IMF: ABŞ-dakı şist neft hasilatı qlobal tələbi təmin edə bilməyəcək


İqtisadiyyat 23 Fev 2018 14:02:13 332 0

IMF: ABŞ-dakı şist neft hasilatı qlobal tələbi təmin edə bilməyəcək

Qlobal iqtisadi artım davam edərsə, neft qiymətləri yenidən 100 dollar/barel həddini ötə bilər

ABŞ-ın şist neft sənayesi qlobal neft tələbindəki artımı təmin etmək və bazarı sabitləşdirmək üçün kifayət qədər güclü deyil. "Report" Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına istinadən xəbər verir ki, qlobal iqtisadi artımın 4% təşkil etməsi durumunda, dünya iqtisadiyyatında illik 2 mln. barel/gün əlavə neftə ehtiyac yaranacaq. 

"Bu da təxminən 4-5 mln. barel/gün məcmu istehsal deməkdir. Lakin, hazırda fəaliyyətdə olan yataqlarda hasilatın getdikcə azaldığını nəzərə alsaq, ABŞ-da şist neft hasilatının 1 mln. barel/gün artması qlobal neft tələbini təmin edə bilməyəcək", - deyə sənəddə qeyd olunub.

Beləliklə, qlobal iqtisadi böhran ssenarisi istisna edilməklə, 2020-ci ildən sonra dünya iqtisadiyyatı neft kəsiri ilə üzləşəcək. Əgər geosiyasi risklər də diqqətə alınarsa, neft qiymətlərinin yenidən 100 dollar/bareli ötməsi çətin olmayacaq. 

Qeyd edək ki, ötən həftə Birləşmiş Ərəb Əmirliklərinin neft naziri Süheyl əl-Mazrui neft ölkələrini tükənmiş yataqlarda hasilat güclərini bərpa etməyə çağırıb. Buna səbəb kimi nazir tələbin anidən artması və ya neft çatdırılmasında yarana biləcək problemləri əsas gətirib.