Namiq Qaraçuxurlu: "Mirşahin mənə dedi ki, "De gəlsin"i sən bağlatdırdın"


Şou-biznes 23 Fev 2018 19:42:00 279 0

Namiq Qaraçuxurlu: "Mirşahin mənə dedi ki, "De gəlsin"i sən bağlatdırdın"

Son.az ölkə.az-a istinadla tanınmış meyxana ustası Namiq Qaraçuxurlunun müsahibəsini təqdim edir:

- Namiq niyə televiziya verilişlərinə o qədər də çıxmır? 

- Bəli, televiziyalara az-az çıxıram. Hər zaman deyirəm ki, bir dənə də məndən olsaydı, rahatlaşardım. Televiziyalarda elə verlişlər var ki mən getmək istəmirəm, amma dostlarımdır deyə məcbur gedirəm.

- Dediniz məndən biri də olsa, onu dəvət edərdilər. Oxşarınız var axı... 

- Hə. Mənim oxşarım bir nəfər deyil, çoxdur. Amma ən populyarı odur. 

- Sizin mahnılarınızı oxuyub, toylara gedir pul qazanır. Sizi narahat etmir bu?

- Bəli, mənim mahnılarımı oxuyur. Bir dəfə Nabranda istirahət yerində idim. Üzbəüz bir restoran var idi. Səhərəcən 90-cı illərdən bu yana nə qədər mahnılarım var idi hamısını oxudu, başqa bir şey oxumadı. 

- Bəs sizin kimi oxumağı bacarırdımı?

- Mən o işə qarışmaq istəmirəm. Sadəcə açığını deyim ki, mənim acığıma gəldi. Bu insan bir dəfə də demir ki, "Namiq çox sağ olsun. Ona oxşaya-oxşaya, onun mahnıları ilə çörək qazana-qazana nə isə edirəm. Əksinə mən onun bir neçə müsahibəsini görmüşəm deyib ki, "Namiq mənim haqqımda danışsa, mən onu məhkəməyə verəcəm". Bu yaxınlarda onu Şəmkir toyunda gördüm. "Dözmədi qəlbim" mahnımı oxuyurdu. Bu, danılmaz faktdır. Ondan əvvəl də Xaçmazda dostlarımızın restoranı var. Zəng etdilər ki, bütün mp3-ün hamısını oxudu. Mən belə insanlara dəstək olmağa hazıram, amma ortada səmimiyyət olmalıdır.

- Ən qəribə gördüyünüz yuxu nə olub?

- Yuxularım çox yadımda qalmır. Amma uşaq vaxtı məndə belə bir adət var idi. Gözümə hər zaman nəsə görünürdü. Ələxsus da xəstələnəndə, boğazım gələndə. Həmişə üstümə iki-üç dənə ağ nəsə qaçırdı. O anlarda çox qorxurdum. Bir dostum var, onunla eyni gündə doğulmuşuq. O deyir ki, həmin şeylər məndə indiyə qədər var. Qaranlıq olan kimi məni qara basır. Belə qəribə hadisələr həyatımda baş verib. Görmüşəm ki, kimsə içəri girib üstümə gəlir. O elə bir əhval verir ki, mən dillə başa sala bilmərəm. Çox incidir məni və qorxuram. Belə şeylər rastıma gəlir. 

"O boyda verilişi bağlatdırdım"

- "Rəvayət"lə "partlat"dınız. Ondan qabaq da sənətdə var idiz, amma o qədər də populyar deyildiniz. 2-ci rəvayət də gözlənilirdi və neçə il sonra oldu. Amma birinci kimi olmadı. Niyə görə?

- Hər bir şeyin öz dövrü var. Rəvayətin də öz dövrü var idi. İnsanlar ona inanırdı, dinləyirdi. Rəvayət buraxıldı sonra nə qədər insan rəvayət çıxardı. Uzun illər mən öz tamaşaçılarıma onu izah edirdim ki, rəvayətin dövrü deyil. Sadəcə olaraq mən onların xahişini yerinə yetirdim. Rəvayəti Heydər Əliyev sarayında mənim konsertim olan zaman oxudum. Onu ilk və son dəfə orada oxudum. Artıq bilirdim ki, uğur o qədər də olmayacaq. Sadəcə olaraq tamaşaçıların, dinləyicilərin təkidi ilə onu etdim. Amma mənim o uğurlu rəvayət dediyinizdən öncə də rəvayətim var idi. Sadəcə o da tanınmırdı.

- Bir zamanlar efirdə "De gəlsin" getdiyi vaxtda orada iştirak etməsəniz də çox keçmədən çıxartdığınız rəvayətlə tanındınız...

- Ümumiyyətlə, mən hər şeyə məntiqlə yanaşan adamam. Bu gün mən heç bir yarışmada yoxam. Mənim müəyyən düşüncələrim var, istiqamətlərim var. O vaxtki meyxana yarışmalarının birində mən iştirak edib 2-ci yer tutmuşam. 1-ci yeri Əlislam tutub. 2-ci yeri Aydın Xırdalanlı ilə mənə böldülər. Mən belə düşünürəm ki, mən yarışma mərhələsini keçdim. Artıq başqa iş görməliydim. Digər meyxanaçılarımız var ki, hardasa 5-6 dəfə yarışmaya çıxıblar. Mən onun məntiqin tuta bilmirəm. Məntiqi budur ki, televiziyada görünüm gündəmə gəlim. Bilirsiniz ki, uzun illər "De gəlsin" olmadı. Mirşahin müəllimlə bir dəfə üzbəüz gələndə dedi ki, "Hamısını bu etdi". Mən ondan nə etdiyimi soruşanda izah elədi ki, mən rəvayəti yazdırandan sonra insanların istiqaməti dəyişib. "De gəlsin"dəki abu-hava artıq dəbdə deyildi. Ona görə saxladılar ki, artıq reytinq gəlməyəcək. Belə deyək, o boyda verlişi bağlatdırdım.

- "Maşın şou"dan təklif gəlibmi sizə?

- Dəfələrlə. Hətta bir dəfə Murad inciyib. Bir dəfə efirə 2 gün qalmış Muradla heyəti məni razı salmaq istəyirdi. Gördülər ki, mümkün deyil. Murad Arifi seçdilər və həmin verlişdə o, maşını apardı. Peşman olmadım. Ölkədə ən reytinqli veriliş olmasına baxmayaraq, mən özümü orada görmürəm. 

- Sizinlə birlikdə Ələkbər Yasamallı, Aydın Xırdalanlı və başqaları mağar toylarına bir yerdə gedirdiniz. Sonra illər keçdi bir yerdə görünmədiniz. Sizin istiqamətiniz bir başqa səmtə, onların da başqa səmtə dəyişdi. Sonra o görüşmədiyiniz illərdə münasibət necə idi?

- Mənim hər zaman onlarla münasibətim yaxşı olub. Yeri gəlmişkən bir neçə gün öncə gecə saat 3-ə kimi biz Ələkbərlə bir yerdə olmuşuq. Ələkbərlə indi də tez-tez görüşürük. Sadəcə Aydının səhəti ilə bağlı problem var. Ona görə uzun zamandır onu görmürəm. İndi səhəti biraz yaxşılığa doğru gedir, amma əvvəl çox pis idi. Meyxanaçıların əksəriyyəti ilə münasibətim yaxşıdır.

- Onlardan nankorluq görməmisiniz? Söhbət Aydından gedir. 

- Mən Ələkbərin xətrin dünyalar qədər istəyirəm. Bu saat ən darıxdığım və meyxana demək istədiyim insan Aydındır. Çox arzulayıram ki, onun səhhəti düzəlsin və biz meyxana deyək. Mən Aydından bir az niyə uzaqlaşdım? Məsləhətlərə qulaq asmırdı. Elə meyxanaçı var ki, mən ona dəfələrlə kömək etmişəm. Hətta nəticə də görmüşəm. Bəlkə də ən azını Aydın üçün etmişəm. Gördüm ki, qəbul etmir davam etmədim. Amma bu gün bilirəm ki yaxşılığa doğru gedir.

"Meyxanada özümdən sonra ikinci Rəşad Dağlını görürəm" 

- Namiq Məna ilə elə bil bir az intriqanız var. Deyəsən, deyişmələrdə də 1-2 dəfə bağlamısınız. Deyişmə barədə ən çox intriqada olduğunuz Mehman Əhmədlidi, Namiq Mənadı və Elşən Xəzər. 

- Müəyyən meyxanaçılar olur ki, onlarla kəskin meyxanalar olur. Elə meyxanaçılar olub ki, onlarla bəzən prinsipial meyxana deməyimizə baxmayaraq, real həyatda münasibətimiz normal olub. Bir ara rəvayətdən sonra demək olar ki, bütün meyxanaçılarla aramızda soyuqluq yaranmışdı. Çevrəmizdə olan küsüb gedənlərə deyirdim ki, Allah sizin hamınızın yolun açsın və məndən əl çəkəcəksiniz. Əlbəttə elə oldu. "De gəlsin"lər çoxaldı, meyxanaçılar tanındı. Hamısı indi toydadılar pul qazanırlar və məndən əl çəkdilər.

- "Youtube"dəki bir meyxanaların birində Rəşad Dağlı sizin yanınızda əyləşib və yaşı azdır. Ağlınıza gələrdimi Rəşad gəlib Azərbaycanda toy bazarında oturuşmuş bir səviyyəyə çatar?

- Qəribədir ki, o vaxtlar bəlkə də yeniyetmə olduğum üçün ətrafa çox fikr verməmişəm. "Youtube"-də həmin görüntüləri görəndə təəccübləndim ki, Rəşad da orada olub. Rəşad mənə deyib ki, siz çayxanada olanda mən də gəlirdim.  Rəşadı mən "De gəlsin"-də Aqşinlə olan çıxışından yadımda saxlamışam. O zaman Rəşad sanki üslubun axtarırdı və tapdı. İndi Rəşad maşallah tanınır. Məndən soruşsalar ki, səndən sonra kimdir? Bəlkə, Rəşad məndən sonra olmağı qəbul etməz, amma onu görürəm. Mən işimi görüb bitirmişəm və zirvədə buraxmışam. Mən artıq meyxana fəaliyyətim ilə kifayətlənməliyəm. 

- Neçə ildir meyxana demirsiniz?

- Sizə bir sirr açım ki. 1 ay qabaq bir yaxın adam məndən xahiş etdi ki, toyda meyxana deyim. Vüqar Biləcərili, Orxan Lökbatanlı, mən və Ələkbər Yasamallı. 2 saatlıq meyxana dedik. Mən görürəm ki, həqiqətən istedadlı uşaqlarımız var. Məmnuniyyətlə, Vüqar Biləcərilinin adin deyə bilərəm, Orxan da çox gözəl meyxanaçıdır. Pərviz özü də. Gözəl meyxanaçılar çoxdur, amma orada çatmayan məsələlər var ki,  onların bəzilərinə də demişəm. Mən çox istərdim ki, küçədə onların afişalarını görüm. Mən onların bəzilərinə şəxsən təklif etmişəm ki, Heydər Əliyev adına sarayda konsert təşkil etməyi öz boynuma götürürəm. Bu təşkilatçılığı heç özüm üçün etmirəm. Çox çətin işdir. Mən səhnə arxasında olacam. Sadəcə sizin həvəsiniz olsun. Hamısı deyir İnşallah, amma qalır. Elə adamlar var söz vermirsən, amma bütün gün qapının ağzındadırlar. Təklif vermişəm, istəyirəm özləri can atsınlar. Səbəb nədir? Pul qazanmağa başları çox qarışıb. Mən efirdə meyxananın vəziyyəti ilə bağlı narazılığımı bildirdim. Amma bəzi meyxanaçılar meyxananın yüksək zirvədə olduğunu dedilər. Onlar düşünür ki, səhər dururam hər kəs mənimlə şəkil çəkdirir, axşam gedirəm pul qazanıram. Dərk etmirlər ki, bunu genişləndirmək lazımdır. Bu, tarixdir. Bunu araşdırmaq lazımdır. Mən rəvayəti çəkəndə həftələrlə qapılardaydım. Gözlərim dolmuşdu, ağlamaq istəyirdim. Bu gün televizoru açırsan ancaq meyxanaçılar. Bura gəlib çıxmaq var. Bu gün toyda mən meyxana görmürəm. Meyxana ancaq toy axşamlarındadır. Dostumuzun toyu ayın 10-u idi. Toyda mən varam, toy axşamında meyxanaçılar. Mənim dövrümdə toyun ən gözəl vaxtında saat 9-da müğənniləri saxlayırdılar ki, meyxana deyənlər gəldi. Və mən çıxırdım meyxana deyirdim. 

- Namiq Mənanın meyxananı "bədiyyə" sənəti adlandırırdı. Fikriniz necədir sizin?

- Mən həmişə demişəm ki, bunlar hamısı boş şeylərdir, keçib gedəcək. Bu gün də şahidsiniz getdiyinə. Bu 2 şeyə xidmət edirdi. Dəstələrin reklamına. Bir tərəfdə Namiq Məna idi, bir tərəfdə Mehman Əhmədli. Bu yalnız ona xidmət etdi ki, onlar zaman-zaman gündəmə gəldi. Əgər onun adı dəyişilməlidirsə, onda hamı yığılıb bir qərar verməlidir. Bu mənim şəxsi özümün deyil ki, durub deyim bunun adını dəyişirəm. 

- Bu sənətə gələnə qədər hansı sahələrdə çalışmısınız?

- Tikintidə fəhlə, bazarda satıcı işləmişəm. İdmanla məşğul olmuşam, orta məktəbdə xor dərnəyində mahnı oxumuşam.

- Bıçağınızın qabağı da kəsir, arxası da?

- Düşünmürəm arxası da kəsir, amma qabağı kəsir. Arxasının kəsməyi o qədər də real deyil. Necə ki, bıçağın özü də real deyil.

- Namiq gözəgörünməz kremi çəksəydi ilk edəcəyi nə olardı?

- İlk ağlıma gedə bilmədiyim, arzuladığım, uşaqlıq xatirələrim olan yerlər gəldi. Məmnuniyyətlə gedib orda 2-3 gün qalardım. Gecə o yataqda yatardım, səhər oyanardım. Məkanları deməyim, amma elə yerlər var ki, böyük məmnuniyyətlə orda bir neçə gün qalardım. 

- İndiki Namiq olaraq həmin yerlərə gedə bilməzsiniz?