Orqanizmdə xromun rolu


Digərləri 23 Fev 2018 07:14:00 271 0

Orqanizmdə xromun rolu

Orqanizmin fəaliyyətində ən vacib elementlərdən biridir, onun normadan az olması şirin qidalara çox güclü istək yaradır. Buradan aydın olur ki, xrom orqanizmdə şəkər mübadiləsinin çox vacib amilidir.

Son.az bildirir ki, biologiya üzrə fəlsəfə doktoru Fuad Mahmudov AZƏRTAC-ın müxbiri ilə söhbət zamanı deyib: "Göbələk, darı, bir çox dənli bitkilər, buğda cücərtisi, yumurta sarısı, pendir və s. kimi qidaların tərkibi xrom elementi ilə zəngindir və xrom çatışmazlığını həmin qidaların qəbulu ilə ödəmək mümkündür. Dəniz məhsulları və ətin də tərkibində də həmin maddə çoxluq təşkil edir. Qida məhsulları içərisində xromla ən çox zəngin olanı pivə mayasıdır. Təəssüf ki, onun qəbulu çox vaxt allergik reaksiya verir. Ona görə də alimlər və tədqiqatçılar elə bir xrom molekulu forması yaradıblar ki, orqanizmə asanlıqla sorulur və həzm edilir. Buna xromun pikolinat və polinikotinat formalarını misal göstərmək olar. Xrom elementinin orqanizmdə gedən yağ və karbohidratların mübadilə prosesində də böyük rol oynaması insulin əmələgəlmə prosesinə təsir edir.

Lakin bir çox qida məhsullarının emalı zamanı xrom elementinin böyük hissəsi itir. Məsələn, çörək bişirmək üçün adi buğdanın ağ un halına gətirilməsi zamanı tərkibində olan xromun 80 faizə qədəri itir. Emal olunmamış şəkər xammalının istifadəyə uyğun ağ formaya salınması prosesində onun tərkibində olan xrom elementinin 90 faizdən çoxu itkiyə gedir. Emal olunmuş və tərkibi dəyişikliyə uğramış qidalardan istifadə edənlər özləri də bilmədən xrom elementindən məhrum olur, yaxud da onun qıtlığı ilə üzləşirlər. Bunun nəticəsində orqanizmin toxuma və hüceyrələrində olan şəkərin miqdarı xeyli aşağı düşür və nəticədə şəkərli diabetin yaranmasına aparıb çıxarır. Xromun normadan az olması isə qıcıqlanma, əsəbi vəziyyət, susuzluq və s. hallara səbəb olur. "