Səlim Müslümov İƏT-in baş katibi ilə görüşüb (FOTO)


Digərləri 23 Fev 2018 10:12:00 248 0

Səlim Müslümov İƏT-in baş katibi ilə görüşüb (FOTO)

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) əmək nazirlərinin Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən dördüncü konfransı çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov İƏT-in baş katibi Yusif bin Əhməd əl-Useymin ilə görüşüb.

Bakı. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) əmək nazirlərinin Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən dördüncü konfransı çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov İƏT-in baş katibi Yusif bin Əhməd əl-Useymin ilə görüşüb. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə S.Müslümov sabit inkişaf tempinə malik müasir bir ölkə, multikulturalizm mərkəzi və mədəniyyətlərarası dialoqun məkanı olan Azərbaycanın eyni zamanda müsəlman dünyasının bir hissəsi kimi İslam dəyərlərinin təbliğinə və dünyada İslam həmrəyliyinin gücləndirilməsinə mühüm töhfələr verdiyini bildirib. “Azərbaycanın Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi, ötən il Bakıda yüksək səviyyədə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi də bu sahədə Azərbaycanın tarixi önəm kəsb edən növbəti əməli addımlarıdır. Həmçinin 2009-cu ildə Bakı şəhərinin, 2018-ci ildə isə Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan olunması ölkəmizin müsəlman dünyasında böyük nüfuzunu təsdiq edir”. Nazir mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən Azərbaycanın 2025-ci ildə keçiriləcək “Expo 2025” Ümumdünya Sərgisinə də ev sahibliyi etmək üçün namizədliyinin irəli sürüldüyünü və ölkəmizin namizədliyinin İƏT-ə üzv ölkələr tərəfindən də dəstəklənəcəyinə ümidvar olduğunu qeyd edib. S.Müslümov Azərbaycanın üzvü olduğu İƏT, İSESCO (İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı), həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumlarla ötən dövrdə fəal əməkdaşlıq həyata keçirdiyini vurğulayıb: “İƏT çərçivəsində Təşkilata üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrimiz əmək və sosial müdafiə sahəsini də əhatə edir. Bu əməkdaşlığın inkişafı üçün İƏT-in səylərini və səmərəli fəaliyyətini, habelə Təşkilatın fəal dəstəyi şəraitində üzv ölkələrin əmək nazirlərinin konfranslarının təşkilini yüksək dəyərləndiririk. Keçirilən əmək nazirlərinin dördüncü konfransı da qarşılıqlı maraq doğuran məsələlərin həlli işlərində əlaqələrimizin genişlənməsinə öz töhfəsini verəcək”. Nazir ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işləri, əmək və sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya sistemlərinin innovativ əsaslar üzərində təkmilləşdirilməsi üçün aparılan sistem xarakterli islahatları diqqətə çatdırıb. S.Müslümov bu sahələrdə, o cümlədən əmək bazarı, əməyin təhlükəsizliyi, əmək məhsuldarlığının və məşğulluq imkanlarının artırılması sahəsində İƏT-ə üzv ölkələrlə geniş təcrübə və bilik mübadiləsini nəzərdə tutan əməkdaşlığın genişləndirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təklifinə uyğun olaraq mənzil-qərargahı Bakıda olmaqla İƏT-in beynəlxalq statuslu və ixtisaslaşmış qurumu kimi Əmək Mərkəzinin yaradılması bu sahədə əhəmiyyətli addım olacaq. Bu Mərkəzin təsis olunması üçün ötən dövrdə İƏT-lə birgə məqsədyönlü işlər aparılıb. Həmin Mərkəz əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv dövlətlərin səylərinin birləşdirilməsinə, onların müvafiq qurumlarının və digər aidiyyəti İƏT təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsinə xidmət edəcək. Əmək şəraitinin yaxşılaşdırılması, layiqli əməyin tətbiqi, sosial tərəfdaşlığın gücləndirilməsi, məşğulluq imkanlarının genişləndirilməsi və s. kimi vacib istiqamətlərdə üzv dövlətlərin əməkdaşlığının inkişafında İƏT-in Əmək Mərkəzi mühüm rol oynayacaq”.