Azərbaycanlı "qanuni oğrular"ın Rusiyadakı vardövləti


Dünya 22 Fev 2018 21:41:00 424 0

Azərbaycanlı "qanuni oğrular"ın Rusiyadakı vardövləti

Rusiya və Ukrayna DİN-ləri kriminal avtoritetləri ölkədən qovmaq istəyir

Ən varlı azərbaycanlılar (bəzi məlumatlara görə, milyarderlər) arasında "qanuni oğrular" Lotu Quli, Yusif Şamxorski, Diplomat Vaqif, Albert Rıji və Rəşad Gəncinski də var. Onların əsas gəlir mənbələri Rusiya ərazisindədir.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə məlumatları kriminal dairələrə yaxın mənbə Rusiya Daxili İşlər Nazirliyinin rəhbərliyinin bəyanatını şərh edərkən verib.

Rusiyanın hüquq-mühafizə orqanlarının qarşısına ifrat ambisiyalı vəzifə qoyulub - "qanuni oğrular"ın ölkədən çıxarılması və kriminal elementlərdən təmizlənməsi.

"Komsomolskaya pravda" qəzetinin məlumatına görə, Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev kriminal avtoritetlərin ölkədən çıxarılması barədə qərar qəbul edib. Hazırda 51 yaşlı Aslan Kobuladze və Suliko Şarikadzenin Gürcüstana yola salınmasına hazırlıq gedir. Qırğızıstana isə 43 yaşlı Kamçibek Kolbayev göndəriləcək. Bir müddət əvvəl isə Baçuka Paçuliya (Pontiyski) Rusiyadan Gürcüstana deportasiya edilib.

Rusiya DİN-i ən fəal "qanuni oğrular"ın siyahısını hazırlayıb. Onlar 432 nəfərdir. Onlardan 318 nəfəri hazırda azadlıqdadır, 114-ü həbsxanada. 31 "qanuni oğru" istintaq altında, 19-u isə axtarışdadır. Həmişə olduğu kimi, kriminal avtoritetlər arasında ilk yeri gürcülər (242) tutur. Sonrakı yerləri ruslar (51), ermənilər (30), yezdilər (26), azərbaycanlılar (16), abxazlar (10), çeçenlər (8) və yəhudilər (7) bölüşür.

Bu yaxınlarda Ukrayna Milli Polisi bildirmişdi ki, Lotu Quli adlı "qanuni oğru" Nadir Səlifovun yerli kriminal dairələr arasında artan nüfuzundan narahatdır. 25 il həbsxanada yatmış Nadir Səlifov Türkiyədə oturaraq ətrafına cinayətkar klan toplamağa başlayıb və paralel olaraq Ukrayna ərazisinə də öz təsirini yayır.

"Onun azadlığa çıxmasından dərhal sonra Ukrayna ərazisində meyvə-tərəvəz bazarında ticarətlə məşğul olan müxtəlif millətlərdən olan (erməni, ukraynalı) şəxslərin oğurlanmasına başlanılıb. Nadir Səlifov çox müasir cinayətkardır, hansı ki, pulu bitkoinlə tələb edir" - deyə Ukrayna Milli Polisi rəhbərinin birinci müavini Vyaçeslav Abroskin özünün "Facebook" səhifəsində yazmışdı.

Ukrayna milli polisinin rəhbərliyi bəyan edib ki, ölkə ərazisində mütəşəkkil cinayətkar qruplaşmaların mövcudluğuna və kriminogen situasiyanın gərginləşməsinə imkan verməyəcəklər. Kriminal situasiyaya təsir göstərən şəxsləri polis Ukrayna sərhədlərindən çıxaracaq.