Xocalı və Srebrenitsa soyqırımında hər iki valideynini itirən gənclər dünya ictimaiyyətinə müraciət ediblər


Siyasət 23 Fev 2018 11:13:55 275 0

Xocalı və Srebrenitsa soyqırımında hər iki valideynini itirən gənclər dünya ictimaiyyətinə müraciət ediblər

Görüş Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının boşnak dilinə tərcümə edilən “Böyüməyən uşaqlar” kitabının təqdimatı zamanı baş tutub

Bosniya və Herseqovinanın Sarayevo şəhərində Xocalıda hər iki valideynini itirən gənclərdən Murad Hüseynov və Səbinə Məhərrəmova Srebrenitsa soyqırımı zamanı hər iki valideynini itirən şəxslərlə görüşüb.

"Report" xəbər verir ki, görüş Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının boşnak dilinə tərcümə edilən “Böyüməyən uşaqlar” kitabının təqdimatı zamanı baş tutub.

Tədbir Azərbaycanın Bosniya- Herseqovinadakı diplomatik nümayəndəliyinin təşkilatçılığı ilə keçirilib.

Görüş zamanı gənclər uşaq yaşlarında üzləşdikləri faciəni bir daha xatırlayıblar. Sonda Xocalı və Srebrenitsa soyqırımının dəhşətlərini yaşayan və hər iki valideynini itirən gənclərin dünya ictimaiyyətinə birgə müraciəti qəbul edilib.

Muraciətdə deyilir:

“Biz çox kiçik yaşlarımızda soyqırımına məruz qaldıq. Gözümüzün önündə atalarımız, analarımız, bacılarımız, qardaşlarımız, doğmalarımız, qocalar, uşaqlar – hər kəs işgəncələrlə öldürülüb. Uşaq yaddaşımıza həkk olunan bu dəhşətlər bir an da olsun yaddan çıxmır.

Soyqırımının üstündən illər keçsə də, biz özümüzü o dəhşətlərdən ayıra bilmirik. Həyatımız o andan asılı qalıb. O gün, soyqırımı zamanı bizim uşaqlığımız güllələndi. Biz o gündən bu yana yaşaya bilmədik. Biz o gündən bu yana böyüyə bilmədik. Amma bu dünyada xoş gün görmək, ana qucağı, ata qayğısı ilə əhatə olunmaq bizim də haqqımız idi. Biz bəşəriyyətə, insanlığa qarşı törədilən soyqırımı hadisələrini lənətləyirik. Biz bu müharibələri lənətləyirik.

Biz həm Srebrenitsa soyqırımını, həm Xocalı soyqırımını törədənləri lənətləyirik. Onlar bəşəriyyətə, inşanlığa qarşı tərətdikləri soyqırımı cinayətlərinin cəzasını mütləq çəkməlidirlər.

1992-ci ilin fevralında Xocalıda, 1995-ci ilin iyulunda isə Srebrenitsada qətlə yetirilən soyqırımı qurbanlarının bu dünyada yaşamaq haqqı var idi.

Bütün dünya ölkələrini bu soyqırımı aktlarını tanımağa çağırırıq. Bu gün dünya bu soyqırımıları tanınmasa, sabah yeni soyqırımı dəhşətləri yaşanacaq. Sabah yenə uşaqlar valideynlərsiz qalacaq. Bütün dünyanı səsimizə səs verməyə, aparılan müharibələri dayandırmağa çağırırıq”.

Qeyd edək ki, “Böyüməyən uşaqlar”la bağlı layihənin məsləhətçisi Milli Məclisin deputatı Cavanşir Feyziyevdir.