Niderlandla Azərbaycan gömrük əməkdaşlığının gələcək perspektivlərini müzakirə edib


Digərləri 23 Fev 2018 19:49:18 195 0

Niderlandla Azərbaycan gömrük əməkdaşlığının gələcək perspektivlərini müzakirə edib

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Niderlandın ölkəmizdəki səfiri Onno Kervers ilə görüşüb.

Bakı. Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Niderlandın ölkəmizdəki səfiri Onno Kervers ilə görüşüb. Komitədən Trend-ə verilən məlumata görə, qonağı səmimiyyətlə salamlayan A.Əliyev Azərbaycan ilə Niderland arasında mövcud iqtisadi, siyasi, mədəni əlaqələrdən söhbət açıb, bu əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə edib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes mühiti və sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsi, tranzit potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edən DGK sədri sözügedən sahələrdə mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb. Ölkə iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verən A.Əliyev bu islahatların iş adamlarının çevik və səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaratdığını vurğulayıb və Azərbaycanda yaradılan münbit investisiya mühiti ilə əlaqədar niderlandlı iş adamlarının da ölkəmizə investisiya yatıracağına əminlik ifadə olunub. Komitə sədri vurğulayıb ki, ölkələr arasında əməkdaşlığın, о cümlədən, iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsində gömrük xidmətinin də öz yeri var və gömrük sistemi bu sahədə körpü rolunu oynayır. 2002-ci ildə gömrük sahəsində iki ölkə arasında imzalanan saziş, eləcə də gömrük xidmətlərinin səmərəli fəaliyyəti əməkdaşlığın genişlənməsinə əlavə stimul verir, tərəflərin qarşılıqlı inteqrasiyasını sürətləndirir. Eyni zamanda, Azərbaycan Gömrük Xidmətinin Ümumdünya Gömrük Təşkilatı ilə fəal əməkdaşlıq etdiyini bildirən DGK sədri Azərbaycanda ÜGT-nin üç regional strukturu - Tədris Mərkəzi, Potensialın Gücləndirilməsi üzrə Avropa Ofisi və Kinoloji Mərkəzinin yerləşdiyini, istər ÜGT-nin Tədris Mərkəzi, Potensialın Gücləndirilməsi üzrə Avropa Ofisində, istərsə də Dövlət Gömrük Komitəsinin Akademiyasında bir sıra dünya ölkələrindən, o cümlədən Niderland Krallığından ekspertlərin iştirakı ilə önəmli treninqlərin, seminarların keçirildiyini, gələcəkdə də bu ənənənin davam etdirilməsinin qarşılıqlı əməkdaşlığın inkişafına bir töhfə olacağına əminliyini ifadə edib.