Aygün Bəylərin qardaşı məhkəmədən yenə vaxt istədi


Şou-biznes 23 Fev 2018 15:53:00 289 0

Aygün Bəylərin qardaşı məhkəmədən yenə vaxt istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən əməkdar artist Aygün Bəylərin qardaşı Abbas Hümmətov, Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son söz üçün məhkəmədən yenidən vaxt istəyiblər. 

Prokuror buna etiraz edib. Bildirib ki, təqsirləndirilən şəxslər məhkəmənin gedişatını uzatmaq niyyətindədir: "Xahiş edirəm ki, gələn dəfə də belə hal yaşansa, son sözdən imtina kimi qiymətləndirəsiz".

Məhkəmə onlara sonuncu dəfə vaxt verib.

Proses martın 9-dək təxirə salınıb.

Xatırladaq ki, ötən məhkəmə proseslərində dövlət ittihamçısı çıxış edərək bildirib ki, cinayət hadisəsi 2013-cü ildə baş verib: "Həmin ildə Cinayət Məcəlləsinin müddəalarında cəza hazırkı müddəalara görə yüngül olduğundan təklif edirəm ki, həmin dövrdəki qanun tətbiq olunsun və cəzalar 15 ilə münasibətdə hesablansın".

Prokuror yenidən həmin şəxslərə cəza istəyib. O, çıxışında əməkdar artist Aygün Bəylərin qardaşı A.Hümmətovun 14 il 9 ay, F.Məmmədzadənin 15 il, R.Əsirovun 15 il, E.Alxazovun 15 il, E.Əsirovun 14 il 9 ay və C.Alxazovun isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.