Boz dələ daha ağıllıdır, yoxsa qırmızı dələ?


Digərləri 22 Fev 2018 23:25:00 366 0

Boz dələ daha ağıllıdır, yoxsa qırmızı dələ?

Britaniya mətbuatında ölkədə yaşayan iki dələ növü və onların rəqabəti barədə yazılar tez-tez dərc olunur. Bu yazıların əksəriyyətində boz dələlərin sayca artması, qırmızı dələlərin isə getdikcə azalmasından söhbət açılır.

"The Telegraph" qəzeti isə alimlərin yeni araşdırmasına istinadən yazır ki, boz dələlərin qırmızı dələlərdən daha sürətlə artması onların daha ağıllı olması ilə əlaqələndirilə bilər.

Bu mülahizəni təsdiqləmək üçün alimlər qırmızı və boz dələlərə biri asan, digəri isə çətin olmaqla iki tapşırıq veriblər.

Sadə tapşırıq zamanı dələlər fındığı əldə etmək üçün şəffaf qapağı qaldırmalıydılar.

Hər iki növdən olan dələlər sadə tapşırığın öhdəsindən tez və asanlıqla gəliblər.

Lakin ikinci tapşırıq daha mürəkkəb idi. Bu zaman fındığı əldə etmək üçün qulp və dəstəklərdən istifadə olunmalıydı. Təcrübə göstərib ki, boz dələlər çətin tapşırığın öhdəsindən qırmızı dələlərdən daha yaxşı gəliblər.

Exeter və Edinburgh universitetlərindən olan alimlər məhz bunun əsasında belə bir nəticəyə gəliblər ki, boz dələlərin getdikcə daha geniş ərazidə yayılmasının səbəbi onların daha zirək və daha tədbirli olmasında ola bilər.

19-cu əsrdə Şimali Amerikadan gətirlmiş boz dələlər hazırda Britaniyada yerli qırmızı dələləri sayca çox geridə buraxıblar. Statistikaya görə indi ölkədə 1 qırmızı dələyə 15 boz dələ düşür.