinə xidmət edən səylərinə hər zaman dəstək verəcəyik"

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan İran Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkamanı qəbul edib.

Son.az Trend-ə istinadən bildirir ki, səmimi qardaşlıq şəraitində keçən görüşdə Azərbaycan və İran xalqları və dövlətləri arasında həyatın bütün sahələrində olduğu kimi dini-mənəvi sahədə əlaqələrin dərinləşməsindən məmnunluq ifadə olunub. QMİ sədri Azərbaycanın İslam dünyasının maraq və mənafelərinin qorunması istiqamətində beynəlxalq müstəvidə səylərinin dünya müsəlmanlarının hər zaman dəstək və ehtiramına səbəb olduğu barədə onu məlumatlandırıb. Azərbaycan Prezidenti İlham Əliyevin qlobal təşəbbüsləri, ümumbəşəri və İslami həmrəylik ideyalarının, Azərbaycanın I Vitse-prezidenti Mehriban xanım Əliyevanın bu yöndə səmərəli, məhsuldar fəaliyyətinin önəmi barədə danışan Şeyxülislam A. Paşazadə bütün bunları Azərbaycanın ümumislam mədəni irs xəzinəsinə töhfələri kimi dəyərləndirib. O bildirib ki, Azərbaycan İslam dünyasının ayrılmaz tərkib hissəsidir və dinimizin dəyərlərinə və ümumbəşəri multikulturalizm ideyalarına hər zaman böyük ehtiram və qayğı ilə yanaşır.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq elan olunmuş "İslam Həmrəyliyi İli"nin yekunlaşması ilə bağlı 21 dekabr 2017-ci il tarixində Bakı şəhərində "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda keçirilmiş Beynəlxalq Konfrans barədə qonağı məlumatlandıran QMİ sədri bu mötəbər tədbiri və onun ünvanına İran Prezidenti Həsən Ruhaninin təbriknaməsinin daxil olmasını Azərbaycana, onun dinlərarası dialoq prosesində və İslami əməkdaşlıq istiqamətində uğurlu səylərinə verilən dəstək olaraq səciyyələndirib.