İtaliya mətbuatı Xocalı soyqırımından yazıb


Digərləri 23 Fev 2018 15:29:31 199 0

İtaliya mətbuatı Xocalı soyqırımından yazıb

Məmməd Əhmədzadənin İtaliyanın “Report Difesa” analitik portalında Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar müsahibəsi yayılıb.

Bakı. Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin İtaliyanın “Report Difesa” analitik portalında Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar müsahibəsi yayılıb. Trend-in məlumatına görə, “Azərbaycan. Ədalətin bərpası üçün Xocalı soyqırımını törədənlərin mühakiməsi” sərlövhəsi ilə dərc olunmuş müsahibədə səfir italyan jurnalistin Xocalı soyqırımı, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və münaqişənin nizamlanması üçün vacib olan məqamlarla bağlı suallarını cavablandırıb. Səfir bildirib ki, Xocalı soyqırımı Ermənistan silahlı qüvvələrinin mülki azərbaycanlı əhaliyə qarşı törətdiyi qəddarlığın ən yüksək ifadəsi idi və Ermənistanın Azərbaycana qarşı təcavüzünün əsl mahiyyətini təcəssüm etdirir. Təcavüzün nəticələri Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayonunun – ümumilikdə, Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi, bu ərazilərdə yaşayan bütün azərbaycanlılara qarşı etnik təmizləmənin həyata keçirilməsi, bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından qovulması və işğal edilmiş ərazilərdə tarixi-mədəni irsin məhv edilməsidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş dəhşətli hadisəni təsəvvür etmək belə tükürpədicidir. Həmin vaxt Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ regionunda yerləşən və əhalisi tamamilə azərbaycanlılardan ibarət olan Xocalıya daxil olaraq aralarında qadınlar, uşaqlar və yaşlıların da olduğu 613 nəfəri qətlə yetiriblər. Onların tək günahı azərbaycanlı olmaq idi. Əlli altı mülki şəxs xüsusi qəddarlıq və vəhşiliklə öldürülüb. Bütün bunlar çoxsaylı müstəqil mənbələr, bu faciənin şahidləri tərəfindən sənədləşdirilib. Xocalıda baş verənlər xalqımıza qarşı əsl soyqırımı idi. Hər il bu hadisələri anırıq və beynəlxalq ictimaiyyəti 26 il bundan əvvəlki dəhşətli gecədə baş verənlər haqqında məlumatlandırırıq, lakin bununla bağlı daha çox danışmalıyıq. Bu cinayəti törədənlər beynəlxalq ictimaiyyət tərəfindən layiqli siyasi və hüquqi mühakiməyə məruz qalmalıdırlar, əks halda, cəzasız qalmış cinayətlər yeni cinayətlərə yol açırlar. Azərbaycan illərdir ki, beynəlxalq səviyyədə, həmçinin İtaliyada bu faciə ilə bağlı geniş məlumatlandırma məqsədilə “Xocalıya ədalət!” adlı beynəlxalq kampaniya aparır. İtaliyada ildönümü və ona yaxın günlərdə faciə qurbanlarının xatirəsini anmaq üçün tədbirlər, kitab təqdimatları, tamaşalar təşkil olunur, çünki Xocalı hadisələri və Ermənistan tərəfindən törədilən digər cinayətlər təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlib. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü indi də davam edir. Buna görə, bizim üçün bu faciə barədə danışılması və beynəlxalq ictimaiyyət tərəfindən ədalətin bərpası üçün qətiyyətli mövqe nümayiş etdirilməsi çox vacibdir. Bu, şübhəsiz ki, Ermənistanın hərbi təcavüzünə son qoyulması, Xocalı soyqırımı və Azərbaycan ərazilərinin işğalı zamanı Ermənistan ordusu tərəfindən törədilmiş digər cinayətlər üçün məsuliyyət daşıyanların mühakimə edilməsi baxımından çox vacibdir. Jurnalistin “Azərbaycan illərdir ki, bu münaqişəni diplomatiya yolu ilə həll etməyə çalışır. Avropa İttifaqı ilə də münasibətlər önəmlidir. Bu münasibətlərdə Dağlıq Qarabağla bağlı hansı əhəmiyyətli yeniliklər mövcuddur?” sualına cavabında səfir deyib: “Bizim üçün Avropa İttifaqının digər beynəlxalq təşkilatlar ilə birlikdə Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün öz səsini ucaltması çox vacibdir. Bu xüsusda, Avropa İttifaqının sonuncu Şərq Tərəfdaşlığı Sammitində qəbul olunmuş Birgə Bəyannamədə əksini tapmış bütün Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstəyə çağırış mühüm əhəmiyyətə malikdir. Qeyd olunan sənəd, həmçinin Avropa İttifaqının xarici siyasət və təhlükəsizliklə bağlı qlobal strategiyasına istinad edir və sənəddə təşkilata üzv olan, həmçinin Şərq qonşuları olan bütün dövlətlərin ərazi bütövlüyü onların beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində qeyd edilib. Bundan başqa, keçən il dekabrın 13-də Avropa Parlamenti vahid xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsinə dair illik hesabat qəbul edib və burada Avropanın bütün Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəklə bağlı öhdəliyi aydın şəkildə bir daha təsdiq olunub. Bu sənəd təcavüzkar separatizm və qonşuların ərazi iddialarından əziyyət çəkən bütün dövlətlər və Avropada mövcud olan bütün münaqişələr üçün vahid yanaşma, Şərq Tərəfdaşlığı ölkələri də daxil olmaqla bütün dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə dəstəklə bağlı münasibət tələb edir. Bundan əlavə, Brüsseldə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının son iclasından sonra keçirilmiş mətbuat konfransında Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bildirib ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini tam şəkildə dəstəkləyir”. Hazırda ATƏT-ə sədrlik edən İtaliyanın qeyd olunan məsələlərdə roluna dair suala cavabında səfir bildirib ki, Azərbaycan bu ilin əvvəllərindən bir neçə dəfə bu məsələyə fikir bildirərək İtaliyanın ATƏT-ə sədrliyindən gözləntilərini açıqlayıb. İtaliyanın xarici işlər naziri Ancelino Alfano da bildirib ki, ATƏT-ə sədr kimi ölkənin prioritetləri sırasında Dağlıq Qarabağ münaqişəsinin həlli də var. İtaliya bu münaqişənin nizamlanması ilə bağlı əhəmiyyətli tarixi təcrübəyə malikdir. İtaliya ATƏT-in Minsk qrupunun ilk sədri olub və o vaxtkı xarici işlər nazirinin müavini Mario Raffaelli tərəfindən Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasına dair “Təcili tədbirlər haqqında vaxt cədvəli” hazırlanıb. Lakin təəssüf ki, bu cəhdlər nəticə verməyib. İtaliyanın ATƏT-ə sədrliyinin hər şeydən əvvəl Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərimizdən çıxarılması və qəbuledilməz olan status-kvonun dəyişdirilməsi yolu ilə münaqişənin həllinə töhfə verəcəyinə ümid edirik. İtaliyalı jurnalist səfirə belə bir sualla da müraciət edib: Keçən yay hərbi əməliyyatların yenidən bərpası ilə xarakterizə olundu. Ermənistan ordusu tərəfindən minaatanlardan atəş açılması Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində yaşayan bir yaşlı qadın və bir iki yaşlı uşağın öldürülməsi ilə nəticələndi. Çoxlu italyan siyasətçiləri tərəfindən məsələ ilə bağlı Azərbaycanla həmrəy olduqlarını bildirən bəyanatlar səsləndi. Bu bəyanatlar barədə nə deyə bilərsiniz?